1970-ci ildə məktəbə gedib. Tovuzun Bozalqanlı kənd orta məktəbinə. 10 il sonra həmin məktəbi qızıl medalla bitirib. 75-ci ildə dərslərinin yaxşı oxuduğuna görə sovet dövrünün məşhur “Artek” lagerinə göndərilib. 77, 78, 79-cu illərdə kimya, riyaziyyat və fizika fənlərindən respublika üzrə olimpiadanın qalibi olub. 10-cu sinifdə oxuyanda Lomonosov adına Moskva Dövlət Universitetinin qiyabi riyaziyyat məktəbini bitirib. Müsahibimiz “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyevdir. Girişdən də bəlli olduğu kimi, bu gün məktəb illərindən danışacağıq.
- Ailədə 5 uşaq olmuşuq. Dördümüz məktəbi qızıl və gümüş medalla bitirmişik. Valideynlərim həkim olub. Ziyalı ailəsində böyüdüyümüz üçün elmə, savada üstünlük verilib. Atamın bizə qoyduğu tələblər vardı: yaxşı oxumaq, xarici dil bilmək, hansısa musiqi alətində ifa etməyi bacarmaq və idman. Dəcəl və dalaşqan uşaq olsam da, dərslərimi əla qiymətlərlə oxumuşam. İlk dəfə məktəbə anamla getmişəm. Çantama da xeyli yemək qoymuşdu. Dedilər, məktəb hələ hazır deyil, bir həftə sonra açılacaq. Soruşdum, bəs yeməyi nə edim? Dedilər, apar evə. Gətirdim evə. Evdə dedilər, bu yemək sənin payındı, yeməlisən (gülür). Bir həftə sonra təkrar məktəbə getdik. Birinci sinif müəllimim İsmayıl müəllim bizi sinfə apardı, partalarda əyləşdirdi. Birinci partada oturdum. Ümumiyyətlə, həmişə ön sıralarda oturmuşam. Onuncunu bitirəndə üçüncü partada otururdum. Süleymanov İlqarla. İlqarla münasibətim indi də var.
“Məktəb illəri” deyəndə birinci yadına müəllimlərinin gəldiyini deyir.
- Mədəd Qasımov, Məhər Quliyev, Məhəbbət müəllim, Müslüm müəllim, məktəbin direktoru Şəmsəd müəllim, əmim Vahid Nağiyev. Mariya İvanovna İvanova vardı. Rus dili keçirdi. Bizim formalaşmağımızda onun müstəsna rolu olub. Onda xüsusi xarizma, alicənablıq, aristokratlıq vardı. Rusiyada təhsil alanda Mariya İvanovnaya çox minnətdar oldum. Əgər o bizə rus dilini öyrətməsəydi, bizə orda oxumaq çətin olardı. Ümumiyyətlə, bütün müəllimlərimə minnətdaram. Onların həyatımdakı rolu danılmazdı. Məktəbimiz rayonda sayılıb-seçilən məktəblərdən idi. Kimya təmayüllü sinifdə oxumuşam. Məktəbimizdə Lomonosov adına Moskva Dövlət Universitetinin eksperimental mini laboratoriyasını düzəltmişdilər. Olimpiadalara gedəndə hər hansı bir sınaq şüşəsi, lakmus kağızı mənimçün yenilik deyildi. Ondan bizim laboratoriyada vardı. Çox zəhmətkeş müəllimlərim olub. Müəllimlikdən əlavə, kənd təsərrüfatı ilə də məşğul olurdular. Biz onları özümüzə örnək götürürdük. Məktəbin verdiyi bilik universitetin, həyat dərsinin verdiyi savaddan üstündür. Məktəb nə veribsə, ömrümüzün axırına qədər elə də gedir.
Nadinc olduğu qədər də savadlı şagird olan Arzu Nağıyev məktəb illərindən bir xatirəsini danışır.
- Səkkiz, ya doqquzda oxuyardıq. Məktəbə qara barıt gətirmişdik. Guya eksperiment edirdim, onu elə yandırdım ki, sifətim yandı. Məktəbdə böyük qalmaqal oldu. Barıtı məktəbə kim gətirib? Hamını bir-bir sorğu-sual elədilər. Məlum oldu ki, hərənin az da olsa, günahı var. Yarısını mən gətirmişdim, yarısını bir başqası. Bizi qorxutdular ki, məhz buna görə gələn heç bir əlaçı şagirdə qızıl medal verməyəcəklər. Zamanla bizim bu nadincliyimiz də unudulub getdi.
- Məktəb illərində dəcəl olduğunuzu deyirsiniz. Döyülmüsünüz?
- Döyülmüşük deyəndə, vurulmuşam, bəli. Müəllim də vurub, şagirdlərlə də dalaşmışam. Valideynlərimizi müəllimlər yaxşı tanıyır deyə, dərsdən də çox qaçmamışıq. Qaçıb hara gedəcəkdik?! Bunun sonrakı fəsadları çox ağır olurdu. Həm müəllimlər tərəfindən, həm də valideynlər. Uzaqbaşı, bir-iki dəfə qaçıb hardasa xəlvət siqaret çəkmişik.
Xüsusi sevdiyi müəllim olmayıb. Yuxarıda adlarını sadaladığı hər bir müəllim onun üçün əziz, doğma olub.
- Yağış, qar, fərqi yoxdu. Müəllim qarşıdan gələndə başımızdan papağımızı çıxardardıq. Uzaqdan müəllim görəndə, dayanıb gözləyərdik ki, yanımızdan ötüb keçsin, sonra gedirdik. Dünən 53 yaşım olsa da, günü bu gün də müəllimlərimdən kimisə görəndə dayanıram, ehtiramla görüşürəm. Və hər dəfə onlara öz minnətdarlığımı bildirirəm.
Deyir, məktəb illərində sevgi-məhəbbət kiminsə kiməsə sevgi məktubu yazmağından ibarət olub.
- Təbii ki, kiminsə ürəyində, qəlbində nəsə olub.
- Sizin ürəyinizdə kim olub?
-(Gülür) Ad çəkmək istəmirəm. Yuxarı siniflərdəydi. O insan özü də bilib ki, mənim ona qarşı hisslərim tam başqa olub. Bunu uşaq əyləncəsi kimi qiymətləndirirəm.
Məktəb illərindəki dostlarını sadalayır.
- Vidadi Hüseynovla həm sinif yoldaşı olmuşuq, həm də qonşu. Müseyibov Vaqiflə yaxşı dostluğumuz olub. Sonra Süleymanov İlqar. Nəsimi Tovuzluyla indi tez-tez yazışırıq. Tək biz yox. Valideynlərimiz də bir-biri ilə dostluq edirdi. O vaxt beləydi. Kimin anası evdə yoxuydusa, dostumuzgilə gedib yemək də yeyərdik, dərslərimizi də oxuyardıq.
- Məktəb yolları necəydi?
- Məktəbimizlə evin arasında təqribən 1 kilometr yol vardı. Hamı çalışırdı ki, o məktəbin yolu təmiz olsun. Çünki hamının balası o yolla məktəbə gedirdi. Yolumuzun üstündən Gəncə-Tiflis magistralı keçirdi. Hətta yad adam bizi görəndə əlimizdən tutub o yolu keçirirdi. O vaxtın insanları beləydi. Məsələn, bizim həyətdə çoxlu qızılgül olardı. Son zəng vaxtı atam darvazanı açıq qoyardı ki, məktəbə gedən uşaqlar müəllimlərinə gül dərsinlər. Tək atam yox, hamı belə olub.
- Müəllimə hədiyyə verməyə necədi münasibətiniz?
- Düşünürəm ki, müəllimlə şagird arasında pərdə olmalıdır. Qadın müəllimlərimə 8 martda, müəllimlər günündə gül vermişəm, amma güldən başqa hədiyyə yox. Ola bilsin, valideynim verib. Müəllimlik çox çətin sənətdir. Müəllim öyrədəndir. Bütün şagirdlərin yaddaşında ucada qalmalıdır. İlk dəfə qonşumuz müəllimi ev paltarında görəndə anladım ki, sən demə, müəllim də evdə iş görərmiş, torpaq becərərmiş. Biz sovet təhsili almışıq. Bu gün texnika çox inkişaf edib. Təhsilə fəlsəfi cəhətdən yaxınlaşsaq, bir çox dəyərlərin bir yerə yığılaraq formalaşmış, ağlı, savadı və qabiliyyəti olan, müəllim adlanan bir şəxs tərəfindən qarşısındakı şagirdə ötürülməkdir. Sovet vaxtında şagird hər bir məlumatı müəllimdən alırdı. İndi şagird müəllimdən aldığı məlumatı internetdən əldə etdiyi məlumatla müqayisə edə bilər. İndiki təhsildə imkanlar böyükdür. Hazırkı təhsildən narazılığım ondan ibarətdir ki, çox dar çərçivədə şagirdlər oxumaq istəyir. Məsələn, riyaziyyat mənim nəyimə lazımdı, kimya nəyimə lazımdı və s. Fikir versəniz görərsiniz ki, dünyanı idarə edən milyarderlər riyaziyyatı bilənlərdir. O vaxt hamı ümumi oxuyurdu. Onun da təbii ki, müsbət və mənfi halları vardı. Bu gün riyaziyyatdan xəbəri olmayan şagird necə başqa istiqamətdə işləyə bilər? Bütün fənlər üzrə minimal biliklər olmalıdır.
O vaxtlar son zəng mayın 25-də qeyd edilərdi.
- Yadımdadır ki, hamımızı sıraya düzdülər, təbrik elədilər. Orda mən şeir də dedim:
Həyatda üç ana tanıyıram mən
Biri öz anamdır, biri də vətən
Üçüncü ananın məktəbdir adı
Burda zəkalanıb vətən övladı.
(Bir qədər fikirləşəndən sonra şeirin ikinci bəndini də xatırlayır):
Anam döşlərindən süd vermiş mənə
Ömrümü tapşırmış doğma vətənə
Vətənin çörəyi, anamın südü
Sovet məktəbinin sağlam öyüdü.
Daha xoş günlərə səsləyir məni
Məktəb öz qoynunda bəsləyir məni.
- Təxminən belə bir şeir idi. Və bununla da məktəblə vidalaşdıq...
Bir az kövrək, bir az nostalji dolu söhbətdə Arzu müəllim bizi, elə biz də onu öz uşaqlıq illərinə qaytardıq. Hər şeyin dəyərli, müqəddəs, uca olduğu uşaqlıq illərinə. O vaxtdan illər ötüb, yaş dəyişib, amma elə söhbətdə də gördük ki, o xatirələrin gözlərdə qalan parıltısı sönməyib.
Lent.az olaraq 53 yaşlı Arzu müəllimi təbrik edir, həyatının hər anının o cür dəyərli keçməyini arzulayırıq!