Aygün Səmədazadə, bəstəkar
22 yanvar 2021 18:49 (UTC +04:00)

Aygün Səmədazadə, bəstəkar

Unudulan zurna, Venesiyada nəzarətçiləri yoran Aygün Səmədzadə - "Bir dəfə uzaqlarda"

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə də qarşılaşırıq.

Lent.az “Bir dəfə uzaqlarda” adlı rubrikada tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir. Rubrikanın bugünkü qonağı Xalq artisti, bəstəkar Aygün Səmədzadədi.

 ***

Turist və qastrol səfərlərində xarici ölkələrdə çox olmuşam. Səfər zamanı bir neçə maraqlı hadisə ilə qarşılaşmışam.

2019-cu ilin mart ayında Türkiyənin Eskişəhərində “TRT Avaz”ın Novruz bayramı münasibətilə Türkdilli Dövlətlərin nümayəndələrinin konserti idi. Konsertdə rəhbərlik etdiyim yaradıcı heyətlə iştirak edirdim. Böyük orkestrla Əhməd Cavadın sözlərinə olan əsərlərim səslənirdi. “Ey, türk” adlı vokal simfonik əsərdə xalq çalğı alətlərindən istifadə olnurdu. Bakıda bu əsərdə nəfəs aləti kimi zurnadan istifadə olunurdu. Ora gedəndə dedilər ki, burada kifayət qədər nəfəs alətində ifa edənlər var, narahat olmayın, gəlin.

Gedib iki gün zurnaçı axtardıq. Axır ki, tapıldılar. Lap yaxından türk zurnasının səsini eşitmədiyim üçün düşünməzdim ki, onun səsi daha fərqlidi, daha yüksəkdir. O dərəcədə yüksəkdir ki, digər alətlərin səsini kölgədə qoyur. Əsərin özünün ifa qaydası, fortesi var. Gördüm ki, səsləndirmə ahəngdar alınmır. Dedik ki, zurnanı bəlkə bir az aşağıda tutasan, müxtəlif  belə üsullar fikirləşdik, alınmadı. Sonda qərara gəldik ki, orkestrın yanında yox, pərdə arxasında dayanıb ifa etsin. Dirijoru görməyəcəyinə görə dedim ki, mən işarə edəndə başlayarsınız.

Konsert başladı. Vəziyyət elə alındı ki, səhnə ilə konsert arasında məsafə oldu. Mənə də dedilər ki, tamaşaçılar arasında oturub, konserti izləməlisən. Bütün türkdilli dövlətlərdən gələn musiqiçilər bir-bir ifa edirdilər, çox gözəl ab-hava var idi. Sonda biz çıxış etməliydik. İfanı dinləyə-dinləyə hiss edirəm ki, nəsə çatmır. Zurnaçı da səhnənin arxasında dayanıb. Öz ifalarını gözləyir. Hərdən musiqiçilərə başını göstərir ki, burdayıq. Musiqiçilər də gözləməsini işarə edir. Digər tərəfdən “Aygün hanım əfəndi nərədədir?”, - deyə soruşurmuş.

O əsərdə zurnanın səslənməsinin böyük əhəmiyyəti var. Amma ab-hava o qədər gözəl idi ki, tamam unuduram. Konsert bitdi. Alqışlar dayanmır. Hamı səhnəyə çıxır, düşür. Birdən yadıma düşdü ki, zurnaçı nə oldu?

Belə bir tragikomediya yaşadıq. Bir tərəfdən məyus oldum ki, unutdum onları. Digər tərəfdən çox gülməli hal alındı. Həmin an “Yarımştat” tamaşası yadıma düşdü. Orada da zurna problem olmuşdu. Təssəvvür edin ki, 2-3 gün orada zurnaçı axtarasan, tapanda da konsertdə unudasan.

***

Bir dəfə bacım, onun qızı, mən və bir neçə adam İstanbulda ticarət mərkəzində idik. Hərə özü üçün maraqlı olan mağazalara baxırdı. Necə oldusa, bir-birimizi itirdik. Birdən baxırlar ki, mən yoxam. Bir az axtarandan sonra bacım mərkəzin informasiya bölməsinin işçilərinə yaxınlaşıb deyir ki, “ablamı kayb etdim”. Hamı həyacanlanır və soruşur: "Burada?"

Cavabında deyir ki, “bəli, burada”. “Allah rahmat eylesin" deyəndə, bacım onu səhv anladıqlarını başa düşür. Onlara məni, bacısını itirdiyini izah edir. Bir də eşitdim ki, səsgücləndirici ilə “Aygün Samedzade, kardeşiniz sizi bekliyor”, - deyirlər.

***

Xanım İsmayılqızı ilə İtaliyaya getmişik. Şəhərləri bir-bir gəzirik. Növbəti səyahətimiz Milandan Venesiyayadır. Səhər qatarla getdik Venesiyaya. Həmin gün bərk başım ağrıyırdı, amma getməyə məcbur idim. Xanıma dedim ki, mənim başım ağrıyır, sən yollara diqqətlə bax. Hər yer sudu, gəldiyimiz yeri bilək ki, qayıtmaq rahat olsun. Xanım dedi ki, arxayın ol.

Dil problemimiz var, ona görə də göz yaddaşına ümidli olmalıyıq. Gedib gəzdik, baş ağrım da keçdi. Orada da su nəqliyyatından istifadə olunur. İndi dönmək vaxtıdı, sonuncu qatara çatmalıyıq. Su avtobusuna mindik. Hamı düşür, minir. Gördük ki, su avtobusu Venesiyanın dar su yolundan çıxıb, açıq dənizə gedir. Dil bilmədiyimizə görə heç kimə də vəziyyəti izah edə bilmirik. Soruşa bilmirik ki, hara gedirik. Axırda dayanacaqların birində düşüb vağzala tərəf qaçırıq ki, qatara çataq. Sən demə, çox uzaq bir yerdə düşmüşük. Biz çatanda ən sonuncu qatar da getdi. Dedilər ki, ancaq səhər tezdən qatar olacaq. Elə vaxtdır ki, otellər bağlı, dil bilmirik. Fikirləşdik ki, oturub vağzalın içində gözləyək. Bir az keçdi, komendatlar gəldilər. Vağzalın içərisində olan adamları da çıxartdılar.

Küçədə daşların üstündə oturmalı olduq. Mən başımı bir sütuna söykəyib yatdım. Amma Xanım İsmayılqızı bütün gecəni var-gəl elədi. Sonra dedi ki, sən necə belə rahat yatdın orada. Bilirəm ki, orada mənası yoxdur nəsə etməyin, düşünməyin. Taksilərə yaxınlaşmağı düşünürəm, amma təhlükəlidir. Tanımadığımız bir ölkə, yer, insanlar...

Bizim də qatara qayıtmaq üçün biletimiz var. Sən demə, o bileti də gedib qeydiyyatda keçirməlisən ki, gecikmişəm, səhər yenidən gedəcəm. Biz bunu da bilmirik. Səhər saat 5-də qatar gəldi. Qaça-qaça gedib qatara mindik. Yaxşı bir yerdə əyləşdik. 1-2 stansiya gedəndən sonra gördük ki, nəzarətçilər bizə tərəf gəlir. Artıq anladıq ki, biletlə bağlı nəsə problem var. Bizə yaxınlaşan kimi Xanım özünü yatmış kimi göstərmək üçün gözlərini yumdu. Bütün məsuliyyət mənim üstümdə qaldı. Bunlar da ondan heç nə soruşmurlar. Məndən soruşurlar, amma xeyri nədir?. Dil bilmirəm. Bunlar mənə nəsə deyirlər. Üz ifadəsindən anlayıram ki, biletlə bağlı problemimiz olduğunu deyirlər. Birdən bunlara "momento" dedim. Fikirləşdilər ki, görəsən,  nə deyəcəm. Deməli, əlimlə göstərirəm ki, “vot e bus”, “vot e bus”, “vot e bus”. Bunlar mənə baxır. Mən yenə təkrar edirəm. Öz aləmimdə deyirəm ki, biz dəniz avtobusuna minmişik, bu avtobus bu tərəfə getməli idi, biz elə bildik sağa gedir. Amma o sola getdi. Yəni günah avtobusdadı. 3 dəfə onlara “vot e bus” dedim.

Nəzarətçilər artıq yoruldular. Öz aralarında nəsə danışıb, getdilər. Onlar qatardan düşəndən sonra Xanım gözlərini açdı. Uzun bir yolu səhv də olsa, sonda gəlib Milana çatdıq.

Həmin vaxt fikirləşdim ki, insanın həyatda haradan haraya gedəcəyinin heç bir sığortası yoxdu. Yəni, sən bu gün çox gözəl bir yerdə ola bilərsən. Sabah tanımadığın bir məkanda daşın üstündə tək ola bilərsən. İnsan heç nədən sığortalanmayıb. Birdən-birə sən özünü həyatın başqa bir yerində hiss edə bilərsən. Nə qədər yüksəkdə olsan belə.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3054
avatar

Nigar Adil

Oxşar yazılar