Məşhur “I əməliyyatı”  filminin Bakıda çəkilişinə nə mane olub? - MARAQLI
16 avqust 2022 20:15 (UTC +04:00)

Məşhur “I əməliyyatı” filminin Bakıda çəkilişinə nə mane olub? - MARAQLI

Bu gün sovet kinosunun incilərindən sayılan “I əməliyyatı və Şurikin digər macəraları” filminin ekranlara çıxmasından 67 il ötür.

Film 1965-ci il avqustun 16-da SSRİ-də nümayiş olunmağa başlamış və qısa zamanda komediya janrının klassik nümunəsinə çevrilib. Maraqlıdır ki, filmin əsas çəkilişləri Bakıda keçirilə bilərdi amma kiçik təsadüf buna mane olub.

Lent.az Azərbaycanda da çoxsaylı pərəstişkarları olan “I əməliyyatı və Şurikin digər macəraları” filmi ilə bağlı maraqları faktları təqdim edir.

Həmin faktlar arasında Bakı ilə bağlı maraqlı bir detal da var.

“I əməliyyatı və Şurikin digər macəraları” Leonid Qaydayın ilk tam mənada uğurlu uzunmetrajlı filmi idi. Moris Slobodskoy və Yakov Kostyukovski ilə birlikdə ssenari yazan rejissor ilk vaxtlar filmə “Qeyri-ciddi əhvalatlar” adı qoymaq istəyib. Film 2 novelladan ibarət olmalı imiş. İlk ssenarilərdə Aleksandr Demyanenkonun canlandırdığı qəhrəmanın adı da Şurik yox, Vladik nəzərdə tutulub. Zamanla filmin ssenarisi müəyyən dəyişikliyə uğrayır və çəkilişlər ərəfəsində hazır olan yekun ssenari Şurik obrazının birləşdirdiyi “Ortaq”, “Qarabasma” və “I əməliyyatı” novellalarından ibarət olur.

Natura çəkilişləri ilk olaraq 1964-cü ilin iyununda Moskvada başlayır. Filmin ilk novellası olan “Ortaq” Moskva və Moskva vilayətində çəkilir. Milis idarəsini “Mosfilm”in laboratoriyalarından birində təsvir etmişdilər. Tikinti ilə bağlı məşhur səhnələr isə 1964-cü ilin iyulunda 30-dan başlayaraq Moskva şəhərinin Sviblovo rayonunda çəkilir.

“Ortaq” novellasının çəkilişləri uğurla davam etsə də, texnikada yaranan problem, qəfil başlayan yağış və s. “Qarabasma” adlı ikinci novellanın çəkilişlərinin Moskvada davam etdirilməsini mümkünsüz edir. Moskvada sonuncu dəfə 1964-cü ilin oktyabrın əvvəllərində çəkilişlər aparılır.

Leonid Qayday və çəkiliş qrupu yay çəkilişlərini davam etdirmək üçün cənub regionuna getməyə qərar verirlər.

Belə ki, Qayday operator və bədii tərtibatçı ilə birlikdə “Qarabasma” novellasının natura çəkilişləri üçün lokasiya seçmək məqsədilə Bakıya gəlir. Amma Bakıda hava şəraiti onların ürəyincə olmur. Açıq və günəşli havada çəkilişlərə ehtiyac duyan yaradıcı heyəti Bakıda yağışlı və buludlu hava qarşılayır.

Belə olan halda çəkilişlərin Odessada davam etdirilməsi barədə qərara gəlinir. Amma burada da çəkiliş qrupunu uğursuzluq izləyirdi. Belə ki, oktyabrın 21-nə təyin olunan çəkilişlər aparıcı aktyor Aleksandr Demyanenkonun soyuqdəyməsinə görə təxirə düşür. Ayın 25-də çəkilişlər bərpa olunsa da, bu dəfə hava şəraiti qəfil pisləşir. Və nəticədə “Lidanın evinə doğru” səhnəsi məcburiyyətdən fasilələrlə çəkilməli olur.

Odessada çəkilişlər zamanı Şurikin əyni təsadüfən bitum maddəsinə bulaşır. Ehtiyatsızlıqdan bitum alışır və çəkiliş meydançasında yanğın başlayır. Yağını çəkiliş qrupu çətinliklə söndürür.

Üçüncü və ən uğurlu novella – “I” əməliyyatı” novellası üçün isə çəkilişlər qışa saxlanılır. Yuri Nikulin, Georgi Vitsin və Yevgeni Morqunovdan ibarət məşhur Trus, Bolbes və Bıvalıy (Axmaq, Qorxaq və Çoxbilmiş) triosunun çəkildiyi novellanın Leninqradda qarlı havada çəkilişi planlaşdırılır. Amma bu dəfə də hava Qayday və komandasını çətinə salır. Leninqradda hava günəşli keçir. Nəticədə qar səhnəsinin realist olması üçün uzaq şəhərlərdən qarla dolu 12 yük maşını gətirilir. Amma çəkilişlər başlamamış həmin qar da əriyir. Belə olan halda, Qayday pambıq və naftalindən istifadə edərək ekranda süni qar effekti yaratmağı qərarlaşdırır.

Bu addım çox uğurlu alınır və tamaşaçılar bu günə kimi “I əməliyyatı” novellasındakı səhnələrdə əsl qarlı havanın olduğunu zənn edirlər.

1965-ci il fevralın 25-də senzura funksiyalarını icra edən Bədii Şura filmi müzakirəyə çıxarır. Bəzi səhnələrin filmdən çıxarılması tələb olunur və ona 2-ci dərəcəli film kateqoriyası verilir.

Amma “Mosfilm”in baş direktoru V.Surinin Kinematoqrafiya üzrə SSRİ Dövlət Komitəsinin sədri A.Romanova məktubundan sonra filmə tətbiq edilən senzura yumşaldılır və ekranlara çıxmaq üçün 1-ci dərəcəli kateqoriya verilir.  

“I əməliyyatı və Şurikin digər macəraları” filmi 1965-ci il avqustun 16-da ekranlara çıxır və ilk gündən böyük ajiotaj yaradır. Yüngül komediya janrında çəkilsə də, Sovet cəmiyyətinin bir sıra çatışmazlıqlarını yumoristik dillə əks etdirən filmdə səslənən bir çox ifadələr xalq arasında geniş yayılır, bəzi səhnələr isə üstündən 57 ilk keçməsinə rəğmən hələ də tamaşaçını güldürməyə və düşündürməyə qadirdir.

# 8670
avatar

Vüqar İsmayılov

Oxşar yazılar