“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib.
Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı haqqında Əsasnamə və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilib.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı haqqında Əsasnaməyə əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif ediləcəklər:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
Azərbaycanın dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.