Bu gün Lent.az tez bişən, həm Türkiyə mətbəxində, həm də Azərbaycanda sevilən ləziz lahmacun reseptini sizə təqdim edir.
Qeyd edək ki, təamı "Chef Baku by Künefe" restoranının aşpazı Şöhrət usta hazırlayıb.
Lazım olan ərzaqlar:
250 qr un;
1,5 su stəkanı su;
1 çay qaşığı quru maya;
1 çay qaşığı duz.
İçlik üçün:
200 gr qiymə;
1 ədəd iri pomidor;
1 ədəd böyük soğan;
2 ədəd yaşıl bibər;
Yarım dəstə cəfəri;
3 diş sarımsaq;
1 çay qaşığı yarım tomat.
Hazırlanma qaydası:
İçliyi hazırlamaq üçün yaşıl bibər, pomidor, soğan və sarımsağı rəndədən keçirin. Cəfərini də doğrayıb tomatla birgə qiymənin üzərinə əlavə edərək yoğurun.
Lahmacun xəmiri üçün unu ələkdən keçirib bir qaba tökün. Maya, duz və ilıq su əlavə edərək yoğurun. Xəmiri 15-20 dəqiqə gözlədəndən sonra kündələrə bölün. Kündələri oxlov ilə çox incə şəkildə açın. Yuxa formasındakı xəmirin üzərinə ovuc içi böyüklükdə içlikdən götürüb bərabər şəkildə yayın. Sobanı 200 dərəcədə isidin, tavanı istilədib lahmacunu içinə qoyun. Tavadakı lahmacunun altı yüngül qızarana qədər bişirin. Kənarları yüngül qızaranda çıxarın və ikiyə qatlayın. Lahmacunu isti-isti servis edin.
Nuş olsun!