Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
08 iyul 2025 15:52 (UTC +04:00)

Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Əməkdar artist Rəhman Rəhmanov şəkər dərmanı ala bilməməsi ilə bağlı TƏBİB-ə müraciət ünvanlamışdı.

O bildirirdi ki, 25 ildir şəkər xəstəsidir və 15 saylı poliklinikada qeydiyyatdadır. Həmin poliklinikanın daxilindəki aptekdən dərmanlarını alırmış. Daha sonra aptek ləğv edildiyi üçün başqa xəstəxanaya getməli olub. Lakin orada da növbə çox olduğundan dərmanlar tez bitirmiş.

Bəs görəsən aptekin bağlanma səbəbi nə olub? Dərmanlar adam sayına uyğun verilmirmi? Elədirsə, niyə bitir?

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən məsələ ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub:

"Dərman təminatı imtiyazlı xəstə sayına uyğun olaraq təmin edilir və hər ayın 10-dan 20-dək poliklinikada xəstələrə dərman vasitələri paylanılması prosesi icra olunur. Hazırda təminatla bağlı heç bir çətinlik yoxdur. Bununla belə, vətəndaş müraciətləri tərəfimizdən nəzarətdə saxlanılır və dərman vasitələrinin təminatı icra olunur.

Şəkərli diabet xəstələrinin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir. Binəqədi rayonu ərazisində mərkəzləşdirilmiş aptek 9 nömrəli Şəhər Poliklinikasında yerləşir.

Hörmətli aktyorumuz Rəhman Rəhmanovla tərəfimizdən əlaqə saxlanılıb, ona müvafiq izahatlar verilib. Bununla yanaşı, qeyd edirik ki, yaxın zamanda əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə sözügedən məsələ ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, imtiyazlı xəstələrin dərman təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli, 87 nömrəli Qərarına əsasən Dövlət Proqramına uyğun şəkildə həyata keçirilir. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanına əsasən hazırlanmış “Şəkərli Diabet üzrə Dövlət Proqramı” diabet xəstələri üçün tibbi yardımın iqtisadi cəhətdən əsaslandırılmış modelinin yaradılmasına, onların həyat fəaliyyətinin yüksəldilməsinə, ömürlərinin uzadılmasına, müalicə keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar