Dünyada hər bir xalqın öz coğrafiyasına, məişətinə, milli mədəniyyətinə uyğun fərqli yemək çeşidləri var. Olur ki, bəzən qonşu xalqlar belə, biri-birinin fərqli mətbəx nümunələrini tam qəbul edə bilmirlər. Elə tısbağa ətindən hazırlanan yeməklər də o sıraya aiddir. Məsələn, heç bir müsəlman ölkəsində tısbağa ətindən qida kimi istifadə olunmur.
Lakin, ta qədim zamanlardan müxtəlif mədəniyyətlərdə tısbağa ətindən bişirilən və istehlak edilən yeməklər olmuşdur. Qədim Romada, Yunanıstanda və Çində tısbağa ətindən müxtəlif yeməklərin hazırlanması haqda tarixi mənbələrdə məlumatlar var. Tısbağa əti nadir və bahalı olduğuna görə ondan əsasən varlı və imtiyazlı təbəqə üçün yeməklər hazırlanıb.
XVIII əsrdə tısbağa şorbası Avropada, xüsusilə də İngiltərədə böyük populyarlıq qazanıb. Kral saraylarında və aristokratik dairələrdə bu zərif yemək ləzzətlə yeyilir, zənginlik və incəlik rəmzi sayılırdı. Amerikada isə tısbağa şorbası müstəmləkə dövründə geniş yayılmışdı və təntənəli ziyafətlərin, xüsusi günlərin əvəzolunmaz yeməyinə çevrilmişdi. Bu şorba o dövrdə ən vacib qidalardan biri hesab olunurdu.
Tısbağa şorbasının hazırlanması üçün müxtəlif tısbağa növlərindən istifadə edilsə də ən çox "yaşıl tısbağa" növünə üstünlük verilir. Yaşıl tısbağalar hazırda ən çox Atlantik okeanında yaşayırlar və nəsli kəsilmə təhlükəsi altında olduğu üçün qorunmaqdadır. Elə buna görə tısbağa supu hazırlamaq və satmaq bir çox ölkədə qadağandır.
Tısbağa supunun hazırlanmasında tısbağa ətindən əlavə müxtəlif tərəvəzlər, ədviyyatlar və otlardan da istifadə olunur. Tısbağa supu, müxtəlif mətbəxlərdə müxtəlif cür hazırlanır və fərqli təqdim edilir. Məsələn, Çində tısbağa supuna göbələk və bambuk tumurcuqları əlavə edilir. Karib dənizində isə tısbağa supu kokos südü və ananasla hazırlanır.
Tısbağa supu, dadı və qida dəyəri ilə yanaşı, müalicəvi xüsusiyyətlərə də malikdir. Bəzi mədəniyyətlərdə tısbağa ətinin insana qeyri-adi güc verdiyinə və müxtəlif xəstəliklərin qarşısını aldığına dair inanclar da mövcuddur.