Ömürlük həbs cəzası almış terrorçuyla evləndi, həbsxanada yatdı –  Film kimi həyat
30 mart 2023 20:15 (UTC +04:00)

Ömürlük həbs cəzası almış terrorçuyla evləndi, həbsxanada yatdı – Film kimi həyat

Bizim tamaşaçılarımız Nur Süreri “Camdakı kız” serialı ilə daha çox tanıdılar. Filmdə zabitəli, avtoritar, üzü heç bir zaman gülməyən, psixoloji problemləri olan  ana obrazını məharətlə oynayırdı. Bu günlərdə “Ailə”  serialı ilə yenidən hökmran qadın xarakteri ilə qarşımıza çıxır. Bəs əslində o həyatda necədir?

Lent.az “Göz önündə” rubrikasında kinoaktrisa Nur Sürerlə bağlı maraqlı məlumatları təqdim edir.

Hər nə qədər mühafizəkar qadın obrazlarıyla məşhurlaşsa da, o əslində külək qədər azad bir insandır. Özü belə deyir.

Nur Sürer 1954- cü il 21 iyunda Bursada doğulub. Əsl adı Şennurdur. Atası Dağıstandan, anası Albaniyadan idi. Müsahibələrindən birində dediyinə görə, anası Rabia oynadığı Fəridə obrazı kimi sərt və basqıçı bir qadın olub.
“Evdə 3 bacı idik. Anamın bir tək mənə sözü keçmirdi. Tez-tez evdən qaçıb etiraz aksiyalarına qoşulur, rəqs etmək üçün diskotekalara gedirdim. Çılğın və asi bir gənc idim. Bütün ömrüm boyu elə yaşadım. Nə kimdənsə icazə istəmədim, nə də kiməsə təzyiq göstərmədim”,- deyə o bildirib.

O, Türkiyənin “Oskar” mükafatı almış azsaylı aktyorlarındandır. Nur Sürer siyasi baxışları və  qadın hüquqlarının qorunması dərnəklərində aktiv fəaliyyəti ilə də tanınır. 

2007-ci ildə 1 Mayla bağlı ölkədə keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə, polis tərəfindən saxlanılıb, 1 gün nəzarətdə saxlanıldıqdan sonra buraxılıb.

Karyerasında ilk addımlarını Almaniyada model kimi başlayıb. Siması ilə öncə reklamçıları cəlb edib. Bir reklam filmində oynadıqdan dərhal sonra film təklifi alıb. Çəkildiyi ilk film “Sinderella” filmi (1970-ci il) olub. 
1991-ci ildə oynadığı “Ümidə yolçuluq” filmi “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatı, Nur isə ən yaxşı aktrisa nominasiyasında “Oskar” alıb.

Nur Sürer özünü çox gözəl və cazibədar qadın hesab edir. Filmlərdə  təbii üz cizgilərinin önəmini başa düşən aktrisa estetik əməliyyatlardan, botoks iynələrindən uzaq durur. Tamaşaçılara oynadığı obrazlarına görə yaşlı, sərt, kinli görünə bilər, amma rejissorlar da onu yaşına rəğmən çəkici, cazibədar qadın hesab edirlər.

Nur və birinci əri Bülent Kayabaş

Aktrisa ilk dəfə 1981-ci ildə kinoaktyor Bülent Kayabaş ilə evlənir. Sevginin öldüyünü  anlayan cütlük bir müddət sonra dost kimi ayrılır. Çünki Nur üçün əsas olan şey mehriban, hüzurlu bir ailə yox, çılğın sevgiydi. Bu evlilikdən Ümid adlı bir oğlu var.

Nur və oğlu

İkinci evliliyi uğursuz nəticələnən Nur yenə ərindən ayrılmaq yolunu seçir və 1994-cü ildə Sarp Kuray adlı bir nəfərə aşiq olub ərə gedir. Maraqlı məqam budur ki, Sarp Kuray həmin illərdə silahlı solçu terror dəstəsinin lideri olaraq ömürlük həbsə məhkum edilmişdi.

Nur və əri Sarp bəy

Nur ərinin dalınca düz 8 il İstanbuldan Diyarbakıra həbsxana yollarını gedib-gəlib. Onu buna vadar edən tək qüvvə eşq idi. Öz dediyinə görə, düz 8 il hər şənbə günü həbsxana divarları arasında yatıb, lakin ərinin qolları arasında keçən bu günlər onun üçün əvəzolunmaz və gözəl idi. 8 il sonra əri bəraət alıb həbsdən çıxır.

O, 69 yaşındadır və hələ də eşq olmadan yaşaya bilmərəm deyir. Ərini dəli kimi sevdiyini bildirir.
Nur müsahibəsində “Ərimin harada olduğunu bir o həbsdə olarkən bilirdim. Heç bir zaman ona haradasan sualını vermədim, nə o məndən soruşdu, nə mən ondan”, deyib.
60-a yaxın filmdə yaddaqalan obrazlar yaratmış, saysız - hesabsız kino mükafatlarını almış bu qadın indi də türk kinosunda ən çox tələb görən aktrisalardandır. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12996
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar