“Özünə ziyalı deyənlər çətin günlərimdə məni dəstəkləmədi” - Cavanşir Quliyevlə MÜSAHİBƏ
25 noyabr 2022 16:00 (UTC +04:00)

“Özünə ziyalı deyənlər çətin günlərimdə məni dəstəkləmədi” - Cavanşir Quliyevlə MÜSAHİBƏ

Lent.az-ın bu dəfəki müsahibi Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevdir.

Özü kimi yaşadığı məhəllənin də görünüşündən tənhalıq tökülür. Mənzili də eləcə. Həyətdə qarşılayır bizi, sərt siması məni bir az çəkindirir, söhbətimizin alınıb-alınmayacağından narahat oluram. Amma sonra yanıldığımı görüb sevindim. Danışığında Şəki ləhcəsini hiss edib söhbətə burdan nərdivan qoyuram.

- Cavanşir müəllim, məktəbi rus dilində bitirmisiniz, uzun illər Bakıda, Türkiyədə yaşamısınız, hələ də dilinizdə Şəki ləhcəsi qalır...

- Hə qanıma hopub. Şəkidə olanda tamamən Şəki ləhcəsində danışıram, Bakıda bir az düzəldirəm. Çünki burda ciddi bir məsələdən danışırsan onu gülüşlə qarşılayırlar, fikir qalır Şəki ləhcəsində

- Şəki ləhcəsi ilə ciddi söhbət olmur?

- Şəkidə olar. Bir şəkili qarşıma çıxsın, ha indi baxın (Gülür).

- Bu günlərdə yeni yaşınıza qədəm qoydunuz. Məşhur Fransız aktyoru Qabenə deyəndə ki, ifa zamanı mimikadan istifadə etmirsən, deyərdi mənim yerimə üzümdəki qırışlar danışır. Sizin yerinizə də illər danışır? 72 yaş nə deyir?

- Deyir ki, cavanlıq gedir. Daxilən bir şey dəyişməsə də, zahirən özünü göstərir. Pillələri qalxanda yaş deyir ki, yox e, sən deyən deyil, mən deyəndi.

- Azərbaycan musiqisində bu gün sizi narahat edən hansı məqamlar var?

- Azərbaycan televiziyasında hələ Üzeyir bəyin yaratdığı musiqi kollektivini bayıra atmaq istəyirlər. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrini Üzeyir bəy yaratmışdı, onu da, xoru da, simfonik orkestri də ləğv etmək istəyirlər. Dövlət simfonik orkestri iş içində boğulur artıq. Bütün tədbirləri ona yükləyirlər. Bizim ikinci, hətta üçüncü orkestrə ehtiyacımız var. Biz təklif etmişdik 1 dənə də Bakı simfonik orkestri yaradaq ki, orkestrlərin yükü azalsın. Bunlar əksinə, orkestrləri dağıdırlar. Hamısını dağıtmaq istəyirlər.

- Bəs bu orkestrlərin işini kim görəcək?

- Heç kim heç nə bilmir. Verəcəklər Mədəniyyət Nazirliyinə, musiqiçilər qalacaq işsiz, müraciət edəcəklər nazirliyə, o da göndərəcək kollektivlərin üstünə, vakansiya varsa, işə alacaqlar. Vakansiya da məlum məsələdir yoxdur. AzTV-nin 37 milyon manat büdcəsi var. Müqayisə edin, o biri özəl kanallara dövlət bir qəpik də büdcə vermir. İşçilərinin sayı da az deyil. Bəs onlar əməkdaşlarının maaşını necə verir? 37 milyon manatı hara edirsiniz? Mən bu kollektivlərin dağılmasına qarşıyam. Əksinə artırmaq və ştatlarını artırmaq lazımdır. Hər il iki konservatoriya bir İncəsənət Universiteti bu qədər tələbə qəbulu elan edir, nə qədər məzun buraxılır. Əksəriyyəti ödənişli əsaslarla oxuyurlar. Oxuyub qurtarıb hara gedəcək bu gənclər? İş yeri açmaq lazımdır. Ehtiyac yoxdursa, niyə qəbul edirlər? Anlamaq olmur, bir yolluq deyin biz musiqinin düşməniyik, anlayaq.

- Peşəkar bəstəkarların musiqilərinin aranjeman edilməsinə necə baxırsınız?

- Ümumilikdə etirazım yoxdur. Qadağan eləmək, düz gəlmir. “Eləmə” deyəcəksən müğənni mahnını oxumayacaq. Bir zamanlar müğənnilər bəstəkarların əlinə baxırdılar, indi bəstəkar müğənninin əlinə baxır. Tələb nədirsə, onu satmağa məcburuq. Bir dəfə gəncliyimdə toylardan birində gördüm ki, Tofiq Quliyevin mahnısını çox pis şəkildə çalıb, üstəlik rəqs edirlər. Tofiq Quliyevin mahnısını çalmaq üçün gərək onu biləsən, öz quruluşu var. Səhəri gün gəldim Tofiq müəllimin yanına. Bəstəkarlar İttifaqının birinci katibi idi. Həyəcanla pafosla gördüyümü danışdım, sakit qulaq asırdı, axırda dedi “qurtardın?”. Dedim “hə”. Qayıtdı ki, onlar mənim mahnımı kor edə bilməzlər, mən artıq onu yazmışam. Onlar nə edir özlərinə edirlər. Bir peşəkar çıxıb onu utandıracaq... Mən də haqq verdim. Mahnını sevir ki, çalır. Dəfələrlə şahid olmuşam ki, “Əsgər marşı”nı toylarda çalıb oynayırlar. Xüsusilə keçmiş döyüşçülər, əsgərlər. Sevir, ruhuna yatır, oynayır. Əcaib görünsə də.

- Bir aralar “Yanıq Kərəmi”nin də oyun havası kimi çalınması qaynar müzakirə olundu.

- Ağzında yanıq deyirsən. Yəqin yanıqlı, asta melodiya olub, sonradan aşıqlar onu indiki həddə gətiriblər. Ağır, dərdli bir melodiyanı sürətləndirib oyun havasına çeviriblər.

- Hansı avtobusa, taksiyə minirsən, toya, şənliyə gedirsən ara mahnısı dediyimiz melodiyalar səslənir. Hər yaş qrupundan insanlar sevə-sevə dinləyirlər. Bu qədər təbliğat varkən niyə belə olur? 

- Bu cəmiyyətin yanlış tərbiyəsi nəticəsində olub. Deyə bilməzsən “dinləmə”. Elə yetişib. Şüur altında yeridiblər qalıb. Bizə 40 gün ard-arda erməni himnini dinlətsələr, onu da sevəsiyik. İnsan psixologiyası belədir. 20 il öncə deyirdim ki, hər önünüzə çıxanı televiziyalara çıxarmayın. Kim ciblərinə 5-10 manat basırdı, buraxırdılar onu efirə. 20 il əvvəl etdiyimiz xətaların “bəhrəsini” indi görürük. İndi də vəziyyət lap betər olub. Amma ciddi musiqini qəbul edən gəncliyimiz də var. Bura dönəndən sonra Xəzər Universitetində dərsə başladım. 20 il bir insan ömrüdür. Qayıdandan sonra alışmağa xeyli çətinlik çəkdim. Çox şey dəyişib. Düşündüm ki gənclik məni qəbul etməyəcək, musiqidən uzaq bir nəsil yetişib. Amma gördüm yox, məlumatlı gənclikdir. Məni təəccübləndirdilər, bunu internetə borcluyuq. Bunu gördüm, sevindim, həvəsləndim. Rektor Hamlet İsaxanlı hər fakültəyə incəsənət dərsləri verib. Bu uzaqgörənlikdir.

- Musiqi insan taleyində dəyişdirici rol oynaya bilər?

- Bilər. Hər halda mənim taleyimdə çox önəmli rol oynadı.

- Türkiyədən baxınca Azərbaycan klassik musiqisi necə görünür? 

- Bizi istədiyimiz kimi tanımırlar. Avropa miqyasında bir Adnan Sayqınları var, amma çox sevmirlər. Avropa musiqisinə çox da sevgiylə yanaşmırlar. İndiki hakimiyyət də sevmir. Ərdoğan gözəl azan oxuyur. Mən onun söylədiyi şeirləri, azanı dinləyəndə deyirəm, içində bu qədər böyük duyğu var, bu insan nəyə görə musiqiçi olmadı? Şərq musiqisinə daha meyillidirlər. Bizdə tədris hərtərəflidir, orda yox. Türkiyədə bir dənə də uşaq musiqi məktəbi yoxdur. Sovet dönəmində tutaq ki, Yevlağın bir kəndinə əmr gedirdi ki, fleyta mütəxəssisləri yetişdirin. Fleyta çalmaq üçün dodağın xüsusi quruluşu olmalıdır. Tapırdılar bir uşaq, istəməsə də, onu zorla yetişdirirdilər verirdilər ansambla. İndi bu yoxdur. Sovet sisteminə nifrət edirdim. Amma almanlardan gəlmə zorla təhsil sistemi var idi, yaxşı qurulmuşdu. Türkiyədə musiqi məktəbləri var, amma özəl və baha. Aləti çalmağı universitetlərdə öyrənirlər. Ona görə də keyfiyyətli olmur. 4 ilə nə öyrənmək olar? Öz musiqilərini çalıb oxuyurlar. Bizdə 6 yaşda öyrənilən şeyləri onlar 20 yaşda öyrənməyə çalışırlar. 

- Bizim əsərləri təbliğ etmək səlahiyyətiniz var idi?

- Vardı. Türkiyədə proqramı müəllim ilin başında özü tərtib edir. Orda müəllimi seçənə qədər çox yoxlayırlar, sonra rahat buraxırlar. Bizdə əksinə, işə alıb sonra yoxlamağa başlayırlar. Tibbimiz də belədir, kəsib sonra baxırlar. Mən proqrama öz bəstəkarlarımızın əsərlərini daxil etmişdim və sevirdilər.

- Valideyn haqlı olaraq uşağını musiqi məktəbinə qoyanda istəyir ki, elə alətdə çalsın ki, gələcəkdə qazana bilsin. Böyük ansambllarda o arxa sırada oturan, əsas sayılmayan alətlərdə çalacaq kadrlar var? Daha ucqar kəndlərdə fleyta dərsləri də yoxdur. Köhnələr getsə, onları kim əvəz edəcək?

- Məni narahat edən məqam odur ki, bir ara musiqi məktəblərinin də sayını azaltmaq məsələsi qaldırılmışdı. Yadınızdadırsa Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü keçirildi, o görüşdə Fərhad Bədəlbəyli öz narahatlığını dilə gətirdi. Bu musiqimizin məhvinin başlanması demək olardı. Sağ olsunlar eşitdilər. İndi sistem qurulub, o alətlərə tələbə axını və orkestrdə yeni ifaçılar var. Çox gözəl. Bu konveyeri saxlamaq olmaz. Bunun üçün musiqi məktəbləri əsas rol oynayır. Yoxsa dönüb olacağıq İraqın, Suriyanın tayı.

- İranın adını çəkmədiniz. Orda bu mənada necədi vəziyyət?

- Mollalar getsə, yaxşı olacaq. İran xalqı elmə, mədəniyyətə yatqındır. Amma yanlış idarəçilik var. Müsəlmanıq deyirlər, qadını örpəyə görə daşqalaq edir. Quran “Cənnət qadının ayağı altındadır” deyir, bu qadını daşqalaq edir. Bunun harası müsəlmanlıq oldu? Onlar sadəcə saqqal buraxıb, tamaşa oynayırlar. Müsəlmanlıq paltarda yox, düşüncədə olur. Neçə dəfə imkanım olub İrana getməyə, getməmişəm. Təbriz üçün ürəyim gedir. Amma nə qədər ki, mollalar  ordadır, mən getməyəcəm.

- Sovet vaxtı sizi pantürkist adlandırıblar...

- Mahnılarımı yasaqlayırdılar. “Bura vətəndir” mahnımı 4 dəfə təqdim etmişəm buraxmırdılar efirə. Cavanşir edirdi deyə, saz, zurna gözlərinə qorxulu görünmüşdü. İçimizdə o qədər rus beyinli var idi, mahnını efirə qoymurdu. Sözlərin müəllifi Dilsuz Mustafayev xeyli dəyişikliklər və ixtisarlar etdi. Gəncə sözünü işlətməyimizi bizə irad bildirmişdilər. Kirovabad yazmalıydıq (gülür). Mahnı oxundu, amma uğur qazanmadı, 2000-ci illərdən sonra nə oldusa o yenidən dirildi, qalxdı. Niyəsini hələ də bilmirəm.

- Meyxana sənətinə necə baxırsınız?

- Meyxanada nə düz əməlli dil var, nə musiqi. Gənclər oturub çayxanda filan, bir az da kefləri kök olub, başlayıblar əylənməyə. İndi meyxanaçılar əllərində Vahidin adını bayraq edirlər. Onlara da cavabım var. Məncə Vahid meyxananı məzə ilə yazıb. Bəlkə də pul xətrinə, dolanışıq üçün arada bir az deyib. O düşünmədi ki, bu məzələnmək sonradan onu meyxanaçıların liderinə çevirəcək. O gözəl qəzəlləri yazan adam, o qəribə meyxanaları deməzdi. O məzələnirdi.  Vahidin qəzəlləri Füzulidən çox oxunurdu. Amma dolanışığı özünə layiq olmayıb.

- Sizin necə, özünüzə layiq oldu?

- Dünyada zəngin bəstəkar eşitdinizmi? Peşəkarlıq zəngin olmağı yasaqlayır. Bəstəkarlar müğənnilərin əlinə baxır. Sovet vaxtı biz musiqini dövlətə satırdıq, müğənni mahnı istəyəndə seçim edirdik.

- Dövlət mahnını neçəyə alırdı?

-  Orta maaş 100-150 rubl idi. Bir mahnıya bir maaş qədər pul verirdilər. Elə bəstəkar var idi 3-4 mahnı verirdi.

- Müğənnilərin mahnınızı alıb müəlliflik hüququnu almasına nə deyirsiniz?

- Bu da düz deyil. Müğənni pul verib mahnının ilk ifaçısı olmaq, mülkiyyət haqqı alır, mahnını yox. Mahnı almaq insanı satın almaq qədər absurd fikirdir. 

- Hansı müğənni ilə işləmək çətin olub?

- Hamısı ilə rahat işləmişəm. İlhaməylə də, Florayla da. Öncədən deyirəm ki, mənim istəmədiyim tərzdə heç kim mənimlə münasibət qura bilməz. Əks halda üzümü son dəfə görəcək.

- Çox müğənnilərə əl tutdunuz. Çətin günlərinizdə əl tutduqlarınız əlinizdən tutdular?

- Yox. Onları ancaq öz karyeraları maraqlandırır. Böyük anlayışlar, vətən, mədəniyyət və s. müğənnilərə maraqlı deyil. İncimirəm. Müğənnilər mənim üçün sadəcə musiqi aləti kimidirlər. Pis mənada demirəm.

- Nəyəsə peşmansınız?

- Heç nəyə peşman deyiləm. Nə etmişəmsə səmimi olmuşam, inanaraq etmişəm.

- Müğənnilərdən dostunuz var?

- Yox. Həyatıma buraxmıram. Boş ver müğənniləri, özünə ziyalı deyənlər belə çətin günlərimdə dəstəkləmədi məni.

- “Hər şey gözəldir həyatda”. Bu mahnınız xüsusən sevildi...

- Bu mahnının yaranmasının maraqlı tarixi var. Şəki teatrında göstəriləcək bir tamaşa üçün mahnı yazırdım. Yazdım, özüm oxudum göndərdim. O vaxt Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova gənc idilər, tanınmırdılar, onlara da oxutmuşdum. Ramiz Həsənoğlu bu mahnıları Şəki teatrında dinləyibmiş. Həmin ərəfədə AzTV haqqımda proqram hazırlayırdı, 50 dəqiqəlik. Mahnılarımı verdilər amma son 5 dəqiqə boş qalıb. Verilişin rejissoru, dostum Ramiz Həsənoğlu düşdü üstümə ki, yenə mahnı ver. Mahnı qalmayıb. Şəki teatrına verdiyim, tamaşa üçün yazılmış iki yarımçıq mahnını birləşdirib bir mahnı elədim. Biri vals idi, biri bir kuplet mahnı. Fikir versəniz, mahnı iki ayrı hissədən ibarətdir. Giriş və son dəyişir. Birləşdirdim, piano, gitara saksafon, Brilliant və mən oxuduq. Əslində imkan yox idi deyə, ansambl yığa bilmədim. Dedim tənqid edəcəklər, əksinə bəyənildi. Hələ də anlamıram niyə? Əvvəl elə bilirdim tərifləyəndə lağ edirlər. Yəqin fərqlilik insanların xoşuna gəlmişdi.

- “Bir yarpaq da vətəndir” demişdiniz...

- Yenə deyirəm. Elə o məni incidən adamlar da vətəndir. Heç bir yerin hər şeyi gözəl deyil. Vətəni bütövlüklə sevmək lazımdır. Hətta sevinirəm ki, məni burdan küsdürdülər, getdim. Sakitlikdə böyük əsərlər yaza bildim. İyuldan burdayam. Bir nota yazmamışam. Tək olmalıyam ki, yazam, yazmadığım günləri heç nə eləmədiyim gün hesab edirəm.

- Qonşularınız sənət yoldaşlarınızın gəlişindən narazılıq edib heç?

- Yox. Aygün Kazımova həmişə gecələr gəlirdi. Qonşulara deyirdim səsdən narahat olsanız deyin. Bəzən deyirdilər açın pəncərəni, konsertə qulaq asaq. Bu qədim binadır, divarları qalındır, səs buraxmır.

- Niyə tək yaşayırsınız? 

- Belə alındı. Yaradıcı insan tək olmalıdır. Tənhalıq pis şeydir. Qızımla, nəvəmlə hər gün danışıram. İstanbulda yaşayırlar. Bir qardaşım qızı var, iki gündən bir zəng edib, yoxlayır ki, görsün sağammı? Tənhalığımın özümə faydası yoxdur, amma sənətə faydası var. Qocalıq, xəstəlik var, kim baxacaq, ölsəm, kim xəbər tutacaq? 

- Keçmiş xanımınız da qızınızla yaşayır?

- Hə. 

- Sevib evlənmişdiniz, niyə ayrıldınız ki?

- Səhvlər oldu, əsas səbəbi deməyəcəm. Məndən də oldu. Ondan sonra da həyatımda qadınlar oldu, hamıda olduğu kimi. Amma qadınlar anlamırlar məni. Mən yaratmaq yazmaq üçün gərək tək olam. Qadınlara bunu anlada bilmirəm. Bu bir növ doğuş sancısı kimidir, intim prosesdir, qadın insanların içində doğa bilər? Ölər amma doğmaz. Mən də elə. Yanımda kimsə olanda bəstələyə bilmirəm. O da anlamır ki, mən sənə nə pislik edirəm, yanındayam da. Başa sala bilmirəm ki, evdə kimsə olanda işləyə bilmirəm. Bax beləcə münasibətlər pozulurdu. Ona görə belə alındı.

# 13770
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Ququş ən çox hansı əri ilə yaşadı? – Onun barəsində bilmədiklərimiz

Ququş ən çox hansı əri ilə yaşadı? – Onun barəsində bilmədiklərimiz

31 yanvar 2023 , 20:15
“Avroviziya – 2023”ün şüar və loqotipi təqdim olundu

“Avroviziya – 2023”ün şüar və loqotipi təqdim olundu

31 yanvar 2023 , 15:13
“Çılpaq” festivalda qalib gəldi

“Çılpaq” festivalda qalib gəldi

31 yanvar 2023 , 12:54
1900 illik sirr  – Zərgərlər məhəlləsində ustalar bu gizlinləri açır - REPORTAJ

1900 illik sirr – Zərgərlər məhəlləsində ustalar bu gizlinləri açır - REPORTAJ

30 yanvar 2023 , 18:07
Onun əlindən sevdiyi kişini aldılar – Məşhur aktrisadan etiraf dolu MÜSAHİBƏ

Onun əlindən sevdiyi kişini aldılar – Məşhur aktrisadan etiraf dolu MÜSAHİBƏ

30 yanvar 2023 , 16:00
“Qız qalası” müstəqil qısametrajlı melodramı beynəlxalq festivalların qalibi oldu

“Qız qalası” müstəqil qısametrajlı melodramı beynəlxalq festivalların qalibi oldu

30 yanvar 2023 , 11:43
Məşhur aktrisa film çəkilişində  ölümdən döndü

Məşhur aktrisa film çəkilişində ölümdən döndü

30 yanvar 2023 , 01:05
Təqib olunub  işdən qovulan   İRANLI AKTRİSA

Təqib olunub işdən qovulan İRANLI AKTRİSA

29 yanvar 2023 , 15:31