Bu gün Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilib. Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəstəkar Sevda İbrahimovanın bəstələdiyi və vokalçı, musiqişünas Ramil Qasımovun ifa etdiyi “Gültəkin” poeması ilə başlayan mərasimində şəhidin anası, Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova çıxış edərək, Milli Qəhrəmanın keçdiyi döyüş yolundan danışıb. O, tədbirdə müəllifi olduğu və yeni çapdan çıxan "Gültəkin zirvəsi" kitabını təqdim edib, kitab haqqında məlumat verib.
Anım tədbirində Ombudsman Aparatının mətbuat katibi Zemfira Məhərrəmli, hərbi diktor Şəmistan Əlizamanlı, filmin rejissoru Kəmalə Musazadə və başqaları G. Əsgərovanın şəhidlik yolundan, şəxsi şücaətlərindən bəhs ediblər.
Sonda “Gültəkin” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, təqdimat mərasimi Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə keçirilib.