Dünyanın müxtəlif ölkələrində evlərin, binaların, küçə divarlarının üzərinə maraqlı rəsmlər çəkməsilə tanınmış rəssam Banksinin öz vətəni İngiltərədə çəkdiyi bir əsər dağıntılara məruz qalıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Banksi bu əsəri 500 illik tarixə malik köhnə bir evin arxa divarına çəkmişdi.
Rəsmdə pəncərənin pərdəsini çəkən oğlan və pişiyi təsvir edilmişdi. Banksi adətən əsərlərini öz sosial şəbəkə hesablarında yayımlayır. O bildirib ki, son rəsm çəkdiyi ev bələdiyyə tərəfindən sökülüb və onun əsəri də darmadağın olub.
Rəssamın paylaşımına cavab olaraq bələdiyyə bildirib ki, onlar rəsmi Banksinin çəkməsindən xəbərsiz olublar.
Banksi dünyanın müxtəlif ölkələrində müxtəlif yerlərdə öz əsərlərini çəkərək, altından imzasını atır. Ən gözlənilməz məkanlarda şəkilləri ilə küçələri bəzəyən sənətkara media tərəfindən “sirli rəssam” təxəllüsü verilib.