“Mən saytlardan yazı sildirməmişəm” – Kinostudiyanın direktoru
03 mart 2022 21:44 (UTC +04:00)

“Mən saytlardan yazı sildirməmişəm” – Kinostudiyanın direktoru

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, rejissor Fariz Əhmədovun APA-ya müsahibəsi

– Fariz bəy, deyəsən, səfəriniz yaxşı keçib.

– Hə, bildiyiniz kimi, 7-15 fevral tarixlərində Moskvada Mədəniyyət Nazirliyinin dəstəyi, Rusiya Dövlət Fondunun təşkilati dəstəyi ilə Rusiya Film Fondunun “İllizion” kinoteatrında “Azərbaycan film həftəsi” keçirildi. Və orada biz 15-dən artıq filmlə çıxış etdik. Bunlar janr, forma, rejissorluq, quruluş baxımından müxtəlif tipli filmlər idi. Bu filmlərdən biri də mənim rejissoru olduğum film idi. Yetərincə maraqlı və uğurlu bir həftə və tarixçilərdən tutmuş, kulinarlara qədər hər kəsin diqqətini çəkdiyi bir layihə oldu. Onu da qeyd edim ki, sözügedən kinoteatrın özünün xüsusi tamaşaçı kütləsi var. Yəni o kütlə , film anlayışı kifayət qədər olan intellektual kütlə sayılır. Bu baxımdan, hesab edirəm ki, bizlər üçün orada nümayiş kifayət qədər uğurlu və təbliğat səciyyəli oldu.

– Hazırda olduğunuz postdan qiymət verəsi olsaq, Azərbaycan filmi bu gün üçün hansı səviyyədədir?

– Vallah, bu çox çətin sualdır, əslində. Çünki Azərbaycan filminin bugünkü durumunu qiymətləndirmək bir az qarışıq məsələdir. Desəm ki, Azərbaycan kinosu çox yaxşı səviyyədədir, yanlış olar, eyni zamanda, desəm ki, çox pis durumdadır, yenə də qərəzli alınar. Amma belə deyim ki, digər incəsənət sahələri ölkədə hansı durumdadırsa, fikrimcə, Azərbaycan kinosu da bu gün eyni aqibəti yaşayır.

– Yəni necə?

– Kifayət qədər uğurlar da var, nöqsanlar da. Eyni zamanda görüləsi işlər də, müəyyən mənada səhvlərimiz də var. Bilirsiniz, buna biz müxtəlif prizmalardan yanaşıb müxtəlif fikirlər irəli sürə bilərik. Yəni burada konkret kinodan söhbət gedirsə, birinci növbədə ölkədə neçə film istehsal olunub, hansı festivallarda çıxış edib, hansı uğurları qazanıb kimi suallar ətrafında düşünməli və ona uyğun nəticəyə gəlməliyik. Məsələn, pandemiya dövrü, əlbəttə ki, bizdə də durğunluqla yadda qaldı. Amma artıq yavaş-yavaş bu durğunluğu aradan qaldırmağa çalışırıq. Məsələn, ötən il 4 bədii film istehsal olundu, onlardan üçü sırf “Azərbaycanfilm” kinostudiyasında, biri isə “Nərimanfilm”lə ortaq şəkildə istehsal olundu. İki filmin istehsalı artıq tam şəkildə bitib. Bunlar Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” və Vasif Rüstəmovun “Mərmər soyuğu” filmləridir. Eyni zamanda, Elçin Musaoğlunun “Məryəm” filminin hazırda Türkiyədə səs və kover işləri tamamlanmaq üzrədir. Eynilə “Nərimanfilm”in də “Doğma torpaq” layihəsi postprodakşın mərhələsindədir.

– Bəs televiziyalarla necə, ortaq layihələriniz varmı?

– Bəli, əlbəttə, məsələn, keçən il 12 seriyalıq “Xosrov və Şirin” serialını İctimai televiziya ilə birgə istehsal etmişdik, eyni zamanda, “Bizim kino” adlı həftəlik kinojurnalın istehsalı da ötən il tamamlandı. Sözügedən kanalda “Görünməyən qəhrəmanlar” silsiləsindən 5 filmi tamaşaçılara çatdırdıq. Daha sonra Bakı Media Mərkəzi ilə də ortaq layihəmiz oldu, “Biz” filmini istehsalını bitirdik. Həmçinin əvvəlki illərdə çəkilmiş “Evimiz abad” filminin əsasında olan beş seriyalıq “Köşk” televiziya serialının da adını çəkə bilərik. Bu baxımdan, dediyimiz kimi, ötən il həm çətin, həm də məhsuldar il oldu.

– “Həyat, deyəsən, gözəldir” filmindən söz düşdü bayaq, dediniz ki, çəkiliş prosesi tam yekunlaşıb. Bəs filmin təqdimatı nə vaxta planlaşdırılır?

– İstənilən film istehsaldan sonra festival həyatı yaşayır. Yəni filmin çəkilişləri bitən kimi onu kinoteatra vermək düzgün deyil. Bu baxımdan, “Mərmər soyuğu” və “Həyat, deyəsən, gözəldir” filmləri də festivallara hazırlaşırlar. Onlar bitdikdən sonra, təqribən, ilin sonlarına doğru həmin filmləri kinoteatrlarda görə biləcəyik.

– Fariz bəy, niyə məhz Vaqif Mustafayev? Bizdə artıq yeni nəsil rejissorlar da yetişib, amma bu iş niyə onlara həvalə olunmadı?

– İlk olaraq onu deyim ki, filmin ssenari müəllifi Vaqif Mustafazadə özü idi. Yəni Mədəniyyət Nazirliyinə onun layihəsi kimi təqdim edilmişdi. Ümumiyyətlə, nazirlik bu tip layihələrin sifarişini bir neçə istiqamətdə təşkil edir ki, bunlardan biri də müsabiqə formasıdır. Məsələn, keçən il “Böyük qayıdış” layihəsi var idi ki, bu xətlə biz iki film çəkdik. Bunlar “Fulya” sənədli filmi di, bunu Türkiyə ilə ortaq şəkildə etdik, digəri isə “Müharibə uşaqlar” filmi idi. Vaqif müəllim də ssenarini müharibədən dərhal sonra təqdim etdi, nazirlik də bəyəndi və filmin sifarişi “Azərbaycanfilm”ə verildi. Yəni dediyim odur ki, gənclər də eynilə ideya və ssenari ilə çıxış etsələr, düşünürəm ki, Mədəniyyət Nazirliyi dərhal müsbət reaksiya verər. Ən əsası isə, Vaqif Mustafayev brendi məsələsi və rejissorun uğurlarının da burada rolu var.

– Amma Vaqif müəllimlə işləməyin heç də asan olmadığını deyirlər.

– Vallah, bunu mən də tez-tez eşidirəm, hətta onu da deyim ki, həmkarlarımız proqnoz verirdi ki, filmi bitirə bilməyəcəyik. Amma mən kinostudiyanın direktoru kimi Vaqif müəllimlə heç bir problem yaşamadım. Əksinə, bu yaşda Vaqif müəllimin iş rejimi, məsuliyyəti məni çox təəccübləndirdi. Söhbət 20 saatdan artıq iş rejimindən gedir. Bütün bunların fonunda isə rejissor işinin tam peşəkarıdır, kimin nə vaxt harada və necə olmalı olduğunu dəqiq təyin edə bilirdi ki, bu da çəkiliş zamanı əsas məsələlərdən biridir.

Belə bir deyim var ki, bir insanı tanımaq üçün onunla yola çıxmalısan, mən öz praktikamda bu ifadəni “Hər hansı bir insanı tanımaq istəyirsənsə, onunla işləməlisən” kimi görürəm. Mənim fikrimcə, Vaqif müəllimlə çox rahat işləmək, anlaşmaq olur.

– Pandemiya ilə əlaqədar bir sıra filmlərin çəkiliş prosesi dayandırılmışdı. Bunlar içərisində “Manpası qutusu” filmi də var idi.

– Doğrudur, “Manpası qutusu” filmi ilə yanaşı bir sıra filmin çəkilişlərini Mədəniyyət Nazirliyində baş verən dəyişikliklərdən sonra tamamilə dayandırılıb. Yəni bu layihələrin davamı olmayacaq.

– Kino sahəsi həm də bir millətin faciəsini dünyaya çatdırmaq üçün əsas vasitələrdən biridir. Sizcə, Azərbaycanda bu yöndə film çəkilişləri qaneedicidirmi? Məsələn, Xocalı faciəsini əks etdirən nə qədər filmimiz var?

– Mədəniyyət Nazirliyi həm indi, həm də əvvəlki dönəmdə hər il istehsal olan filmlər içərisində mütləq şəkildə Qarabağ mövzusunu əks etdirən filmlərə yer verirdi. Ümumiyyətlə, belə bir deyim də var ki, müharibə haqqında ən yaxşı filmlər elə müharibədən sonra çəkilir. Bu bizim praktikada da belədir. Məsələn, “Görünməyən qəhrəmanlar” layihəsi bizim zəfərimizin əsas memarlarını tanıtmaq üçün idi ki, o layihə üzrə 1000 saatlarla material çəkilib. Hazırda həmin silsilədən növbəti 5 filmin istehsalı davam edir. Amma nə qədər üzücü olsa da, deyim ki, mən özüm bir ildən artıqdır ki, burada rəhbərlikdəyəm, təəssüflər olsun ki, bu vaxt ərzində bu mövzuda bizə təqdim edilən sanballı bir işə rast gəlməmişəm.

– Sizcə, səbəb nədir? Yəni bu mövzu bizim üçün həmişə aktualdır, eləcə də dünyaya çıxarıla biləcək ən əsas mövzulardan biridir.

– Sözsüz ki, mövzu həmişə aktualdır, sadəcə burada bir şeyi nəzərə almaq lazımdır ki, bu, məcburi bir iş deyil və olmamalıdır. Kimisə bu mövzuda ssenari yazsın deyə məcbur etmək olmaz. Ümumiyyətlə, kino sahəsi yaradıcılığın elə sahəsidir ki, bu, birinci növbədə müəllifin marağında olmalıdır. Məsələn, mənim “Fəryad”dan bu yana Xocalı faciəsi ilə əlaqədar film yadıma gəlmir, təəssüf. Amma “Nərimanfilm”in çəkdiyi film sırf bu hadisələri özündə əks etdirir. Yəni bunun davamı da, yəqin ki, olacaq.

– Bu film də, yəqin ki, festival həyatı yaşayacaq, sonra kinoteatrlarda nümayiş olunacaq.

– Bu, hər bir rejissorun arzusudur, istəyidir. Çünki müəlliflər istəyir ki, film həm də festivallarda səs-küy yaradıb sonra ölkədə nümayiş olunsun. Nə dərəcədə uğurlu olub-olmamasını isə zaman göstərəcək.

– Kino şöbəsinin adı dəyişdirildi. Ümumiyyətlə, bu addəyişmə onların fəaliyyətinə nə kimi təsir göstərəcək?

– Şöbə və onun fəaliyyəti haqqında nəsə deməyim, məncə, düz olmaz. Çünki özüm də o şöbəyə tabe olan bir qurumun rəhbəriyəm. Amma onu deyim ki, kinonun gələcəkdə hansı konseptdə inkişaf vəd edəcəyi haqda bir yol xəritəsi var. Daha çox müsabiqə şərtləri və özəl sektorların dəstəklənməsi bura daxildir. Məsələn, bəzən özəl şirkətlər narazılıq edirlər ki, niyə müsabiqə məbləğləri azdır? Bu da başadüşüləndir. Çünki nazirlik milyonları birdən-birə hansısa özəl şirkətə etibar edə bilməz. Üstəlik, bu tip sektorların zamanında uğursuzluqlarını da görmüşük ki, bunun da təsiri var. Keyfiyyətli iş görən, vaxtlı-vaxtında məhsulu təhvil verən şirkətlər ortaya çıxdıqca hesab edirəm ki, dövlət studiyalarının da yükü azalacaq, özəl şirkətlər üçün şərait yaranacaq. Məsələn, bu il özəl sektorlar üçün tammetrajlı filmlərə dəstək yönündə müsabiqə elan olunub və 100 000 manat vəsait ayrılıb.

– Kino Agentliyinin yaradılması prosesi necə, başlayıbmı?

– Mən bildiyimə görə, artıq rəsmiləşmə prosesi gedir. Yəni nazirlik edə biləcəyini edib, bundan sonrakı mərhələ artıq Cənab Prezidentin Sərəncamını gözləməkdən ibarətdir.

– Fariz bəy, sosial şəbəkələrin, “Youtube” kimi platformaların yaratdığı meydan o sahədən böyük filmə gəlməyə cəhd edən blogerlərin də yaranmasına səbəb olur. Sizcə, bu böyük kino üçün nə dərəcədə uğurludur. Nəzərə alsaq ki, onların əksəriyyətinin aktyor-rejissor təhsili yoxdur.

– Çox maraqlı sualdır. Onu demək lazımdır ki, burada fərqli adamlar və fərqli nəticələr var. Yəni hamısı eyni tempdə qalmır, getdikcə filmdən filmə inkişaf hiss olunanları da var. Bu tendensiya dünyanın özündə də eyni şəkildədir, burada diplom heç bir halda önəm daşımır. Əsas istedaddır. Məsələn, Taleh Yüzbəyovun sonuncu filmi (Taleh Yüzbəyov – “Zəhər tuluğu” filmi nəzərdə tutulur – N.P.) yetərincə ciddi bir tendensiyanın başlandığının siqnalını verdi, məncə.

Bu, elə bir sahədir ki, ya filmdən filmə inkişaf edirsiniz, ya yerinizdə sayırsınız, ya da ki, təmiz batırsınız. Dediyim kimi, Yüzbəyovun son filmi yetərincə keyfiyyətli film idi və bu tip uğurlu filmlər, sözsüz ki, bizi ancaq sevindirə bilər. Yəni bu adamlar özəl sektoru film istehsalına cəlb edir, ondan pul qazana bilirlərsə, bu uğur deməkdir. İnanıram ki, bu həm də tamaşaçını da sevindirir.

– Bizdəki kommersiya filmlərinin böyük əksəriyyəti komediya janrındadır. Buna səbəb nədir, sizcə?

– 90-cı illərin əvvəlindən populyar bir söz var – keçid dövrü. Hərdən biz də bunu istifadə edirik ki, hansısa bir sahədə hələ ki, keçid dövrü davam edir. Bax bu sahədə də keçid dövrü hələ ki, bitməyib. Əslində, başlanğıc üçün komediya filminin olması normaldır, onun sonradan dram, melodram janrına keçməsi isə gözlənilən haldır, sadəcə bizdə bu bir az gecikir. Bunun əsas səbəbi, məncə, tələbatdır, yəni komediya filmlərinə tamaşaçı gedir, maraq göstərir, ona görə də bu janra daha çox müraciət olunur. Amma bayaq da dediyimiz kimi Taleh Yüzbəyovun, Orxan Mərdanın son işi tamaşaçı üçün ciddi bir iş və ciddi bir mövzu ortaya qoydu. Əlbəttə ki, komediya filmlərinin çəkilməsində elə də bir qəbahət yoxdur, dünya statistikasına görə, tamaşaçıların kinoteatrlarda baxdığı filmlərin 50 faizi komediya filmləridir.

– Komediyadan komediyaya da fərq var.

– Razıyam. Amma bir şey də var ki, əsl komediya filminə çatana qədər də müəyyən bir mərhələni adlamaq lazımdır. Xatırlayırsınızsa, bir ara ildə 30-a yaxın film istehsal olunurdu. Amma indi necədir? Ələniblər sanki. Ən sonda hər şeyə, təbii ki, tamaşaçı qərar verir. O, rejissorun növbəti filminə gedirsə, deməli, ondan gözləntisi var. Bilirsiniz, bu gün tamaşaçı filmə rejissoruna, aktyoruna görə gedir. Məsələn, bu yaxınlarda “Nizami” kinoteatrında seansa baxdım, orada satılan filmlərin heç birinin posteri yox idi. Niyə? Çünki tamaşaçı artıq o filmi eşidib, onun piarı tamaşaçıya çoxdan təsir edib. Eyni proses bizdə də o şəkildə olacaq. Tamaşaçı özü öz müəllifini seçə biləcək.

– Filmlərdəki senzura məsələsindən danışaq. Bu gün Azərbaycan filmində hansı senzuralar var?

– Mən gördüyüm qədəri ilə heç bir rejissora siz deyən şəkildə senzura tətbiq olunmur. Bir şeyi nəzərə almaq lazımdır ki, dövlət filmindən söhbət gedirsə, hansı ssenariyə pul verməyə dəyib dəymədiyinə dövlətin ideologiyasını müəyyənləşdirən qurum cavabdehdir. Yəni burada seçim məsələsi var, adamlar ssenari ilə gəlir, amma dediyimiz mərhələni keçə bilmir, narazılıqlar olur. Bu da təbii prosesdir. Qısası, mən bir il üç aydır ki, bu postdayam, amma dediyiniz kimi senzura və ondan doğan qadağalara rast gəlməmişəm.

– Vulqar ifadələr necə, bunun üçün hansısa sərhəd təyin olunurmu?

– Kinonun öz dili var. Aktyor, rejissor, ssenarist peşəkardırsa, onlar asanlıqla görə bilir ki, bu söyüşü başqa bir sözlə ifadə eləmək olar. Asif Rüstəmovun “Mərmər soyuğu” filmində də yetərincə küçə leksikonu var. Amma bu o səviyyədə deyil ki, tamaşaçı baxanda utansın, ya nəsə qeyri-adi reaksiya versin. Mən özüm də, əlbəttə, filmdə aşırı söyüşün əleyhinəyəm. Kino tamaşaçının ruhuna işləməlidir. İstənilən halda, dediyimiz vulqar ifadələrin mən də əleyhinəyəm.

– Posta gəldiyiniz zamandan bəri bəzən belə söhbətlər gəzir ki, sırf sizin haqqınızda, kinostudiyanın fəaliyyəti haqqında tənqidi yazılara aqressiv reaksiya verirsiniz. Yazıları sildirirsiniz.

– Siz konkret fakt desəniz, daha yaxşı olar.

– Məncə, ad çəkməyim, istinad verməyim düz olmaz.

– Onu deyə bilərəm ki, mənim tərəfimdən hansısa bir yazının silinməsi olmayıb. Bir neçə yazı olmuşdu, düzdür, biz də sayt rəhbərliyinə müraciət etdik ki, o yazılara görə sizi məhkəməyə verəcəyik. Onlar da yazıları götürüblər.

– Mən elə bunu deyirdim, Fariz bəy. Niyə məhkəmə?

– Çünki yazı qərəzli idi. Sübutsuz, sadəcə qərəzdən ibarət bir yazı idi. Biz müraciət etdik ki, bunu yazmısınızsa, yaxud sizin müəllif yazıbsa, bəs onun əlində bu haqda fakt varmı? Varsa, təqdim etsin. Yoxdursa, bizim onları məhkəməyə verməyimiz normaldır.

– Silindimi yazılar?

– Bəli, bir neçə yazı silindi, bu da o deməkdir ki, dediyimiz kimi, o yazılar faktsız, sübutsuz idi.

– Yəni tənqidə açıqsınız.

– Bəli, tamamilə.

– Milli Məclisin deputatı Fazil Mustafanın çıxışını xatırlayırsınız, yəqin.

– Bəli, xatırlayıram. Siz də bilirsiniz ki, “Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu” 1998-ci ildən qüvvədədir. Zamanla müəyyən maddələrində dəyişikliklər aparılıb. Amma 1998-ci ilin dünyası ilə indiki dünya eyni deyil. Dünyada kino sahəsində baş verən dəyişikliklər bütün normativ hüquqi sənədlərə də öz təsirini göstərir. Hazırda Mədəniyyət Nazirliyində bununla bağlı təkcə qanunla yox, bu sahədə qəbul olunmuş digər normativ hüquqi sənədlərdə dəyişikliklər aparılması ilə bağlı iş gedir. Əlbəttə, layihələr tam hazır olduqdan sonra müvafiq orqanlara da göndəriləcək, təklif və rəylər nəzərə alınacaq və proseduruna görə bu sənədlər müəyyən qurumlara təqdim olunacaq.

– Son olaraq, yeni hansısa bir layihə olacaqmı? Xüsusən, Qarabağla bağlı.

– Bəli, Qarabağ müharibəsi haqqında film olacaq. Hazırda nazirlik tərəfindən sözügedən layihənin müəyyənləşdirmələri aparılır. Yəqin ki, iki-üç aya mediaya bu haqda məlumat veriləcək. Yeri gəlmişkən, bizdə artıq bu tip layihələr təkcə dövlət maliyyəsi ilə reallaşmır. Biz artıq son filmlərimizə özəl sektorları da cəlb edə bilirik. Bu da çox yaxşı haldır, məncə.

# 1779
avatar

Oxşar yazılar