Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən  YAZDI
16 may 2025 12:13 (UTC +04:00)

Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI

Lent.az Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayevin Mirmehdi Ağaoğlunun yenicə çapdan çıxmış “Həcc gündəliyi” kitabı haqqında təəssüratını təqdim edir.

Yazıçı Mirmehdi Ağaoğlunun qələmə aldığı “Həcc gündəliyi” kitabı bugünkü günümüz üçün, Azərbaycanda yaşayan müsəlmanlar üçün çox aktual əsərdir. Müəllif “Həcc gündəliyi”ni qələmə almaqla çox əhəmiyyətli və mahiyyətli bir təqdimat ərsəyə gətirib.

Həqiqətən də, Mirmehdi Ağaoğlunun Həcclə bağlı kitabının çıxdığını eşidəndə məndə oxumaq marağı yarandı. Həccin özündə, mahiyyətində insan mənəviyyatı üçün böyük faydalar verə bilən dəyərlər ki var, onları bir yazıçının nəzərindən, baxışlarından oxumaq mənimçün maraqlı idi, görüm, necə qələmə alına bilər və qələmə alınıb.



Kitabı bir gün ərzində oxudum.

Həccə gedən bir zəvvarın, bir ziyarətçinin o yerlərdə ziyarət zaman baxışları, müşahidələri xüsusi bir üslubla qələmə alınıb. Mirmehdinin yazı üslubu çox xoşuma gəldi, kitab ilk səhifədən oxucunun diqqətini çəkir, oxucunu cəlb edir, yormur. Müqəddəs yerlərin, Həccin ayinləri ilə bağlı müəllifin işlətdiyi ifadələri, təsvirləri də hər qələm adamı işlədə bilməz. Bütün bunlar onun peşəkarlığına dəlalət edir.

Mən dəfələrlə Həcc ziyarətində olmuşam. Təbii ki, hər bir insan Həccdə olduğu zaman özü o halı yaşayır, görür və hiss edir. Hər bir insan fərdi olaraq bu mənzərəni, mühiti görür və yaşaya bilir. Amma təbii ki, nə qədər deyilsə, söylənilsə belə onu əhatə etmək olmur, təəssüflər. Amma insan Həccə getdiyi zaman özü canlı olaraq o məkanları görəndə, o yerlərdə addım atanda onun əzəmətini, dəyərini anlaya bilir.

Mirmehdi var gücü ilə onları vəsf edib, qələmə alıb. O, kitabda Həccin tarixini, Həccin əhəmiyyətini, mahiyyətini, fəlsəfəsini və insana verdiyi dəyərləri göstərib. Həqiqətən də, hələ mənə indiyə qədər bu kitaba oxşar bir kitab, bu yazıya oxşar bir yazı rast gəlməyib. Halbuki Həcclə bağlı müxtəlif yazılar oxumuşam. Amma Mirmehdinin qələmə aldığı “Həcc gündəliyi” kitabı mənim üçün daha maraqlı, daha dəyərli oldu. Mən bunu müsbət qiymətləndirirəm.

Vaxtaşırı başqa şairlərimiz, yazıçılarımız, ədiblərimiz də Həcc ziyarətinə gedirlər. Onların hər birinin özünəxas səviyyədə Həccin əhəmiyyətini, mahiyyətini, fəlsəfəsini qələmə alması daha gözəl olardı.



“Həcc gündəliyi” Həccə getməyən və getməyə hazırlaşan insanlar üçün çox faydalıdır. Mən kitabı müsbət dəyərləndirirəm. Bir din xadimi olaraq Mirmehdiyə uğurlar, müvəffəqiyyətlər diləyirəm. Allah onun qələminə güc və qüvvət versin. Həqiqətən də, yazarın savadlı olması, dünyagörüşünün zəngin olması çox əhəmiyyət daşıyır və Mirmehdi Ağaoğlunun da belə baxışlarla Həcc ayinini başdan sona qədər vəsf etməsi, ordakı incə məqamlara toxunması məni heyran elədi.

Allah Həccə gedənlərin həccini qəbul eləsin. Allah Mirmehdi Ağaoğlunun, seyidimizin də Həccini qəbul eləsin. İnşallah, Allah yeni işlərində onu müvəffəq etsin və arzu edirəm ki, bu stildə əsərləri, yazıları çox olsun, bizə də ondan faydalar, savablar əldə olunsun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar