Adətən göyçək Fatma nağıllarda olur. Amma bizim göyçək Fatiməmiz gerçəkdi. Onun ögey anası yoxdu, o heç qarı nənənin başının bitlərini də dənəməyib. Heç nağıllardakı kimi padşahın oğlunu da sevməyib. Onun sevdiyi “piramida”lı oğlan olub. Dərsdə “semiçka” çırtlayan, Esmiranın başını yaran Fatimə özü haqqında bunları deyir: “Çox dəcəl olmuşam, çox. Deyirdim ki, ay Allah, niyə məni oğlan yaratmamısan?”
Allah onu oğlan yaratmadı. Amma gözəl yaratdı. O qədər gözəl yaratdı ki, məktəb direktoru 6 yaşlı uşağın gözəlliyinə dayana bilməyib onu birinci sinfə qəbul etdi. Yəqin bildiniz söhbət kimdən gedir. Hə, düz tapdınız, Lent.az-ın “Məktəb illəri”nin qonağı rəqqasə Fatimə Fətəliyevadır.
- O qədər gözəl, o qədər şirin uşağıydım ki...Direktor məni görən kimi demişdi ki, “problem yoxdu, gəlsin”. Odur ki, mən altı yaşımda Nəsimi rayonu, 5 saylı orta məktəbinə getdim. Bapbalaca boyum vardı, ağ “knopka”ya oxşayırdım. İlk dərs günü ilk zəngi də mən vurdum. Ağ köynəyim, qara “yubka”m vardı. İbtidai sinif müəlliməm Tamara Baqratovnaydı. Əvvəl tək otururdum. Sonra müəlliməm yanıma Anar adlı bir oğlan gətirdi. Yanımda oturan kimi də məni sevdi. Ondan sonra hər gün mənə bir şey hədiyyə edirdi. Ailəsi imkanlıydı. Bir gün mənə bahalı qələm bağışladı. Gəldim evə: “Mama, bax, Anar mənə nə bağışlayıb!” Mamam o “ruçka”nı götürüb gəldi məktəbə. Az qala oğlanın gözünə soxa, sakitləşdirdilər. Söhbət elə böyüdü ki, yazıq oğlanı mənim yanımdan ayırıb ayrı partada oturtdular. Sonralar o mənə elçi də göndərdi. Anamgil dedilər ki, hələ balacadı. Gözləyin bir az böyüsün. Nə böyüsün ey, bir il sonra o balaca qız sevdiyinə qoşulub getdi. Onun ailəsi indi də məni görəndə deyirlər ki, “Fatya, inanırsan hər dəfə səni görəndə ürəyimizdən keçiririk ki, bu bizim gəlinimiz ola bilərdi” (gülür).
“Onun qeybətini qırırdım, bunun qeybətini qırırdım”
- Mən məktəbə oxumağa yox, paltarlarımı göstərməyə gedirdim. Axırıncı partada oturub “semiçka” çırtlayırdım, onun qeybətini qırırdım, bunun qeybətini qırırdım. Bununla fəxr eləmirəm. Bugünkü gün buna görə ağlayıram. Yaxşı ki, qızım mənə oxşamayıb. Oxumaq istəyi insanın qanında olmalıdı. Aydan yaxşı oxuyur, Qərb Universitetinin tələbəsidi. Mənim yadıma gəlir ki, uşaq vaxtı atam rəhmətlik qardaşımı oxumaq üstündə çubuqla döyərdi. Məni isə heç kim dəyməzdi. Anam həmişə atama deyirdi ki, “qızdı, işin olmasın”. İşin olmasın, işin olmasın, axırda da qız oxumadı. Demirəm ey heç oxumadım, oxudum. Amma elə-belə. Onu deyim ki, çox nadinc olmuşam. Altıncı sinifdə oxuyanda sinfimizdə Esmira adlı qız vardı. Bir dəfə məni necə əsəbiləşdirdisə, başına “pol” ağacını çırpdım. Başı yarıldı. Başı bütün qan olmuşdu. Anası üstümə gəldi. Aləm qarışdı bir-birinə (gülür).
“Üzüm-gözüm yandı”
- Səkkizinci sinifdə oxuyanda məktəbdə Yeni İl bayramı keçirilirdi. Müəllim də hər kəsə bir şey bişirməyi tapşırırdı. Mən də dedim ki, qoz bişirərəm. Bunun üçün bizdə xüsusi aparat vardı. Xəmiri tökürdün içinə qoz formasında bişirdi. Evimizin balaca mətbəxi vardı. “Xruşovka” evlərdən idi. Yaxşı yadımdadı, həmin gün Lənkərandan ata tərəf qohumlarımız qonaq gəlmişdilər. Girdim mətbəxə, qapını arxasından bağladım ki, kimsə mənə mane olmasın. İki saat qabaqdan da qatılaşdırılmış şirin südü qoydum qazana qaynasın. Özüm də başladım qozun keksini bişirməyə. Başım qoza elə qarışıb ki, qazanın suyu çəkilib. Bir də gördüm qazandan nəsə “pık” elədi. Qazanın qapağını açıb baxmaq istəyəndə qaynar süd ətrafa dağıldı. Mətbəxin batmağı bir yana, üzüm-gözüm yandı. “Yandım” deyə başladım qışqırmağa. Üzüm elə yanmışdı ki... İnanın ki, o formada, mən yenə bayrama getdim. Yanıq qozları da apardım.
“Piramida”lı oğlan
- Məktəbdə iki-üç dəfə sevmişəm (gülür). Bunlar uşaq sevgiləridir. Zarafat bir yana ən ciddi məhəbbətim qızımın atası olub. Onu sevəndə mənim on dörd, onun isə on doqquz yaşı vardı. O məktəbi bitirmişdi. Həmin vaxtlar “piramida” şalvarlar dəbdəydi. O da elə şalvarlardan geyinərdi. Baxıb deyirdim ki, “ay Allah, necə bərk gedən oğlandı!” Birinci o məni sevdi. Onun baxışlarından, sözlərindən təsirlənib mən də sevdim. Kaş ki, sevməzdim! Amma yox, onu sevməsəydim Aydanım olmayacaqdı.
“Qoşulduq bir-birimizə, qaçdıq”
- Məktəbi bitirəndə artıq evdəkilər də bilirdilər ki, mən sevirəm. Evdən bayıra çıxmağa qoymurdular. Pəncərəni bağlayırdılar qapıdan qaçırdım, qapını bağlayırdılar pəncərədən. Yenə də görüşürdüm. Bizimlə bir binada rəfiqələrim yaşayırdı. Görüşə bilməyəndə tez qaçırdım onlara. Ona zəng edirdim. Bir dənə o mənim səsimi eşitsin, bir dənə mən onun səsini eşidim. O binanın yanından keçsin, mən uzaqdan da olsa, ona baxım. Çox gözəl hisslər idi. İndi yoxdu belə sevgilər. “Yeniyetmələr” adlı ərəb filmi vardı. Filmdə qızı sevdiyinə vermirlər deyə venalarını kəsir. Bu kinoya baxandan sonra atam xəbər göndərdi ki, deyin onlara gəlsinlər. Ona qədər məni vermək istəmirdilər. Bunlar elçi gəldilər, üzük taxıldı. Sonra gördük ki, yox. Ailələr anlaşa bilmirlər. Valideynlər yola getmirdilər. Biz də qoşulduq bir-birimizə qaçdıq. Evləndik, uşaq oldu. Zamanla ətrafımızdakılar bu məhəbbəti yandırıb kül elədilər...
“O günləri xatırlamaq da istəmirəm”
- Son zəng! Ən pis gün kimi xatırlayıram. 1993-cü il idi. Şəhərin özündə vəziyyət pisiydi. O günləri heç xatırlamaq da istəmirəm. Uşaqlardan ayrılmaq bir tərəfdən, son zəngin ağrısı bir tərəfdən. Yaxşı rəfiqələrim vardı. Düzdü, indi onlar burda yaşamırlar. Yuliya və Fəridə Amerikada yaşayır, Zarina isə İsraildə. Yuliyayla Zarina yəhudidirlər. Bu üç qız çox yaxın rəfiqələrim olub. Yuliyadan başqa ikisiylə “skype”la danışıram. Amma Yuliyanı tapa bilmirəm. Sizə ondan danışım. Dəhşət gözəl qızıydı. Məktəbimizdə bir gözəl varıydısa, o idi, mələyə bənzəyirdi. Məktəbdə ən çox xalq artistimiz Rafael Dadaşovun qızı Leyli ilə yola getmirdim. Mehriban düşmənləriydik. Həm bir-birimizi çox istəyirdik, həm dalaşırdıq. Məktəb vaxtı mən ondan qorxurdum. Zəhmli qızıydı. Bizim məktəbimizin bir çox tanınmış məzunları var. Röya Ayxan, Aynur Dadaşova, Aysel Əlizadə, Xəyyam Nisanov, Səidə Dadaşova. O vaxtlar bir-birimizi tanısaq da, o vaxtlar dostluq etməzdik. Məsələn, Röya məndən bir-iki yaş kiçik idi. İndi də bir-birimizi görəndə məktəbi xatırlayırıq. Ehhh, nə isə...(Ah çəkir)
Ümumiyyətlə mən çox əziyyət çəkmişəm. Gərək dərslərimi çox yaxşı oxuyaydım. Başqa sənət seçəydim. Sadə adam olaydım. Tanınmış olmağı heç istəməzdim. Hamı kimi rahat bir həyat yaşayardım.