O, həyatda heç birinə nail ola bilməsə də, səhnədə gözəl ana, nənə, xoşbəxt həyat yoldaşı obrazlarını yaradıb. Bütün ömrünü sənətinə, səhnəyə bağlayıb, saysız-hesabsız tamaşalarda oynayıb, seriallarda çəkilib.
Lent.az-ın müsahibi rəngarəng obrazları ilə tamaşaçı sevgisi qazanmış Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası Gülcahan Salamovadır.
- Gülcahan xanım, çox az müsahibə verirsiniz. Canlı verilişlərdə görmürük sizi. Yazanda cavab verdiniz ki, tanımadığınız nömrələri açmırsınız. Niyə qaçırsınız?
- Hə. Bir də görürsən zənglər gəlir tanımadığım adamlardan. Sevmirəm belə şeyləri. Mediadan isə qaçmıram, sadəcə danışmağı sevmirəm. Susmağa üstünlük vermişəm (düşünür). Amma, axır vaxtlar görürəm susmaq qızıl deyilmiş, ağlamayana süd vermirlərmiş.
- Aktrisa Gülcahan xanımı bir neçə cümlədə oxucularımıza necə təqdim edək?
- 1963-cü ildə Bakıda doğulmuşam. 1988-ci ildə ali məktəbi bitirən gündən bu teatrda işləyirəm. 36 ildir burdayam.
- 36 illik əməyin qiymətini almısınız?
- İndiki vəziyyətə baxılarsa, yox. Gözləyirəm. Qismət Allahdan. 10 ildən çox baş rollarda oynamışam. Arada 4 il Afaq xanımın “Bəşir” teatrında işlədim, amma burdan da qopmamışdıq, teatrların çətin günləri idi onda.
Afaq xanımın yaratdığı “Bəşir” teatrı ilə çox qastrollarımız olub, rayon-rayon gəzirdik, mədəniyyət evləri ağzına qədər dolu olurdu, insanlar ayaq üstə dayanıb izləyirdilər hətta. Hər buraxılış efirə verilirdi, insanlar sevərək tamaşa edirdilər. Çox populyarlaşmışdıq.
- Niyə fəaliyyəti dayandı bəs?
- Niyəsini deyə bilmərəm. Hər bir halda dövlət teatrı dövlət teatrıdır da, yenidən qayıtdıq bura.
- Həmişə xarakterik rollarda oynamısınız ?
- Yox baş rollarım çox olub. Teatra gələndən elə “qeroinya”ları oynayırdım. Sonra keçdim xarakterik rollara. Əslində elə tamaşalar var ki, orada hamı baş qəhrəmandır. “Molla Nəsrəddinin 5 arvadı” tamaşasında hamı baş rol sayılır. “5 manatlıq gəlin”, “Adamın adamı”... Bu tamaşalarda hamısı əsas roldur. Rolun böyüyü kiçiyi yoxdur. Əsas odur sevə-sevə oyna. Heç vaxt rola başdansovdu yanaşmamışam.
- Heç yorulmursuz?
- İllər məni yorub, həm də çox yorub. Amma bunu tamaşaya sızdırmamalıyam. Tamaşaçının nə günahı var?
- Nələr yorub sizi?
- Bəlkə yaşım. Bəlkə qiymətimin verilməməsi. İnsana əməyinin qiymətləndirilməsi stimul verir.
- 36 illik əmək və siz heç bir fəxri ad almamıısınız.
Deyəsən bu yerdə özüm də istəmədən Gülcahan xanımın yaralı yerinə toxunuram.. Gözləri dolur.
- Birdən efirə dəvət edirlər deyirlər sizi Xalq artisti, yoxsa Əməkdar artist kimi təqdim edək. Deyirəm heç birindən deyiləm. Utanıram bir az. Bilirsinizmi, bu adamı sındırır, çox sındırır (kövrəlir). O ad olsa da, olmasa da işimi görürəm. Amma o əməyimin bəhrəsidir. Nəticədir, sənətimə verilən qiymətdir. Deyirlər ad dalınca qaçma. Mən qaçmıram. Heç vaxt heç kimin qapısını döyməmişəm. Amma boşa gedən illər var. Ad önəmlidir. Adı olanlarla olmayanlar arasında ayrıseçkilik edilir. İnsan qırılır.
- Amma insanlar sizi sevir.
- Onu bilirəm. Xalqım məni sevir. Gözəl insanlar yanaşır diqqət göstərir bu çox xoş olur. Amma yenə də içimdə bir qırıqlıq qalır.
- Bildiyimə görə, bu teatrda böyük aktyorların xüsusi yazılmamış qaydaları olub bir zamanlar. Yaşlı, tanınmış aktyorlarla gənclər arasında subardinasiya qorunurmuş. Hətta tanınmış aktyor özü icazə verməsə, gənc ona yaxınlaşa bilməzmiş...
- Bəli olub. Özüm şahidəm. Mən dəhlizin bu başında görəndə ki, Nəsibə Zeynalova gəlir, divara sıxılırdım ki, o keçsin. Sonra yoluma davam edirdim.
- Bu qorxu idi, ya hörmət?
- Hörmət. Hörmət qorxu deyil. Səhnədə onunla oynamaq məsuliyyət idi. Çəkinirdim. Təzə gəlmişdim teatra, 15 gün məşqdən sonra ilk rolum onunla “Qızıl toy” tamaşasında oldu. Əsas rolları oynayırdıq, tərəf müqabilim idi. Görürdü çox çəkinirəm, deyirdi “qızım, narahat olma, çaşsan da, mən kömək edəcəm, səni oynadacam. İllərin sənətkarıydı, görürdü həyəcanımı.
- İndi gənclər sizə eyni bu münasibəti göstərir?
- Hər gənc eyni deyil. Heç nə deməyim bu barədə. Eləsi də var, beləsi də var. Söz eşitməyib, özünü müştəbeh aparan adama heç nə demirəm.
- Kaprizləriniz var?
- Var.
- Nədir o kaprizlər?
- Hansını deyim. Çoxdur. Bilirəm ki, kaprizli adamam. Əslində tələbim olur ki, işimizi düzgün quraq.
- Küsənsiniz?
- Olur.
- Səhnədə küsdüyünüz adamla oynamaq asandı? Olub belə hal?
- Olub. Bir neçə dəfə səhnəni bölüşmüşük. Tamaşaçıya hiss etdirməmişəm. Tamaşa bitib, yenə hər şey əvvəlki kimi qalır. Mən sözü adamın üzünə deyirəm. Bu da hər kəsin xoşuna gəlmir. Küsür inciyir, su içsin.
- Doğru deyəni 9 köydən qovarlar deyirlər. Dostunuz qalıb?
- Mən bilirəm ki, haqlıyam, günah ondadı, küsməsin. Dost çox məsuliyyətli, müqəddəs sözdür. Yox mənim dostum yoxdur. Bölüşdüyüm insanlar var. Dost anadır, bacıdır, onları da itirmişəm.
- Tək yaşayırsınız?
- Bəli
- Bildiyimə görə heç vaxt ailə qurmamsısınız. Gözəl, ağıllı xanımsınız. Kimsə ürəyinizi oğurlaya bilmədi, çox seçici davrandınız?
- Əvvəllər hə seçici idim. Sonralar istədim alınmadı. Qarşıma mənə bab adam çıxmadı. “Mən - mən” demirəm, sadəcə özümə uyğun insan görmədim. Ona görə dedim qoy elə belə olsun. Qismət beləymiş.
- Peşmansınız?
- Peşmanam – gəncliyimdəki illərimi qaytarsaydılar başqa cür olardı. Sənət baxımından demirəm, yenə bu sənəti, səhnəni seçərdim. Amma ailə qurardım bəlkə də. Mən həm sənətə qurban verdim illərimi, həm də şəxsi həyatımı kimlər üçünsə yaşadım. Beşinci kursda oxuyanda anam rəhmətə getdi. 12 il atamın qayğısını çəkdim. Bütün fikrimi ona verdim. Bacım da pandemiyada vəfat etdi. Qaldım tamam tək.
- Rollara görə hansısa yasaqlarınız, qadağalarınız var?
- Rollarım övladlarımdır. Nə rol alsam qane edir. Amma potensialıma uyğundursa oynayıram. 60 yaşım var. Cavan qız rolu mənə uymaz.
- Sizin “Niyə” serialında oynadığınız ana obrazı çox fərqli, rəngli bir tipajdır. Gözlənilməz və maraqlı. Hətta rolda işlətdiyiniz ifadələr el dilinə düşüb.
- İnanın, o rolun nə qədər sevildiyini mən çox sonralar anlamışam. Fərqli ampluada idi. Özümə də maraqlı gəldi. Həmin rola görə küçədə aldığım iltifatlar məni heyrətləndirmişdi. Kimi görürəm salamdan qabaq “ana sözüdür bu?” deyir.
- Nə arzunuz qalıb sənətinizlə bağlı?
- Aktyorun ömrü səhnəyə bağlıdır. Əsas odur iş olsun. Bu günlə yaşayan adamam, gələcəyi Allah bilir. Hər şeyin gözəli qismət olsun.