Müsahibəyə xeyli əvvəl razılıq versə də, işlərinin çoxluğundan müsahibə ləngiyirdi. Nəhayət, imkan edib Azərbaycan Yazıçılar Birliyində görüşdük.
...Kabineti kitabxananı xatırladır. İş masasının üstü, ətrafı qalaq-qalaq kitablarla doludur. Hələ şkafdakıları demirəm. Elə otağa gəlib-gedənlər də az deyil. Çoxu da gənc. Rəşad müəllim onları dinləyir, məsləhətlərini verir. Ən əsası, əliboş qaytarmır. Ən azı bir qucaq kitabla yola salır. Sonuncunun da gedişini fürsət bilib söhbətimizə başlayırıq.
Deyir ki, elə bu gün AYB-ə gələrkən yolda sinif yoldaşı ilə qarşılaşıb. Coşqunla. Ağdamın o vaxtkı “Şəfəq” futbol komandasında oynayırmış.
- Ağdamda “İmarət” adlı stadionumuz vardı. “Şəfəq” məşhur komanda idi. Tez-tez oyunlarına gedib baxardıq. Coşqunu gördüm, uşaqlıq - məktəb illərimi xatırladım.
Birinci sinfə 1971-ci ildə gedib. Sədrəddin Bayramov adına Ağdam şəhər 1 saylı orta məktəbə. Səkkizinci sinfə qədər orada oxuyub. Son iki ili Bakıda fizika-riyaziyyat təmayüllü 1 nömrəli məktəbdə təhsil alıb. “Fizika-riyaziyyat təmayüllü məktəb” deyincə, əminəm siz də təəccüb elədiniz. “Ədəbiyyat hara, riyaziyyat hara?” dediniz. Elə mən də dedim.
- Riyaziyyatı yaxşı bilirdim. Ona görə məni Bakıya göndərdilər. Amma iş elə gətirdi ki, Fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyanda ədəbiyyata, şeirə həvəsim daha da artdı və məktəbi bitirəndən sonra jurnalistika fakültəsinə daxil oldum.
-1971-ci il, sentyabrın 1-i yaddaşınızda necə qalıb?
- Ağdamda dörd mərtəbəli binanın ikinci mərtəbəsində olurduq. Orada da qonşum, uşaqlıqdan mənimlə bir böyüdüyümüz Vaqif vardı. Onunla bir sinfə getdik. Məktəb evimizə yaxın idi. Binayla arasında yüz metr olardı. İlk müəllimim Fəridə müəllimə olub. Hörmətlə, ehtiramla xatırlayıram onu. Hündür boylu, yaraşıqlı, zabitəli qadınıydı. Üç il dərs dedi bizə. İbtidai sinfi bitirəndə hətta ona bir bənd şeir yazmışdım. Minnətdarlıq olaraq. İlk şeirim idi. İndi yaşayırsa, 70-75 yaşı olar. Uzun illərdi görmürəm onu. Ağdam işğal olandan sonra heç xəbərim olmadı...
- Sevdiyiniz fənn riyaziyyat olub. Bəs sevmədikləriniz?
- Kimya, fizika mənlik deyildi. Həndəsə də yox, cəbri yaxşı bilirdim. Cəbrdən misal-məsələ həll edərkən, özümü suda balıq kimi hiss edirdim. Məktəbi bitirəndən sonra da qonşu uşaqların misal-məsələlərini həll edərdim. Bir-iki il bundan əvvəl idi. Qardaşımın qızının məsələsi vardı. Yaman çətin idi. Onu həll eləməyə bir saat baş “sındırdım”. Düzdü, sonda dedilər ki, indi bu metodla həll olunmur. Amma cavab düz idi. Riyaziyyat nə qədər təkminləşsə də, mən köhnə metodla həll edə bilirəm.
Zəhmli olmalarına baxmayaraq, Rəşad Məcidin çox sevdiyi müəllimləri varmış.
- Ağdamda Ənvər müəllim vardı. Bizə dərs deməsə də, məktəbin tədris-hissə müdiri idi. Hökmlü adam idi. Sonra ədəbiyyat müəlliməsi Tahirə xanım, riyaziyyat müəllimi Solmaz xanım vardı. Bakıdakı məktəbdə Əziz müəllim yadımda qalıb. Riyaziyyat müəllimiydi. Dərsin ortasında şeir deyərdi.
- Məktəbi dəyişəndə qəribçilik hiss etmədiniz? Fərqli mühit, yad məktəb, yeni uşaqlar...
-Təsəvvür edin ki, rayonda daim valideynlərinin yanında böyümüş uşaq səkkizinci sinfi bitirib gəlir Bakıya. Ömrümün on ilinin bir ilini Ağdam – Bakı qatarında gecələmişəm. Beşinci gün axşam otururdum qatara, gedirdim Ağdama. Bazar günü axşam da o yandan bəri qayıdırdım. Gənc olanda əlbəttə ki, dostlarımdan, ailəmdən ötrü darıxırdım. Zamanla Bakıda da dostlar qazandım. Üstündən otuz beş il keçməsinə baxmayaraq, indi də dostuq, yoldaşıq, görüşürük.
- Yataqxanada qalırdınız?
- Cəmi bir-iki gün. İndi də uşaqlar yığışanda danışırlar ki, Rəşad yataqxanada bizim başımıza nə oyunlar açırdı! Mən dayımgildə qalırdım. Məktəbə də yaxın idi evləri. Sonra fikirləşdilər ki, bəlkə mən də yataqxanada qalım. Amma alışa bilmədim. Sakit uşaq olsam da, çərçivələri xoşlamamışam. Yataqxana da mənə çərçivə kimi gəlirdi. İş rejimi, heç nəyi dəyişə bilməzsən... Elə bil qatar relsi ilə gedirsən. Kənara çıxa bilməzsən. Mənə cansıxıcı gəldi. On birin yarısında mütləq yatmalısan, yeddinin yarısı durmalısan filan... Buna alışa bilmədim deyə, bir-iki gün sonra qayıtdım dayımgilə.
Bakıdakı məktəblə bağlı xatirələrini danışır...
- Qəşəng məktəb idi. İndiki Bakı Dövlət Universitetinə yaxınıydı. Yadımdadır ki, dərslər uzun çəkirdi. Tənəffüsdə dostlarla çıxıb məktəbin yanındakı mağazadan kolbasa-çörək alırdıq. Sonra başladım kitab almağa. Doqquzuncu sinifdə oxuyanda dərsdən qaçıb indiki “Space” telekanalının yerindəki “Cəfər Cabbarlı” adına kinoteatra gedərdik.
- Hind kinosu?
-O da vardı. Amma başqa filmlərə də baxırdıq. O vaxt hind filmləri də məşhur idi. Hətta bir şeirimdə də qeyd etmişəm: “Əllinci illərin dəb kinoları...”. İndi də bəzi hind filmlərinə baxanda nostalji duyğular oyadır.
- Dərsdən qaçardız?
- Ağdamda elə də yox. Çalışırdım müəllim tənbehindən uzaq olam. Bakıda oxuyanda, hərdən qaçardım. Sonuncu dərs maraqsız olanda, dərsdən bezəndə. Mütəmadi olmayıb. Dərslərimi yaxşı oxuduğum üçün müəllimlər də hörmətimi saxlayardı.
Elə bir şagird ola bilməz ki, məktəb illəriylə bağlı xatirələri olmasın. Rəşad Məcid onlardan birini Lent.az oxucularıyla bölüşür.
- Səhv eləmirəmsə, səkkizdə oxuyurdum. Ağdamda bağın içində Gəncə çörəyi satırdılar. Adına “Kamilin dükanı” deyirdik. Dükanın qabağında növbə olurdu. Biz o növbəni gözləyəndə vaxt öldürmək kibrit qapaqlarından bir oyun vardı, onu oynayırdıq. Bir də gördük polis gəldi. O biri oğlan qaçdı, polis məni tutub apardı. Sən demə, qonaq evindən kimsə bizə baxırmış, fikirləşib ki, orada qumar oynayırıq. Apardılar məni polisə. Orada tənbeh edəndən sonra, məktəbə məktub yazdılar: “Ağdam şəhər 1 saylı orta məktəbin səkkiz “b” sinif şagirdi Məcidov Rəşad Müseyib oğlu qumar oynayan yerdə polis leytenantı tərəfindən yaxalanmışdır”. Məktəbdə hamı buna təəccüblənmişdi. Ağdamda pambıq olurdu. Birinci rübün iki ayını hamını pambığa göndərirdilər. Həm bu hadisəyə görə, həm də pambığa görə, iki ay Laçında oxudum. Orada da yaxşı dostlar qazandım. Şahin Sinariya indi Parisdə yaşayır, Vaqif Məmmədov Çexiyada “Azadlıq” radiosunun müxbiridir. Ağdamda dərs oxuyan və oxumayan uşaqlar vardı. Amma Laçında uşaqlar həm dəcəllik edirdilər, həm bazara alverə gedirdilər, həm də dərslərini yaxşı oxuyurdular. Ağdam Laçına nisbətən sivilizasiyalı yer olsa da, bizdə qadınlar nadir halda kinoya gedərdilər. Laçın ucqar dağ rayonu olmasına baxmayaraq, orada qadınlarla kişilər bir yerdə kinoya baxırdılar. O cəhətdən inkişaf eləmişdi.
- Məktəb illərində eşq-məhəbbət?
- Məktəb illərində əlbəttə ki, hər kəsin platonik sevgisi olub. Məni də olub. Bundan nə utanıram, nə gizlədirəm. Yəqin ki, beşdə, ya altıda oxuyardım, bizlə paralel digər sinifdə bir qız vardı. Ona vurulmuşdum. Özümdən eşq, həsrət, hicran, əzablar uydurmuşdum. Amma qıza heç yaxınlaşmamışdım da. Uzaqdan görmüşdüm. Bu proses bir neçə il çəkdi. Hətta yadıma gəlir, Bakıda oxuyanda belə onun xəyalı ilə yaşayırdım. Ancaq bu qədər.
- Şeir yazmışdınız ona?
- Yox, yazmamışdım. Müəlliməmdən sonra altıncı sinifdə dağlara, yazın gəlişinə şeir həsr etmişdim. Doqquzda, onda oxuyanda sevgiyə aid şeirlərim olub, amma bir qadına ünvanlanmayıb. Ümumi olub. Sonrakı illərdə, hə, ünvanlı şeirlərim çox olub.
- Necə şagird olmusunuz? Özünüzü necə xarakterizə edərdiniz?
- Aşağı siniflərdə sakit, ağıllı, sözəbaxan olmuşam. Sonrakı illərdə müəyyən bir dövr oldu ki, bir az dəyişdim. Bayaq dediyim dörd mərtəbəli binadan “hamam” məhəlləsi deyilən yerə köçdük. Orada qəliz, ipə-sapa yatmayan uşaqların məhəlləsinə. Onlara qoşulandan sonra həyətdə göyərçin, it, balıq saxlayırdım.
Uşaqlıq dostu, ilk parta yoldaşı, sinif yoldaşı Vaqiflə hələ də dostluq etdiyini deyir. Son zəngini isə yaxşı xatırlamır. Bəlkə də o səbəbdəndir ki, siniflərində uşaqların çoxu oğlan olub. İki qızdan savayı.
- Tək bizim sinifdə deyildi, digər siniflərdə də cəmisi 2-3 qız olardı. Bir qızı bəlkə əlli oğlan sevirdi (gülür).
- Sizcə müəllimə hədiyyə vermək düzgündür, ya yox?
- Ən böyük problemim müəllimə hədiyyə vermək olub. Evdəkilər 8 martda müəllimə hədiyyə göndərirdilər. Mən onu utanırdım, verməyə. Tər basırdı məni, xəcalət çəkirdim. Çünki müəllimə hədiyyə verməyi rüşvət kimi başa düşürdüm. Bir dəfə gecikdirmişdim, verməmişdim utandığımdan. Sonra anam müəllimə dedi ki, bəs Rəşad utanıb sizə 8 mart hədiyyəsini gətirməyib. Müəllim də demişdi ki, niyə gətirməyib? De gətirsin, utanmasın. Uzun müddət bu mənə çətin oldu. Sonrakı illərdə alışdım.
Sonda isə ənənəvi sualı cavablayır.
- Bizim vaxtımızda da səkkizinci sinfi bitirəndə adını belə yazmağı bacarmayan uşaqlar vardı. İki-üç nəfər olardı. Bu gün bu problem daha çoxdur. Xüsusən də kənd yerlərində. Rayon yerlərində yuxarı siniflərdə qızların əksəriyyətini məktəbə göndərmirlər. Bu da kütləvi savadsızlığa gətirib çıxarır. Hətta sovetin düşmənləri belə sovet təhsil sisteminin üstünlüyünü qəbul edir. Sovet təhsili insanı hərtərəfli yetişdirən təhsil sistemi idi. O mənada indiki təhsillə sovet təhsili müqayisəyə belə gəlməz. Fərd halında Azərbaycanın istedadlı uşaqları çoxdur. İndi bacarıqlı, savadlı adam üçün imkanlar çoxdur. Çalışqan, zəhmətkeş insan mütləq uğur qazanacaq. AYB-də gənclərlə iş üzrə katibəm. Yanıma çox gənc gəlir. Onlardan çox narazıyam. Əksəriyyəti kitab oxumur. Mənim yanıma gələnlər, elə adamlardır ki, onlar mütləq bədii ədəbiyyat oxumalıdırlar. Çünki şeir, hekayə yazmağa, yaxud jurnalist olmağa iddialıdırlar. Jurnalist oxumaq istəyən adam qəzet məqaləsi oxumur. Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsindən Azərbaycanda çıxan qəzet adı soruşuram, bilmirlər. Belə şeylər görəndə hirslənirəm, qəzəblənirəm. İddialı, bilik bazası olan gənclərə çox hörmətim var və onlara daim dəstək oluram, kömək edirəm, yazılarını çap edirəm, irəli çəkirəm. Amma hansılar ki, sözümü eşitmirlər, oxumurlar, bilirəm ki, uğur qazana bilməyəcəklər.