Üzərlik yandırmaq, ağıza su alıb oturmaq – Bu axşam doğru çıxan FALLAR
19 mart 2024 11:03 (UTC +04:00)

Üzərlik yandırmaq, ağıza su alıb oturmaq – Bu axşam doğru çıxan FALLAR

Hə əzizlərimiz, gəldik çıxdıq ilin axır çərşənbəsinə.

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu gün yerin oyanıb, torpağın nəfəs aldığı gündür.
 Ta qədimdən ilaxır çərşənbədə hər həyətdə 7 tonqal qalanardı. Şəkərbura, səməni , paxlava, boyanmış yumurta, qorğa, meyvə quruları ilə doldurulmuş bayram xonçaları süfrəyə düzülərdi.
Bu günün ən gözəl adəti küsülülərin barışması, bir evdə hazırlanan nemətin bütün qohum qonşularla paylaşılması, hər kəsin  evində qazan qaynaması, hamının süfrəsində nemət olmasıdır.
İlaxır çərşənbədə qulaq falı çox düz çıxar deyirlər. Bu axşam ürəyində dilək tutub qonşuların qapısını pusmaq, eşitdiyin ilk kəlmə ilə diləyinin çin olub- olmayacağını yoxlamaq olar.  Qonşu qapısı  pusmağa imkanı olmayanlar şər qarışan vaxtı yolda dayanıb gəlib-gedəni dinləyər, bununla niyyət tutarlar.

Heç buna da imkanı olmayanlar evdə qulaq falı edər. Bir qurtum suyu ağzına alar, susub oturar. Heç kimə niyyəti barədə bir kəlmə deməz. Evdəkilər danışarkən ilk cümlələri nə olarsa qulaq falının cavabı da ona uyğun yozular.

 Bəzi ellərimizdə bayram öncəsi qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovardılar.

Novruz ənənələrindən biri unudulmuş üzərlik yandırmadır.
Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar.

Axır çərşənbənin əsas adətlərindən biri “qurşaqatdı” adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir.
Bu ənənəni bəziləri tənqid etsələr də Novruzun simvolu olan Keçəllə Kosa əslində evlərdən topladıqları bayram payını sonda xalq meydanında hamıya ərməğan edər, hamıya bayram payı verərdilər.

Axır çərşənbənin məşhur fallarından biri “üzüksalma” adlanır. “Bundan irəli ilaxır çərşənbədə ərgən qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki: – Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.

Bayram fallarından biri də yumurta falıdır. İki yumurtanı götürüb gizlicə təndirin içinə və ya su başına qoyardılar. Bir tərəfinə qırımızı, bir tərəfinə qara karandaş qoyulardı. Deyərdilər mələklər taleyimiz yazacaq. Sübh tezdən baxardılar ki,yumurtanın üzərində narın  xətlər çəkilib. Əgər xətlər qırmızıdırsa, bəxtin gözəl, qaradırsa qara olacaq deyə inanardılar.
  Bütün diləkləriniz çin, bəxtiniz gözəl, fallarınız uğura aparsın, əzizlərimiz.


 

# 3021
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar