Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı yazıçı İsmayıl Şıxlının oğlu, “Zerkalo” qəzetinin təsisçisi Elçin Şıxlıdır.
Məktəbə 1964-cü ildə gedib. Bakıdakı 190 saylı məktəbə.
- Mən bağçaya getməmişdim. Ailəmdən, yaxınlarımdan uzun müddət aralı qalmağa öyrəşməmişdim. Amma ağlamadım. Özümü ələ ala bildim, toxtadım. Sinifdə nə az, nə çox, düz 56 nəfər idik. Beşinci sinfə qədər də belə qaldıq. Məktəbi bitirəndə isə 32 nəfər qalmışdıq. Deyə bilmərəm ki, xoşbəxt anlar keçirirdim. Məktəb mənim üçün yeni bir şey idi. Amma dəhşətli də deyildi. Yaxınıydı evimizə. Bir həftə sonra özüm gedib gəlirdim. Köhnə Cəbiyev küçəsində, yazıçıların həyətində qalırdıq. Afaq Məsudla paralel siniflərdə oxuyurduq. Mən 1“B” sinfindəydim, o, “V”də. Afaq üç qardaşın tək bacısı idi. Çox qoçaq qız idi. Anam ona tapşırardı məni: “Afaq, sən gedirsən, bunu da apar”. Bir-birimizə qoşulub gedirdik.
- Sentyabrın birində gülünüz özünüzdən böyük idi yəqin...
- Yox. O vaxt elə şeylər yoxuydu. Rüblük nədi, ilin sonunda ibtidai sinif müəlliməmizə çiçək vermək böyük əziyyət idi. Götürmürdülər.
- İbtidai sinif müəlliminiz kimiydi?
- Mahmudova Hökumə xanım. Allah rəhmət eləsin, bu yaxınlarda rəhmətə getdi. Ən güclü ibtidai sinif müəllimlərimdən biri idi. Ümumiyyətlə, məktəbə yazılmağımız maraqlı tarixçəsi var. Atam pedaqoq ailəsindən çıxmışdı, özü də pedaqoq idi. Deyirdi ki, əgər mən uşağa əlifbanı özüm öyrədəcəmsə, onda mən onu məktəbə verməyəcəm. Və mənə heç nə öyrətməmişdi. Eksperimental bir sinif vardı. 1”A” sinfi. Onlar üçüncü sinifdən beşinci sinfə keçəcək, məktəbin proqramını dörd ilə yox, üç ilə öyrənəcəkdilər. O sinfə də məşhur müəllimə vardı, o dərs keçəcəkdi. Adı yadıma gəlmir artıq. O, sinfə ancaq hazırlıqlı uşaqları qəbul edirdi. Və atam məni məktəbə yazdırmağa gətirən də, “Əşşi, bu heç nəyi bilmir” deyib götürmədi. Mənə nağıl çox oxuyardılar. O zaman keçəl haqqında bir nağıl vardı. Nağıldakı qoşmanı əzbərləmişdim. Atam şeir bilmir desə də, mən sevincək “bilirəm” dedim. Qoşmanı deyəndə, həmin bu Hökmə müəllimə də otaqda idi. Gəldi məni qucaqladı. “Siz götürmüsünüzsə, mən bu uşağı götürürəm!”, dedi.
-56 şagird. Hökmə müəllimə öhdəsindən gələ bilirdi?
- Vallah, əlli altımızın da öhdəsindən gəlirdi. Vurmaq demək olar ki, yoxuydu. Uzaq başı, düz yazmayanda əlimizin üstündən xətkeşlə vurardı. Qışqırmamaq mümkün deyildi. Küncə qoyardı. Üzü divara. Bir dəfə yanımda oturan qızın mənə görə qiymətini salmışdı müəllimə. Mən bilirdim ki, günah əslində məndədi. Yazı yazmadığımız vaxtlarda, əlimizi belimizin arxasına qoyardıq. O zaman doluxsunmuş halda qalxdım dəftərimi apardım verdim müəlliməyə. “Rənaya qiyməti düz verməmisiniz. Mənim qiymətin “dörd” olasıydı, onunku beş”, deyib getdim küncə. Sonra gəldi qucaqladı məni ki, bunu mən təyin edirəm, sən yox. Nəysə, otuzdurdu məni yerimə.
Və Hökumə müəlliməylə bağlı daha bir xatirəsini danışır.
- 95-96-cı illər olardı. Redaksiyanın bir layihəsi vardı. Broşür hazırlamışdıq. Uşaq əlifbası. İlk dəfə latın əlifbasına keçilən zaman məktəblərə pulsuz paylayardıq. Şəkilli, xırda şeirlərlə. Gəldim öz məktəbimizə. Sona Tağıyeva idi direktorumuz. Elə bizim vaxtımızdan. Məktəb yaranan gündən son on ilə qədər. Çox yaşlı olsa da, görən kimi dərhal məni tanıdı. Hökumə müəllimə həmin ili birincilərə dərs deyirdi. Dərsin arasında Sona xanımla içəri girdik. Əvvəl tanımadı, diqqətlə baxdı-baxdı. Direktor dedi, niyə elə baxırsan, ay Hökumə? Sənin Elçinindi də. Qucaqlaşdıq, görüşdük.
Bir qədər pauzadan sonra sözünə davam edir.
- O vaxt həm insanlar təmiz idilər, həm də savadlı. Köhnə kağız-kuğuzları araşdıranda məktəb vaxtının xatirə dəftərini tapdım. Təsəvvür edin ki, ədəbiyyatdan güclü olmayan şagirdlər belə Azərbaycan dilində elə səlis, ədəbi yazıblar ki, indiki bəzi jurnalistlərdən və ədəbiyyatçılardan yaxşı. Çünki, bizdə o zaman çox güclü məktəb vardı. Birincisi, hüsnxətt dərsi vardı. Xəttimiz pis idisə, qiymətimiz düşürdü. Bir ay düzgün qələm tutmağı öyrədirdilər. Mürəkkəblə yazardıq. Puşkinin lələyindən yox, amma ucu dəmir perolu qələmlə. İndiki ucu “şarikli” qələmlərdən istifadə etmək qadağan idi. Daha sonralar “avtoruçka”lar çıxdı. Yenə mürəkkəblə işləyən. Çox bahalıları da vardı. Perosu qızıldan olan, “zolotoe pero”. İndi bizim üçün əhəmiyyətsiz gələn şeylərə, o vaxt əhəmiyyət verilərdi. O, bünövrə idi. İndi 3 yaşında uşaq kompüterdə məndən daha çevik hərəkət edir. Vurma cədvəlini əzbərləyərdik. Yuxarı sinifdə kalkulyator çıxsa da, istifadə etməyə qoymurdular. Beynimizi işlədərdik. Bəlkə də öz telefon nömrəmi soruşsanız, əzbərə deyə bilməyəcəm. İndi nömrələri telefonun yaddaşına yazırıq. O vaxt hər şey beyinə yazılırdı. 200-300 nömrəni əzbərdən deyə bilərdik.
- İlk parta yoldaşınız yadınıza gəlir?
-Bir müddət Hüseynov Baloğlan. Sonra bizi oğlan-qız otuzdurdular. Onda Rənayla.
- Müəllimə hədiyyə necə, verirdiniz?
- Təzə kabinet açılanda maksimum bir dibçək. Bir də bayramda güc - bəlayla büllur vaz. Bütün sinif yığılıb alardıq. 20-25 manatlıq. İndiki pulla havayı. Heç kim heç nə tələb eləməzdi. Heç kimin ağlına da gəlməzdi şagirddən nəsə tələb eləmək.
- Sevmədiyiniz fənlər vardı?
- Rəsmxətt. Mən ümumiyyətlə, bir düz xətti də çəkə bilmirdim. O dərslər mənim üçün biyar idi. Düzdü, qiymətim əla idi. Anam, xalalarım kömək edirdi. Dayım rəssam idi. Əvəzimə çəkirdi.
Rəsm onluq olmasa da, sən demə gözəl səsi varmış. Məktəb xorunda oxuyurmuş.
- Beşinci sinifdən sonra oxumadım. Bir dəfə müəllim məni dirijor kimi xorun qarşısına çıxartdı.
“Dirijorluq edərkən belə bir hərəkət edirdim”, deyib əliylə yanlara tərəf yarımçevrə çəkib yuxarıda birləşdirdi. Sonra aşağıya doğru xətt çəkir.
- Sonra məktəbdə hamı məni görəndə əliylə bunu göstərirdi. “Dirijor gəldi”, deyə məni lağa qoyurdular. Ondan sonra musiqinin daşını atdım.
Və digər müəllimlərindən danışır.
- Tarix dərsindən Turyan müəllimimiz vardı. Tarix üzrə metodist idi. Botanikadan Məleykə xanım. On il ərzində iki dəfə zoologiya fənnindən fəxri fərman almışdım. Zoologiyanı əla bilirdim. Bioloq olmaq istəyirdim. Amma orda kimya vardı. Onu da yaxşı bilmirdim. Dəqiq elmləri yuxarı sinfə qədər yaxşı oxumuşam. Sonra zəiflədim. Kimyadan Sona xanım dərs deyirdi. Təxminən bir rüb rəhmətlik Heydər Əliyevin bacısı Şəfiqə xanım dərs demişdi. Ədəbiyyat müəllimimiz vardı. Sosialist Əməyi qQhrəmanı Zərbəli Səmədov. Yaşlı kişi idi. 132-də hətta dayıma belə dərs demişdi. Yetmişdən çox yaşı vardı. Ədəbiyyat məndə təbii idi. Doqquzuncu sinifdə Zərbəli müəllim təzə gəlmişdi. Onun dərsində necə deyərlər, milçək uçsa vızıltısı eşidilərdi. Məni ilk dəfə sinifdən qovan da o olub. Doqquzuncu sinifdə oxuyurduq. İnşa yazırdıq. O zaman tələb vardı ki, inşa altı səhifədən az olmamalıdır. Məndə heç vaxt problem olmayıb ədəbiyyatla. Ailəmizdə qiraət etmək birinci yerdəydi. İnşamı yazmışdım. Məğzindən razıydı. Amma bir sualı vardı: “Filan cümlədə vergül olar, ya olmaz?” Sözün doğrusu, duruxub qaldım. Yerdən uşaqlar da biri deyir, “de, olar”, biri deyir “olmaz”. Dedim, bilmirəm. Kişi özündən çıxdı: “Bilməzsən, alarsan iki!”. Nəysə, qovdu məni sinifdən. Sonra uşaqlar mənə dedilər, dalımca deyib ki, “şair oğlusan, gəl çıx boynuma!”. Bir vergülə görə... Heç bilmədim də, düz yazmışdım, ya səhv. Hər halda düz yazsaydım, sual verməzdi mənə. 2/2 yazdı mənə. Mən belə qənaətdəydim ki, düzgün eləməmişdi mənə qarşı. Bir həftə, on gün onun dərsinə getmədim. Sonradan öyrəndim, qara qızın dərdini. O, istəyirmiş ki, atam ona ağız açsın, məni tapşırsın. Süleyman Rüstəmin yaradıcılıq gecəsində atam Zərbəli müəllimlə görüşüb. Atam, baş verənlərdən xəbərsiz, ona deyir ki, bizim uşaq da sizin sinifdədi. Ümidvaram ki, siz ona yaxşı dərs deyəcəksiniz. Onda atama deyir, uşaq nəsə gəlmir dərsimə. Atama danışdım məsələni. Dedi, eybi yoxdu, ağsaqqal adamdı. Get, üzr istə.
Balaca Elçin atasının dediyi kimi, dərsə gedib Zərbəli müəllimdən üzr istəyir. Bundan sonra onların arasında ədavət yox olub, yavaş-yavaş dostluq yaranır. Amma yenə də yazıdan kimsəyə beş vermir.
- Mirzə Fətəli Axundovun “Hacı Qara”sını keçəndə Hacı Qara obrazını təhlil eləmək üçün antik ədəbiyyatdan Plaftın “Xəzinə”sini oxudum, Molyerin “Xəsis”ini və Balzakın “Yevgeni Qrand”, “Qobzel”ini. 45 dəqiqənin təxminən 40 dəqiqəsini danışdım. Kişi belə baxdı, dedi, hə, deyəsən, yavaş-yavaş düzəlmək istəyirsən. Əyləş, dörd. Zərbəli müəllim heç kimə inşa yazısından 5/5 vermədi. Dedi, məzmundan beş verə bilərəm, amma qrammatikadan beşə heç mən özüm də bilmirəm.
- Atanızdan söz düşmüşkən, “Dəli Kür” filmində kiçik də olsa, sizin rolunuz var. Təklif kimdən gəlmişdi?
- Dördüncü sinifdə oxuyurdum. Pavilyonda çəkiliş gedirdi. Atam çəkilişlərə gedəndə mən də ona qoşuldum. Kütləvi səhnə çəkilirdi. İçəri keçəndə filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə məni gördü. Dedi, bu uşağı qrimləyin və gətirin mənim yanıma. Mollaxana səhnəsiydi. Mənə dedi ki, indi hay-küy düşəcək. Sən də o irəlidəki divardakı rəfin içinə qaçıb tullanarsan, “əqrəb, əqrəb!”, deyə qışqırarsan. Mən də dediyi kimi elədim.
- Kino demişkən. Kinoyla aranız necədi?
- O qədər dərsdən qaçıb baxmışıq ki...
- Hind kinosuna?
- Yoo, hind kinolarına heç vaxt getməmişəm. Biz gedəndə fransız filmlərinə baxırdıq.
- Cəzalanmısınız heç?
-Evə zəng eləməsinlər deyə, telefonu sındırırdım (gülür).
Bizlə məktəb illərindən ən yadda qalan xatirəsini bölüşür. Son zənglə bağlı.
- Azərbaycanlılarda bir mərəz var: ikitirəlik. Onuncu sinfi bitirən il biz oğlanlar mehriban olsaq da, qızlara görə biz də bölünmüşdük. Və “Son zəng”ə də iki ayrı qrupla getmişdik. Məktəbdə rəsmi hissə oldu, attestatlar paylandı, sonra şəhərə çıxdıq. Elə oldu ki, bulvarda üz-üzə gəldik. Yarım dəqiqə bir-birimizə baxdıq. Kinli - kinli. Birdən birə hamı qucaqlaşdı. Barışdıq. Buraxılış gecəsini də bir keçirdik. Məktəbdə icazə vermirdilər deyə, onların acığına özümüz restoran tutduq.
Son zəng və yekun...
- Məktəbi bitirəndə isə on fəndən imtahan verdik. Rus bölmələri doqquz. Bizdə rus dili də vardı deyə on oldu. Rus dili də mənim ən yaxşı bildiyim dil idi. Dayəm rus olub. Matilda xanım. Altı aylığımdan, məktəbə gedənə qədər. Atamla, anam işlədiyindən gündüzlər mənə dayə baxıb. Həmişə mənə rus şifahi xalq ədəbiyyatından, yaradıcılığından, Puşkindən kitablar oxuyardı. İndiki dayələrdən deyildi. Çox savadlı qadın idi. Sonradan universitetdə oxuyanda da rus bölməsinə keçdim.
Lətif Qəndilov. Çindəki səfirimiz. Bakıxanovlar nəslindən Tələt Bakıxanovun oğlu Yaşar Bakıxanov, yazıçı Rauf İsmayılovun qızı. Maraqlı sinif yoldaşları olub. Elə məktəb illəri də. Məktəb illərindəki dostlarını soruşuruq. Üç dostu olub. Biri rəhmətə gedib. Digəri Lətif Qəndilovdur. Uzaqda yaşadığından gec-gec görüşürlər. Hər dəfə Bakıya gələndə. O biri dostu isə xaricə köçüb. Hüquq müdafiəçisi Ələkbər Məmmədov.
Sonuncu sualımı verirəm. 50 il əvvəlki və bugünkü təhsil arasındakı fərq. Cavabı maraqlı olur. “Yerlə göy qədər”, deyir.
- Məktəblər indi biabırçı haldadı. Uşaqlara tərbiyə verməkdənsə, əksinə pozur. Sovet vaxtında 3 ilə yaxın Təhsil Nazirliyində işləmişəm. Kollegiya katibi, nazirin köməkçisi. O vaxt təhsilə cavabdeh üç nazirlik vardı: Ali Təhsil Nazirliyi, Peşə Məktəbləri Dövlət Komitəsi və Maarif Nazirliyi. İndi bu nazirlikləri birləşdirib bir nazirlik ediblər – Təhsil Nazirliyi. İndi orta məktəblərin öhdəsindən gəlmək mümkün deyil. Peşə təhsilini məhv eləmişik. Uşaqlarım məktəbdə oxuyanda idman dərsində oynamaq üçün bədən tərbiyəsi müəlliminə pul verirdilər. Böyük oğlum ədəbiyyatdan yaxşı bilirdi. Hansı bir müəllimə buna rüblükdə dörd yazıb və sinifdə deyib: “Qurban olasan babana. O olmasaydı sənə heç iki də yazmazdım”. Uşaq da qalxıb deyib ki, müəllim, istəyirsən mənə sıfır yaz, amma babamın adını bir də dilinə gətirsən sənin başına itin oyununu açaram. Deyib və sinifdən çıxıb gedib. Mən bunu biləndə məktəbdən çıxartdım. Adını başqa məktəbə yazdırdım və ayrıca müəllimlər tutdum. Universiteti bitirdi. O da bir təhsil vermədi. Övladlarımın nə biliyi vardısa, ayrıca repititorların və ailəmizin hesabınadır. Həftədə üç dəfə idmana gedirdilər, alman dili, ispan dili, ingilis dili və o biri fənlərindən hazırlaşırdılar.