Niyə sandığa qayçı atar, "kəkil çıxaran" qızı ərə verərdilər? – "Belə yaranıb"
09 dekabr 2023 17:38 (UTC +04:00)

Niyə sandığa qayçı atar, "kəkil çıxaran" qızı ərə verərdilər? – "Belə yaranıb"

Xalq mahnılarını dinləyərkən çox vaxt eşitdiyimiz cümlələri anlamadan üstündən keçirik. Halbuki, diqqətlə qulaq asıb araşdırsanız, tarixin tozlu səhifələrini çırpıb, çox sirlərdən agah olacaqsınız

Lent.az bir “Belə yaranıb” rubrikasında bir neçə nümunəni təqdim edir.

Qayçı atdım sandığa
Cingildiyə-cingildiyə.
Gəlir oğlan adamı 
Dingildiyə-dingildiyə.

Bu xalq mahnısının ilk bəndi maraq yaradır. Nə üçün sandığa qayçı atırlarmış, oğlan evi kimdir, haradan çıxdı?

Keçmişdə gəlin hamilə olanda onun oğlan və ya qız doğacağını müəyyənləşdirmək üçün iki sandıqça götürüb birinə qayçı, birinə bıçaq qoyardılar. Gəlin içində qayçı olan sandığı seçərdisə qız, bıçaq olan sandığı seçərdisə, oğlan doğacaq deyərdilər. Qızı doğulacağını bilən analar, nənələr də bu mahnını oxuyub, qıza elçi gələcəyini, onun üçün qapılarında toy olacağını belə bir mahnı ilə ifadə edərdilər. Bəlkə də, qız atası olmaq istəməyən atalara belə təsəlli verərmişlər.
 
Xalq mahnılarında xanımların saçları ilə bağlı çoxlu ifadələr yer alır. Məsələn,

“Saçlarını yan dara qız,
Ay qaşı-gözü qara qız”.
 
“Saçın uzun hörməzlər, 
  Səni mənə verməzlər”.

Qədimdə türk qızları və gəlinləri saç düzümləri ilə bir birlərindən fərqlənərdilər. Gəlinlər saçlarını ortadan, subay qızlar yandan ayırardı. Saçın ucunu hörmək pis əlamət hesab olunurdu. Qoca və dul qadınlar saçlarını lap uca qədər hörərdilər. Gəlinlər saçlarına qoşa, subay qızlar bir hörük vurardılar. Hörüklərin sayı ilə qızın subay olub-olmadığı bəlli olurdu. 
 
Başqa bir nümunə:

“Ay qız, sənin nə vədəndir,
  Kəsilib qısa tellərin?”

Ərgənlik yaşına çatmış qızlar saçlarının önünü qısa kəsdirib, örpəkdən kəkillərini (çolka) çölə çıxarardılar. “Qız kəkil çıxardı, ərə ver getsin” ifadəsi də burdan qalıb.

Aşıq "sənin nə vədəndir, tellərin qısa kəsilib?" deyərkən qarşısındakı gözəlin yaşının azlığına, yeniyetmə olmasına işarə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4992
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar