Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in HEKAYƏSİ
28 mart 2023 20:15 (UTC +04:00)

Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in HEKAYƏSİ

1980-ci illər. Xəstəxana otağı. Məmməd Arazın qələmindən çıxan şeirdən təsirlənərək...

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.

Dünya sənin dünya mənim dünya heç kimin...

Bəlkə də çoxunuz bu mahnını əzbər bilirsiniz. Hətta sözlərinin kimə aid olduğunu da... 

Bəli, bu dəfə son günlər ölkənin gündəmini tutan, ilk dəfə Niyaməddin Musayevin dilindən səslənin “Dünya sənin, dünya mənim” mahnısından danışacağıq. 

Bu günlər “Dərviş” qrupun yeni can verdiyi, estrada janrında bəstələnmiş bir ifanı rok üslubuna saldığı “Dünya sənin, dünya mənim” mahnısı, necə deyərlər, insanların dilindən düşmür. 
Bəs, bu mahnının tarixindən xəbəriniz varmı? 

Lent.az xəbər verir ki, çoxlarının tarixindən xəbərsiz halda əzbərlədiyi “Dünya sənin, dünya mənim” mahnısı 1986-cı ildə xəstəxana otağında yazılıb. 

Elə bu barədə saytımıza mahnını ilk dəfə 33 il əvvəl səsləndirən Niyaməddin Musayev özü danışıb:

“1986-ci ildə xəstəxanada yatırdım. Elə həmin vaxt filologiya üzrə elmlər doktoru Maarifə Hacıyeva məni ziyarətə etmək üçün xəstəxanaya gəldi. Onunla yaxınlığımız vardı. Hətta ailəvi gediş-gəliş də edirdik. Mənim Xalq Təsərrüfatı İnstitutunda oxumağımda da böyük dəstəyi olub. Maarifə xanım ziyarətə gələndə yeməklə birgə bir kitab gətirmişdi. O gedəndən sonra kitabı vərəqlədim. Məmməd Arazın kitabı idi. Elə üstündə də mahnıda deyildiyi kimi “Dünya sənin, dünya mənim, dünya heç kimin” yazılmışdı... Bu şeiri oxuyanda isə mənə çox təsir etdi, kövrəldim”.

- Bəs, niyə kövrəldiniz? Nə idi sizi orda təsirləndirən məqam?

Onun suala cavabı belə oldu: “Xəstəxanada vəziyyətim yaxşı deyildi. Şeiri oxuyanda düşündüm ki, ay Allah, uşaqlar balacadı. Mənə nə isə olsa, onlara kim baxacaq? Bu, mənə çox pis təsir elədi, elə o nəğməni o xəstəxanada stolun üstündə yazdım. Özü də çırtma vura-vura”.

33 il əvvəl ifa olunan mahnıya diqqət etsək, ilk 2 dəqiqəsi sadəcə musiqi ilə davam edir, mahnının sözləri isə elə o 2 dəqiqədən sonra başlayır:

“Bu elə bir ifa idi ki, birdən-birə başlasaydı, ortaya qoyduğumuz fəlsəfəni aça bilməzdik. Çünki sözlər başdan-ayağa qəmdir. Musiqisi isə fərqli olaraq ritmik. Yəni sözlərin musiqi ilə bağlantısı olmalı idi. Ona görə də, mahnının ifası bu tərz başlamalı oldu. İnsan qulaq asır və istər-istəməz musiqidən duyğulanır və gözləyir ritm gəlir, ritmlə də sözün ahəngi uzlaşır. Siz hələ bu bənddəki "həvə" sözünün işlənilməsinə baxın.

Bu get-gəllər bazarına dəvədir dünya,
Bu ömür gün naxışına həvədir dünya.

Xalça toxunan zaman həvə ilməni vurur, sonra naxış qoyur. Bizim də qoyduğumuz fəlsəfə budur. İnsanın ömür-günü naxış olur. Zaman taleyə həvə kimi naxış vurur. Dünyada qalan nədir? Elə deyildiyi kimi, heç nə”.

Bir reallıq da var ki, hər kəs yeni can verilən bu mahnını sevə bilməz. Amma düşünürəm ki, bir çoxları tərəfindən böyük rəğbətlə qarşılanan mahnıya digər qismin lağ-lağa ilə yanaşması düzgün deyil.

Bu da belə... Rok üslubuna salınaraq, yeni can verilən mahnıya qulp qoyanlara demək istəyirəm:

Dünya sənin, dünya mənim, dünya heç kimin... 

# 7578
avatar

Fidan İlqar

Oxşar yazılar