“Ana ətəyindən yapışan uşaq olmamışam. Çoxuşaqlı ailəyik. Özümdən böyük bacı-qardaşım artıq məktəbə gedirdilər. Ona görə də məktəb mənim üçün adiləşmişdi. Evimizə də çox yaxın idi. Hər gün məktəbə gedib-gələn uşaqları görürdüm. Həm də arda bacım-qardaşım yanlarına salıb, arada məktəbə də aparırdılar. Bir növ məktəbə öyrəşmişdim. Sadəcə dərs prosesini qavraya bilmirdim. Oyun kimi gəlirdi. Məktəbə gedəndən sonra da bir müddət bu oyunu davam etdirdim. Ona görə də birinci sinfim çox rahat keçdi. Məktəb illərində dərslərim sarıdan heç çətinlik çəkmədim”.
Lent.az-ın “Məktəb illəri” layihəsinin bugünkü qonağı APA İnformasiya Agentliyinin redaktoru Gülşən Hacıyevadır. Dekabrın 25-i doğum günüdür. Birinci sinfə 1980-ci ildə Zəngilan rayonunun Qıraq Müşlan kənd orta məktəbinə gedib.
İlk dərs gününü belə xatırlayır:
- Böyük qardaş-bacım məktəbdə artıq yaxşı mənada ad çıxarmışdılar. Buna görə də mənim çiyinlərimdə artıq məsuliyyət vardı. Yaxşı oxumalıydım. Məni görəndə “sən filankəsin bacısısan?”, deyirdilər və arxayın olurdular ki, mən də qardaş-bacım kimi olacağam. Ümumiyyətlə, oxumaq heç vaxt mənim üçün çətin olmayıb. Mənim üçün dünyada ən asan şey oxumaqdı. İlk müəllimim Nəriman müəllim olub. Uzun, arıq kişi idi. Çox tez-tez yeriyirdi. Onun 1 addımı bizim 4-5 addımımıza bərabər idi. Bəzən o gedəndə düşürdük dalınca ki, görən kimsə ona çata bilər? Ən yaxşı halda, onunla aramızda 50 metr məsafə olardı (gülür). O vaxtlar biz elə bilirdik müəllim yemək yemir, ayaqyoluna getmir, müəllimin şəxsi problemləri olmur. Nəriman müəllim bizi çox istəyərdi. Heç kimi də döyməzdi. Mənimlə çox mülayim idi. Amma pis oxuyan uşaqlara qarşı çox zəhmliydi. Bir baxışı yetərdi, uşaqlar ondan çox çəkinərdi. Mənim üçün ideal müəllim o olub. Dərsi uşaqlara o qədər həvəslə, o qədər sevgiylə öyrədirdi ki... Atamı çox erkən yaşlarımda itirmişəm. Fikirləşirdim ki, atam sağ olsaydı, yəqin belə olardı. Bəlkə də ona görə ona elə çox sevmişdim. Ondan bir acı söz eşitmək istəmirdim. Bizə dərs keçəndə 50 yaşı olardı. Artıq rəhmətə gedib.
- İlk parta yoldaşınız kim olub?
- Qonşumuz Səbinə. Məndən bir yaş balacaydı. Məktəbə gec başlamışam. İlin axırıncı ayının axırıncı günlərində doğulduğumdan bir neçə ayım çatmadı deyə bir il gec getdim. 11 il bir partada oturduq. Məktəbdə ən yaxın rəfiqəm də Səbinəydi. İndi də əlaqələrimiz var. Bir-birimizin telefon nömrəsini bilirik. Xüsusi gün təyin edib görüşmürük, ancaq xeyirdə-şərdə.
Məcburi köçkün düşmələri sinif yoldaşları ilə də aralarında uçurum yaradıb...
- Bu gün sizə məktəb illərimdən təqdim edə biləcəyim maddi sübutum yoxdu - şəklim, dəftərim, gündəliyim. Hamısı Zəngilanda qaldı. Orta məktəb və uşaqlıq illərim sadəcə xatirəmdə qalıb. Zaman-zaman da onları bəzilərini unuduram. Sinif yoldaşlarımın adını, simalarını. Küçədə qarşılaşanda tanımadıqların olur. Zəngilandan çıxandan sonra sinif yoldaşlarımızla əlaqə kəsildi. Sonra Türkiyədə ali məktəbə qəbul oldum, uzun müddət ölkədə olmadım. Qayıdıb gələndə hərə bir rayonda məcburi köçkün düşərgəsində yaşayırdı. Pərən-pərən düşmüşdük. Uzun illərdən sonra xeyirdə-şərdə qarşılaşmağa başladıq. Baxıram, çox uzaqlaşmışıq. Ortaq danışa biləcəyimiz tək şey Zəngilan və orta məktəbimizdir. Ondan sonrakı həyatımız çox fərqlidir.
- Yeniyetməlik dövrünüz müharibə illərinə düşüb. Sinif yoldaşlarınızdan müharibədə iştirak edəni oldu?
- (Köks ötürür) İltifat. Çox yaxşı oğlan idi. Qızlarla onun münasibəti çox fərqli idi. Ona “bacımız” deyirdik. Güvən yerimiz idi. Hansı qızın işi çətinə düşsə, kimsə onu narahat etsə, qaçırdı İltifatın yanına. Bakıda imtahanlara hazırlaşırdım, xəbər gəldi ki, İltifat şəhid olub.
- Gülşən necə şagird olub?
- Nadinc deməyim, hiperaktiv olmuşam. Hələ də var, canımdan çıxmayıb (gülür). Davamlı otura, sakit dayana bilmirəm. İndi adını hiperaktiv qoyublar, o vaxt “civə” deyirdilər. Arıq, cılız kənd uşağı idim. Heç kimin çıxa bilmədiyi ağacların başında gəzirdim. Harasa dırmaşmaq lazım olanda qonum-qonşu məni çağırırdı. Halbuki özlərinin də mənimlə yaşıd oğlu-qızı vardı. Bununla belə, çox yaxşı oxuyurdum. Müəllimə çox diqqətlə qulaq asırdım. Dərsdən qaçanda direktor bütün sinfi yığıb danlayanda mənə deyirdi “sən də?!” Dərsdən qaçmaya bilməzdim. Sinifdə 27 nəfər vardı, 26-sı qaçıb, biri oturanda alınmır. Bir dəfə hərbi hazırlıq dərsindən qaçmışdıq. 11-də oxuyurduq. Yeni müəllim gəlmişdi, ilk ili idi. Bizdən 3-4 yaş böyük olardı. Ciddi yanaşmırdıq. Oğlanlarımız təxminən onun boydaydı. Sinfimizdə Mina adlı qız vardı. “Qatı komsomol”, deyirdik. Bacısının vəzifəsi vardı, ona görə hər şeydən qorxurdu ki, bacına söz gələr. Bir tək o qaçmamışdı. Müəllim sinfə girib ki, hamı qaçıb, o oturub. Deyib, sən niyə qalmısan? Satqınsan? Sonra sinfimiz o müəllimlə çox yaxşı dost oldu.
- Belə hiperaktiv uşaq heç döyülüb?
- Müəllim tərəfindən döyüldüyüm xatırlamıram. Olmayıb. Üçüncü sinifdə oxuyanda bir qızla mübahisəmiz düşdü - Məsudə. Yadıma gəlmir, nəyin üstündə dalaşmışdıq. Yadıma gəlir ki, çox pis dalaşmışdıq. Bir-birimizin saçını-filan yolmuşduq (gülür).
- Döyüldüz, yoxsa döydüz?
- Döydüm.
Gülürük.
- Çox cılız idim. Uşaqlar məni asanlıqla döyə biləcəyini düşünürdülər. Amma elə olmurdu. O qədər cəld idim ki... İndi də gücüm yoxdu. Sadəcə cəldliyimlə özümü xilas edirdim.
Məktəb illərindən ən kədərli xatirəsini danışır.
- 11-də oxuyurduq. 20 yanvar hadisələri olan gün qardaş-bacım Bakıda idi. Bizə xəbər gəldi ki, onlar da güllənib öldürülüb. Telefon rabitəsi yox, televizordan heç nə öyrənə bilmirik. Evdə ruh kimi gəzirdik. Məktəbə getmək istəmirdik. Anam məcbur göndərirdi. Hadisənin ertəsi günü məktəbdə etiraz əlaməti olaraq komsomol biletlərimizi də cırmışdıq. Bircə həmin o Minadan başqa. Ayın 23-ü olardı, hələ də Bakıdan xəbər ala bilmirdik. Bizimkilər sağdımı? Ölüblərsə, niyə meyitləri yoxdu ortada? Mən də başıma qara bağlayıb məktəbə getmişdim. Direktorumuz Miri müəllim məni çağırdı ki, sən niyə başına qara bağlayıb gəzirsən? Mən də ağladım. Dedi, nolub? Danışdım...
Dedi, ölüblər, cəhənnəmə ölsünlər! Onların nə işi vardı rus ordusunun qabağında?! Sovet hökumətinə qarşı çıxmaq olmaz! Həmin an onu vurub öldürmək istədim. Bir neçə gün sonra xəbər gəldi ki, sağdılar. Sovetlər dağılandan sonra Miri müəllim ən böyük “demokrat” olmuşdu. Hələ də sağdı...
Və bir şey daha xatırlayır:
- Ədəbiyyat müəllimimiz vardı. Əli müəllim. Həddindən artıq əsəbi idi. Əsəbiləşəndə qıc olurdu. 11-də oxuyurduq. Girdi bizim sinfə. Uşaqlar çox hirsləndirdi, ürəyi tutdu. Təcili tibbi yardım çağırdılar. Adam getdi, öldü. Ondan sonra sinfimizin adı “başyeyən” qalmışdı. Bu sözü zarafatla deyirdilər, amma zarafat da kiminsə faciəsinin üstündə yaranıb.
- İlk qazancı məktəb illərində olub.
- Sentyabrda dərs başlayandan 15 gün sonra bizi üzüm yığımına aparırdılar. Ağır iş mənlik deyil. 1 hektarda 10 cərgə var. Bizi bölürdülər, hərəyə bir cərgə verirdilər. 100 metr uzunluğunda. Axıra qədər üzümü yığıb qurtarmalısan. Çox tənbəl idim. Üzümü yığ, vedrəni daşı maşına... mənlik deyildi. Çox vaxt uşaqlara yalvarırdım ki, kömək etsinlər. Deyirdim, sən mənim üzümümü yığ, əvəzində yemək verim. Demək olar, üzüm yığmamışam. Bəzən yeşik düzəldirdik. Bax, onu çox gözəl düzəldirdim. Oğlanlardan da yaxşı. Balaca, nazik mismarlar və taxtalar vardı, balaca da çəkic. Mismarı elə vurmaq lazım idi ki, taxtalar parçalanmasın. Və buna görə də bizə çox cüzi pul da verirdilər. İlk qazancım 7 manat olub. O vaxt 7 manat kifayət qədər böyük məbləğ idi. Onda böyük qardaşım əsgərlikdə idi. İlk qazancımı ona göndərmişdim.
- Məktəb illərində sevgi-məhəbbət?
- Mənim sevdiyim olmayıb. Cəsarətli adamam, olsa, deyərdim.
- Bəs sizi sevən?
- O qədər... İlk sevgi məktubunu alanda 6-da oxuyurdum. 11-də oxuyan oğlan yazmışdı. Oxudum, güldüm ki, bu dəlidi, nədi?!
Son zəng...
- Çox ağlamışdıq. Kollektiv şəkil də çəkdirmişdik. İndiyə kimi də yadıma gəlir. Məktəbin önündə düzülmüşdük. Bir dənə buraxılış sinfi vardı deyə daha rahat manevr imkanlarımız vardı. Onu xatırlayıram ki, həmin gün çox ağlamışdım. Məsuliyyət hiss vardı. Bayaq da dedim, dünyanın ən asan işi oxumaqdı. Oxuyub bitirənə sonra onu düşünürdüm: Sonra nə olacaq? İndiyə qədər hədəfimiz ən yaxşı oxumaq idi. Səkkizinci sinfi fərqlənmə ilə bitirmişdim. Qızıl medal almayım deyə inşamda bir səhvimə görə mənə beşdə dörd verdilər. Sinfimizdə müəllim uşağı vardı. Qızıl medalı ona vermək istəyirdilər. Elə oldu ki, heç ona da verilmədi. Qorxurdular ki, problem yaradaram. Mənim bütün qiymətlərim “5” ola-ola ona qızıl medal verə bilməzdilər axı?! Onun “4”ü də vardı. Sonda heç birimiz almadıq. Beləcə 11 illiyi bitirdik. Universitetə qəbul imtahanlarında iki il dalbadal konkursa saldılar, texnikuma düşdüm. Hamı deyirdi, nə istəyirsən? Gül kimi texnikuma qəbul omusan, get, oxu! Anamın üstünə də çox düşürdülər. Sağ olsun, məcbur etmədi, bütün o basqılara baxmayaraq, mənə təzyiq etmədi. Ya ali təhsil alacaqdım, ya oxumayacaqdım. Zəngilanda beləydi, uşağı oxumayan ailəyə yaxşı baxmırdılar. Ali məktəb həvəsi bizdə çox idi.
Onu da deyim ki, özümü şanssız nəslin nümayəndələrindən sayıram - uşaqlığımız sovet rejiminin dağılması, müharibə illərinə təsadüf etdi, gəncliyimizi “keçid dövrü” bitirdi, orta yaşdan sonra da qlobal maliyyə və terror böhranında “boğuluruq”. Qorxuram, qocalığımızda III Dünya Savaşı başlasın...
İndiki təhsil sisteminə münasibəti...
- Hər iki oğlum məktəbə gedir. 7-8-ci sinifdə də keçdiyim dərsləri 4-cü sinifdə oxuyan oğlum keçir. Olduqca lazımsız materiallar var ki, uşağın beynini yükləyirlər. Əsas fənlər var: ana dili, riyaziyyat, həyat bilgisi, ingilis dili və texnologiya; bu fənlərdən uşağın yüklənməsinin o qədər də əleyhinə deyiləm. Təbii ki, uşaq daha çox oxumaq istəyirsə...
Musiqi, Bədən tərbiyəsi adıyla başqa bir fənn keçmək, Təsviri incəsənət dərsinə uşağa şəkil çəkdirməkdənsə, onun nəzəriyyəsini öyrətmək nəyə lazımdı? Elə terminlər var, uşaq qalsın, mənim dilim dönmür deməyə. Musiqi kitabına baxanda düşünürəm ki, uşağım konservatoriyada oxuyur?! Məsələn, 60-70-ci illərdə yaşamış hansısa uşaq bəstəkarının həyat və yaradıcılığını əzbərlətdirirlər. Üstəgəl, onun əsərlərinin hansı cəldlikdə, hansı tempdə olmasını soruşurlar. Mənim uşağım Ağabacı Rzayevanı tanısa nolar, tanımasa nolar? Tanımasın! Hər ikisinin də musiqiyə marağı yoxdu. Mahnı oxumağı sevmirlər. Uşaq məktəbdən gəlir, yeməyini yeyir, bir saat dincəlir və başlayır dərslərini hazırlamağa. Bir də axşam 7-də qalxır stuldan. Özümü uşağın yerinə qoyuram. Görəsən, o vaxt dərs proqramın belə ağır olsaydı, öhdəsindən gələ bilərdimmi? Məncə, yox.
Son söz
- Məktəbə də gec getdim, sonra iki il universitetə qəbul ola bilmədim. Konkursa düşdüm. O vaxt universitetə pulsuz və adamsız qəbul olmaq çox çətin idi. Üçüncü il həm Azərbaycanda, həm də Türkiyədə imtahan verdim. Şansıma hər iksinə də qəbul oldum. Təbii, Türkiyəni seçdim. Bu gecikmələrlə əlaqədar iş həyatıma başlamağımda da gecikmə oldu. Sonra gec ailə həyatı qurdum, gec valideyn oldum. Həyata bir az gec qalmış kimiyəm. Bundan narazıyammı? Yox, qətiyyən. Keçmişlə yaşamaq lazım deyil. Bu, mənim həyatımdı. Belə olmalıydı deyə, belə oldu. Gec ana olmağın bir avantajı var ki, uşaqlarınla daha məntiqli danışırsan. Oğullarımla yaxşı dialoq qurmuşam. Məni anlayırlar. Övladlarıma deyirəm, mən Türkiyədə təhsil almışamsa, siz Avropa, ya Amerikanın ən yaxşı universitetində oxumalısınız. Və bunu siz özünüz bacarmalısınız. Mənim maddi gücümə yox. O qədər yaxşı oxumalısınız ki, o şansı əldə edəsiniz.
P.S. Lent.az kollektivi olaraq keçmiş redaktorumuz və həmişəlik dostumuz Gülşən xanımı sabahkı doğum günü münasibətilə təbrik edirik!