“Dəli Kür”ün Mələyi: “Çaya girən səhnədə heç kim mənə deməmişdi paltarını qaldır” - MÜSAHİBƏ
26 sentyabr 2011 17:32 (UTC +04:00)

“Dəli Kür”ün Mələyi: “Çaya girən səhnədə heç kim mənə deməmişdi paltarını qaldır” - MÜSAHİBƏ

Onu Azərbaycan tamaşaçısı daha çox bir obrazı ilə tanıyır - “Dəli Kür” filmində Mələk. Əslində ona məşhurluq gətirən də elə bu rolu oldu. Film ekrana çıxandan sonra çoxları onu tanıdı, sevdi. Çoxları da ümid etdi ki, artıq sənətdə onun yaşıl işığı yandı. Bundan sonra yeni-yeni filmlərə çəkiləcək, daha gözəl və böyük rollar yaradacaq. Elə özü də buna ümid edirdi. Amma hər şey gözlənilənlərin tam əksinə oldu. Yolunu kəsdilər, işləməyə imkan vermədilər, haqsızlıq etdilər, hətta kinodan ümumiyyətlə uzaqlaşdırmaq istədilər...

Heç nədən, heç kimdən çəkinmədən, ehtiyat etmədən onu filmə dəvət edənlər, rol verənlər də oldu. Bəlkə hələ Mələk obrazından da yaxşı obrazlar yaratdı. Amma tamaşaçıların yaddaşında elə Mələk olaraq qaldı.

Lent.az-ın müsahibi “Dəli Kür” filmində Mələk obrazının yaradıcısı, əməkdar artist, Zemfira Sadıqovadır. Yeri gəlmişkən, Zemfira xanım Azərbaycanın nəhəng sənətkarlarından olan xalq artisti, mərhum Yusif Vəliyevin həyat yoldaşıdır.

- Zemfira Sadıqova necə yaşayır və niyə sənət aləmində görünmür?

- Əvvəla, yaxşıyam. Səhhətimdə bir az problemlər var. Allahın və dərmanların köməyi ilə hələ ki nəfəs alıram, gəzirəm, yaşayıram. İşləməyə də imkanım, fiziki qüvvəm var. Amma filmlərə çəkmirlər. Bəlkə də mənə uyğun rollar olmur. Hardasa iki ildir heç bir filmə dəvət almıram. İki il əvvəl “Mosfilm”də Murad İbrahimbəyovun Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Ondan yaxşı qardaş yoxdu” filminə çəkildim. Orada Məryəm – oğlanların anası obrazını yaratdım. Çox maraqlı obraz idi. Mənə elə gəlir ki, bacardığım qədər rolun öhdəsindən gəldim. Ondan sonra Elxan Cəfərovun “Bəşəriyyətin xilası” filmində kiçik bir rola dəvət aldım – nənə roluna. Bir də Mehriban Ələkbərzadənin “Qara bayram” filmində epizodda oynamışam. Vəssalam, mənim axır iki ildə yaradıcılığım bununla bitir. Vaxtım da var, imkanım da. Amma çəkən yoxdu.

- Darıxmırsız?

- Çox darıxıram. Tez-tez depressiya vəziyyətinə düşürəm. Ümumiyyətlə, sənətkar həmişə axtarışda olur, çəkilmək istəyir. Ümid edir ki, bəlkə mənə münasib bir rol oldu, bəlkə məni yad etdilər, çəkdilər. Əlbəttə, filmlərə çəkilmək istəyirəm. “Yox” desəm, yalan olar. Çox istəyirəm. Özü də ekrana çıxmaq xətrinə yox. Yaşıma uyğun məzmunlu bir obraz yaratmaq arzusundayam. Mən bunu həmişə deyirəm ki, Azərbaycan qadını çox güclü qadındı. Hər bir çətinliyə dözür, hər işin öhdəsindən gəlir. Onu səlahiyyəti ancaq evdarlıqla bitmir. Həkim, vəkil... işləyən xanımlarımız var. Həm işləyirlər, həm evə baxırlar. Şikayət də etmirlər. Məsələn, mən Oqtay Mirqasımovun “Anlamaq istəyirəm” filmində oğlanın anasını – Turabovun həyat yoldaşını oynayırdım. Çox maraqlı bir obraz idi - əsl ana. Amma yalnız ana, evdar qadın kimi göstərilmişdi. Azərbaycan qadının iş fəaliyyətini və evdarlığını kompleks şəkildə göstərən bir obraz yaratmaq lazımdır.

- Ümumiyyətlə, son illər çəkilən filmlər sizi nə dərəcədə qane edir?

- Əvvəlki filmlərlə müqayisədə irəliləyiş görmürəm. Nə səviyyə, nə də aktyor oyunu etibarilə. O vaxt aktyorlar məktəb bitirməklə bərabər fitri istedada malik idilər. Bir də sənətə sonsuz sevgi vardı. İndi sevgi o dərəcədə deyil. Halbuki birinci növbədə məhz bu sevgi olmalıdır. Çünki aktyor sənəti çox ağır sənətdi. Aktyorluq ancaq ekranda olmaq demək deyil. Onun çətinlikləri, çəkiliş vaxtı əziyyətləri var. Əvvəl sifarişlər çox olurdu – filankəsi filan rola çək, ya da filankəsin ssenarisini qəbul et. Amma indi belə şeylər o qədər də yoxdur və bu, mənim çox xoşuma gəlir. İndi çox şey rejissorun ixtiyarına verilir. Məsələn, “Dəli Kür”də Zərnigar roluna Leyla Bədirbəyli ilə yanaşı Məhluqə Sadıqova da sınaq çəkilişlərində iştirak etmişdi. Mənə elə gəlir ki, o rola Məhluqə xanım daha çox uyğun gəlirdi. Çünki Məhluqə xanım çəkilsəydi, Cahandar ağanın Mələyi qaçırmasına haqq qazandırmaq olardı. Amma belə çıxdı ki, özünün evində gözəl-göyçək xanımı ola-ola bir az ondan cavan qadını qaçırır. Axı Cahandar o kişilərdən deyildi, ağa idi, kişi idi. Onu bu cür cılızlaşdırmaq düzgün deyildi. Düzdü, Cahandar ağa başqa cəhətlərinə görə də Mələyi görüb sevmişdi. Mələk də onu sevirdi. Orda onların görüş, baxış səhnəsi vardı. Kəndin içilə gedəndə bir-birini görürlər, baxışırlar. Ancaq yenə deyirəm Zərnigar roluna Məhluqə xanım daha uyğun idi - mən belə düşünürəm. Amma belə çəkdilər. Və o vaxt mənim nə ixtiyarım vardı bunu deməyə. Həm də bu filmə çəkildiyimə görə çox şad idim. Üstəlik, bu film mənə çox böyük məşhurluq gətirdi. İndiyə qədər məni Mələk kimi tanıyıb sevirlər.

- Bu sənətin çətinliyindən danışdız. Məsələn, elə “Dəli Kür”də hansı səhnələrin çəkilişində əziyyətiniz, çətinlikləriniz olub?

- Götürək elə filmdəki köç səhnəsini. Orda atın belinə minməliydim. Dedilər, atın yalından yapış, ayağını üzəngiyə qoy və otur üstündə. Mənim ata yazığım gəldi və əlimi buraxdım, o saat da yıxıldım atın ayaqlarının altına. Yaxşı ki, at tərpənmədi. Xəsarətsiz qurtuldum, amma çox qorxdum. Ya da çayda paltar yuduğum səhnə. Qazaxda çəkilirdi. Mayın əvvəli idi. Su hələ isinməmişdi. Dağın qarı da əriyib ora tökülmüşdü. Buz kimi su adamın iliyinə qədər işləyirdi. Bütün günü mən o suyun içində oldum, həmin səhnə çəkilib qurtarana qədər. Yaxşı ki, Yusif yanımdaydı. Çəkilişdən sonra stəkanda mənə xüsusi bir məhlul verdi. Dedi burnunu tut, birdəfəlik hamısını iç. Artıq qızdırmam qalxırdı. Dediyi kimi elədim. Dalınca isti borş yedim və yatdım. Nə vaxt yuxuya getdiyimi də bilmədim. Səhər ayılanda vəziyyətim yaxşı idi. Yenidən çəkilişə, iş başına qayıtdım.

- Yeri gəlmişkən, ətəyinizi çırmalayıb çayda paltar yuduğunuz və evdə Şahnigar paltarınızı cıranda sinənizin açıldığı səhnəyə çəkilmək o vaxt üçün olduqca böyük cəsarət tələb edirdi. Necə oldu buna razılıq verdiz?

- Bəli, o vaxt belə şeylər böyük cəsarət tələb edirdi. İndiki kimi deyildi. Hüseyn müəllim (filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə - X.M) də fikirləşirdi ki, yəqin çəkilməyəcəm. Dedi, “eşitmişəm çəkilmək istəmirsən o səhnədə”. Dedim, “xeyr, mən aktrisayam. Nə lazımdır, necə lazımdır, elə də oynayacam”. Mən həyatda nəyəm, kiməm, bunun filmə aidiyyatı yoxdu. Məni həyat yoldaşım və başqaları yaxşı tanıyır. Kim də nə deyəcəksə, özü bilər. Quru palçıq divara yapışmaz. Aktyor aktyor olmalıdır. Sən bu sənətdəsənsə, rolunun öhdəsindən necə lazımdırsa, elə də gəlməlisən. Əgər filmdə sinən görünməlidirsə, bunu o qədər təbii etməlisən ki, tamaşaçıda ikrah hissi doğurmasın. Çaya girən səhnədə heç kim mənə deməmişdi paltarını qaldır. Axı bu, təbii bir şeydi. Belinə qədər suya girisənsə, deməli ətəyini çırmalamalısan da. Mələk ətrafa baxır, görür heç kim yoxdu, arxayın şəkildə çırmalanır və başlayır paltar yumağa. Bunu mən vəziyyətə uyğun olaraq təbii şəkildə etdim, heç kim heç nə demədi. Və bu, filmə bir gözəllik, təbiilik verdi.

- Bəs sonradan sizi bu səhnələrdə çəkildiyinizə görə qınamadılar?

- Yox, heç kəs. Heç kəs mənə heç nə demədi. Heç yoldaşım da. Yeganə oğlum dedi. O vaxt onun 10 yaşı vardı. Dedi, “mama, day elə rollara çəkilmə”. Atam da filmə baxanda bəyəndi, dedi, “çox gözəl oynamısan”. Halbuki mənim bu sənətə gəlməyimə qətiyyən razı deyildi. Axı mən əvvəl Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsində oxuyurdum. Amma hər dəfə Teatr İnstitutun yanından keçəndə ağlayırdım. Uşaqlıqdan aktrisa olmaq arzusundaydım. Ancaq evdən məni nə Teatr İnstitutuna, nə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna girməyə qoymuşdular. Yarım il iqtisadiyyat fakültəsində oxuyandan sonra Teatr İnstitutuna girdim. Yanvar tətili idi. Getdim rektor Rahib Hüseynovun yanına. Hər şeyi ona izah etdim. Dedim burda oxumaq istəyirəm. O da cavab verdi ki, “sabah gəl, müəllimləri dəvət edim, sənin bacarığını, aktyorluq məharətini yoxlasınlar”. Səhərisi evdə hamıdan gizlin, heç kimə heç nə demədən yenə instituta gəldim. Adil İsgəndərov, Məlik Dadaşov, Müxlis Qənizadə, Rza Təhmasib və Rahib müəllim oturmuşdu. Məni yoxlamağa başladılar. “Vaqif”dən monoloqlar oxudum, rusca təmsillər, şeirlər dedim. Rahib müəllim qayıtdı ki, “bizim səhnə sizin kimilər üçün ağlayır. Sizin səhnədə olmaq üçün bütün keyfiyyətləriniz var”. Sonra getdim BDU-nun rektoru ilə danışdım, hal-qəziyyəni başa saldım. Razılıq verdi. Və mən Teatr İnstitutuna keçdim. Bununla da mənim sənət yolum başladı. Təbii ki, bunu evdə sonradan bildilər. Amma artıq iş işdən keçmişdi. Atam dedi, “bala, səhnə arxası çox ağırdı, neqativ hallar çox olur. Sən onun öhdəsindən gələ bilməzsən”. Mən isə fikirləşirdim ki, əgər istedad, varsa, mütləq qalib gələcək, başqa cür mümkün deyil.

- Atanızın dedikləri sonradan özünü çoxmu doğrultdu?

- Çox... “Dəli Kür”dən sonra mən gərək çox filmə çəkiləydim. Hamı da bunu gözləyirdi. Çünki həm xarici görünüşcə, həm aktyor oyunu baxımından orada oynayan illərin aktyorlardan əskik deyildim. Amma çəkmədilər. Bir neçə filmdə epizoda çəkildim, vəssalam.

- Özünüz də təsdiqləyirsiz ki, hamı sizi məhz Mələk kimi tanıdı və sevdi. Niyə digər rollarınız Mələyin kölgəsində qaldı? Onun kimi ikinci yaxşı rolunuz olmadığına görəmi?

- Bəli, doğrudan da bu rol mənə çox böyük məşhurluq gətirdi. Amma ondan sonra çox neqativ hallar oldu. Bilmirəm, indi bunu danışmaq nə dərəcədə doğru olar. Çünki o adamların çoxu artıq dünyasını dəyişib.

- Belə başa düşdüm ki, işləməyə qoymadılar, yolunuzu kəsdilər.

- Hə, yolumu kəsirdilər, rollar vermirdilər. Adil İsgəndərov kinostudiyanın direktoru olanda mən filmlərə çəkilirdim. Amma Cəmil Əlibəyov ora direktor gələndən sonra mənə rol verilmədi. Məsələn, Həsən Seyidbəylinin “Xoşbəxtlik qayğıları” filminə sınaq çəkilişlərinə getmişdim. Mənimlə bərabər Valya Aslanova, Tanilə Əhmərova da sınaq çəkilişlərində iştirak etmişdi. Filmin ikinci rejissoru da demişdi ki, arxayın otur evdə, sən çəkiləcəksən. Amma Bədii Şurada Cəmil Əlibəyov dedi ki, bu aktrisaların heç biri o rola uyğun gəlmir.

- Və o rola Şəfiqə Məmmədova çəkildi.

- Sifarişlə gəlib çəkildi. Bu, əziyyət çəkmiş, dişi-dırnağı ilə balalarını ayağa qaldıran ərsiz bir ana obrazı idi. Moskvada o filmə baxanda demişdilər ki, ansambl bir yana, ana bir yana. Ana obrazı o biriləri ilə vəhdət təşkil etməliydi. Etməmişdi. Şəfiqə xanım gözəl aktrisadır. “Bizim Cəbiş müəllim” filmində super oynayıb. Amma mənə elə gəlir ki, ana rolundan başqa hər rolu oynaya bilər. Ola bilsin məndən incisin. O təkəbbür ki onda var, onun daxilindədir. Həmin ana obrazı isə çox sadə, insanpərvər, mehriban idi.

Başqa filmlərdə də belə oldu. Ona görə də artıq rejissorlar məni filmlərə dəvət etməyə qorxurdular ki, onsuz da qoymayacaqlar.

- Bunun kökündə nə dururdu?

- Kökünü danışa bilmərəm. Əksəriyyəti artıq ölüb. Amma məni filmlərə çəkilməyə qoymayan Cəmil Əlibəyov olub. Tək məni yox, mənimlə bərabər daha bir neçə nəfəri. Hətta bizi işdən çıxarmaq istəyirdi. Özü də mənim elə bir vaxtım idi ki, Yusif təzə rəhmətə getmişdi. İki uşaq saxlayırdım. İşləməyə, pul qazanmağa, dolanmağa, filmə çəkilməyə ehtiyacım vardı. O qoymadı məni filmə çəkilməyə. Amma Oqtay Mirqasımov heç nəyə baxmayaraq məni “Anlamaq istəyirəm” filminə çəkdi. Mən onun ilk filmində - “Gecə söhbəti”ndə çəkilmişdim. Oyunumdan çox razı qalmışdı. Bu filmə də dəvət etdi. Dedi, “bu ssenarini məhz sizin üçün yazmışam. Bu rola sizdən başqa heç kimi çəkmək istəmirəm”. Yenə Bədii Şurada Cəmil Əlibəyov dedi ki, “onun bu rolu oynamağa potensial imkanı yoxdu”. Oqtay Mirqasımov kişi kimi sözünün üstündə durdu. Dedi, “mən Zemfira xanımla işləmişəm, onun aktyorluq potensialına bələdəm. Bu ssenarini ona yazmışam. Ondan başqa heç kimi bu rolda görmürəm”. Çəkdi məni, çox gözəl də alındı. Şükür Allaha, mən öz mənliyimi saxlaya bilmişəm. Heç kəs məni barmaqla göstərə bilməz. Mənim haqqımda kinostudiyada kimdən soruşsanız, bir qadın kimi haqqımda pis söz deyə bilməzlər. Cavan idim, yoldaşım rəhmətə gedəndə 41 yaşım vardı. Alın açıqlığı ilə yaşayıb övladlarımı böyütdüm, ikisinə də ali savad verdim. Mən o əziyyətlərə baxmayaraq yaşadım. İndi heç kimin qabağında mənim uşaqlarımın başı aşağı deyil. Bizim o qədər gözəl aktrisalarımız var. Niyə çəkmirlər? Çünki onlar Cəmil Əlibəyovun dediyi yollarla getməyiblər. O biri aktrisalar kimi... Hamı hər şeyi yaxşı bilir. Çox şeylər danışırlar. Mən rahatam, hara getsəm, alnı açıq gedirəm. Əgər mən də onların yolu ilə getsəydim, çox filmə çəkilərdim. Mən indi, 72 yaşında əməkdar artist yox, çoxdan xalq artisti olardım, prezident təqaüdü alardım. Mənim yaşamağa evim yoxdu, qızımla yaşayıram. Ürəyim xəstə idi, təcili əməliyyat olunmalıydım. Özü də Tehranda. Çünki burda həkimlər boyun olmadılar. Mən Tehrana getmək üçün evimi satdım. İndi mənim evim yoxdu, qızımın evində yaşayıram, kürəkənimin əlinə baxıram.

- Sizə əməkdar artist adı da gec verilib, 2008-ci ildə - 69 yaşında.

- 2007-ci ildə verdilər. Mən utandım gedib o kağızı alam. Axı mən yaşda adama əməkdar artist adı vermək... Amma təzədən zəng vurdular, xahiş etdilər. 2008-ci ildə gedib götürdüm. 70 illik yubileyimi də özüm keçirdim. Hamını dəvət etdim, nazirindən tutmuş kinostudiyanın direktoruna qədər. Həmin direktor – Xamis Muradov mən “Xatirələr adası” filminə çəkiləndə assistent işləyirdi. “Dəli Kür”ə çəkiləndə o heç kinostudiyada yox idi. Amma heç kəs gəlmədi. Nə nazir, nə Xamis Muradov, nə Rasim Balayev... Mənə söz verdilər, amma gəlmədilər. Mən Kinematoqrafçılar İttifaqının üzvüyəm, amma mənə bir teleqram da vurub təbrik etmədilər. Niyə? Mənim sizin yanınızda nə qəbahətim olub ki, ona görə məni sayıb gəlmədiniz? Mənim “Dəli Kür” filminə çəkilməyim, hamı tərəfindən Mələk kimi tanınmağım artıq məni xalq artisti edib. Hamı məni xalq artisti bilir. Fəxri ad almaqla deyil ki. O qədər xalq artistləri var ki, heç kim onları tanımır. Amma mənə nə əməkdar artist adı lazım idi, nə də xalq artisti. Nazirin yanına ancaq o məqsədlə getmək istəyirdim ki, mənə prezident təqaüdü verilsin. Çünki mən kürəkənimin əlinə baxıram. Nə qədər zəng etdim, nə qədər xahiş etdim, məni nazir qəbul etmədi. Gənc Tamaşaçılar Teatrında film təqdimatı vardı. Bildim ki, nazir də orada olacaq. Onunla görüşmək məqsədilə həmin tədbirə getdim. Nazirə yaxınlaşıb dedim ki, sizin yanınıza gəlmək istəyirəm, xahiş edirəm məni qəbul edəsiniz. Soruşdu nə məsələdi. Dedim, “prezident təqaüdü məsələsi”. Dedi, “bu, mənim səlahiyyətimdə deyil”.

Mən bilmirəm nə qədər ömrüm qalır. Deyirlər ömürlərin üstü örtülüdü. Bilmirəm nə qədər yaşayacam. Amma olmazmı ki, bir az insani münasibət bəsləsinlər. Mənim həyat yoldaşımın necə böyük xidmətləri olub. Öz aktyorluğumu bir kənara qoyuram. Heç olmasa onun xətrinə mənə prezident təqaüdü veriləydi ki, əziyyət çəkməyim. Heç olmasa bir otaq verəydilər ki, mənim öz otağım olaydı. Məgər imkan yoxdu? İmkan da var, səlahiyyətləri də çatır. Kim necə bacarıb alıb. Mən bacarmıram. Ona görə də deyirəm ki, hamının yanında alnım açıqdı. Heç kimə nə ərizə yazıram, nə xahiş edirəm. İndi də sadəcə ürəyim açıldı danışdım. İnanmıram ki, bir xeyri də olacaq. Amma dedim də...

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835

Oxşar yazılar