Bu bahar  nə oxumalı:   Sevgi sehrindən  bəhs edən   3 kitab
26 mart 2025 18:58 (UTC +04:00)

Bu bahar nə oxumalı: Sevgi sehrindən bəhs edən 3 kitab

Bu kitablarda sevgi sehrinin tərkib hissələri – ilk görüş və vurulmadan tutmuş etiraf və toya qədər hər şey var – lakin qəhrəmanların keçməli olduğu bəzən çətin yollar da unudulmayıb.

Müəlliflər öz hekayələrini danışaraq insan münasibətlərinin düyünlərini açır, kövrəkliyi, sevilmək istəyini və öz yarısını axtarmağı təhlil edirlər.

Lent.az baharda oxuya biləcəyiniz 3 sevgi romanını təqdim edir.

Tanya Hud - "Cənnətə açılan qapı"

Məşhur ukraynalı müəllifin gənclər üçün yazdığı bu möhtəşəm fantaziya romanında xoşbəxtlik uğrunda mübarizə davam edir. Tanya Hudun "Cənnətə Açılan Qapı" kitabı ölümlü olmuş tanrıça, onun eşq ilə qarşılaşması və var olmaq hüququ uğrunda mübarizəsinin mistik davamıdır.

Artıq Zoryana kim olduğunu bilir və güclərinə tədricən yiyələnir. O hələ də bu dünyaya nə üçün gəldiyini, bunun Svyat ilə nə əlaqəsi olduğunu və nə edəcəyini anlamır. Bu arada düşmənlər ayıq-sayıqdır və qanlı məqsədlərinə doğru irəliləyirlər. Odur ki, baş qəhrəman müqəddəs Kitabları onu öldürmək istəyənlərdən əvvəl tapmalıdır. Lakin o, özünü toparlaya, yeni “mən”ini anlaya və sevdiyini xilas edə biləcəkmi? Nəhayət, həmişə olduğu şəxsə çevrilə biləcəkmi? Hər halda, onun vaxtı çox azdır…

“Qəribə bir gərginlik hiss etdim, zirzəmidəki soyuqla Svyatın yarıçılpaq bədənindən gələn istilik məni bürüdü… – hekayədən bir hissədir. – O, yalnız nazik şalvar geyinmişdi və dizləri və ağarmış yumruqları ilə mənə toxunurdu. Onun bu qədər qəzəbli olduğunu heç vaxt görməmişdim. O, sanki Cənnətdən gəlmiş tanrıya bənzəyirdi. – Mən onunla məşğul olacağam, indi isə de görüm, nə gördün? – deyə o, mənə tərəf döndü. – Güzgü sənə nəsə göstərdi? Gözlərimin önündən bütün hadisələr keçdi: Güzgü arxası. Morana. Ağac. Alovlu saçlı tanrı. Qan. Çoxlu qan. Mən. Mənliyim. Hər şeyi danışmaq istəyirdim – həqiqətən istəyirdim – amma heç nə deyə bilmədim, tam tükənmiş və yorğun idim.”

Lora Noulin - "Əgər qna desəydim"

“Bu yay onun necə dəyişdiyini gördüm,” – kitabın qəhrəmanı xatırlayır. – “Bir dəfə Otem mənim video oyun oynamağıma baxa-baxa yuxuya getdi. Nəhayət bir tapşırığı tamamlamışdım və çox sevinirdim. O an gözlərini açıb mənə baxdı və gülümsədi. Bu, mənim üçün çox şey demək idi…”

Kitab iki yaxın dostun – Otem və Finin – münasibətindən bəhs edir. Onların arasında güclü bağ var, lakin Otem Finin ona qarşı hisslərindən xəbərsizdir. Gənc oğlan bir gün sevgisini etiraf edəcəyinə ümid edir, lakin zaman keçdikcə bu addımı atmaq çətinləşir. Onun duyğuları ilə mübarizəsi, Otemin dəyişməsi və yaxın dostluqlarını qorumaq istəyi ilə bu hekayə sevginin incəliyini, sükutun gücünü və hər şeyin çox gec ola biləcəyi qorxusunu göstərir.

Maks Berret - "Yaxşı qızlar sevmir"

Bazarın sevimlisinə çevrilən bu roman bir qədər sarkazm, bir qədər fəlsəfə və çoxlu duyğularla doludur. Əsərin baş qəhrəmanı – özünü yaxşı qız hesab edən Elza – sevgi, cinsi münasibətlər və həyatın mənası haqqında suallarla üz-üzə qalır. Elzanın həyatı bir gün sevgilisi tərəfindən aldatdıqdan sonra dəyişir. O, nə üçün belə olduğunu anlamağa çalışır və öz-özünə suallar verir: yaxşı olmaq kifayət edirmi? Sevilmək üçün nə lazımdır? Sevgi nədən ibarətdir?

Bu kitab sevgi və qadınlıq haqqında açıq və cəsarətli söhbətdir. Müəllif oxucunu Elzanın daxilindəki qarışıqlığı, arzuları və keçirdiyi transformasiyanı anlamağa dəvət edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar