Yunus Oğuzun “Əmir Teymur” romanının birinci kitabının təqdimatı keçirilib
28 iyun 2011 18:23 (UTC +04:00)

Yunus Oğuzun “Əmir Teymur” romanının birinci kitabının təqdimatı keçirilib

Bu gün Mətbuat Şurasında jurnalist, yazıçı, publisist, “Olaylar” İnformasiya Agentliyinin və eyni adlı qəzetin rəhbəri Yunus Oğuzun “Əmir Teymur” romanının “Zirvəyə doğru” birinci kitabının təqdimatı keçirilib.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdimat mərasimindəki çıxışında deyib ki, dünən Özbəkistandan qayıdıb, orada düzənlənən “Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi” beynəlxalq konfransının iştirakçısı olub.
Əflatun Amaşov bildirib ki, tədbir çərçivəsində bizi Şərqin incilərindən sayılan Səmərqənd şəhərinə də gediblər: “Orada Əmir Teymurun məzarını ziyarət etdim, “Şahe-zində” kimi bənzərsiz abidələrə, qədim və orta tarixi özündə yaşadan yerlərə baş çəkdim. Müxtəlif yaşlı insanlarla söhbətləşdim. Məndə bir daha yəqinlik yarandı ki, gördüklərim və eşitdiklərim yazıçı, publisist Yunus Oğuzun romanda qələmə aldıqlarını təsdiqləyən əyani nümunələrdir”.
Mətbuat Şurasının sədri qeyd edib ki, “Əmir Teymur” Yunus Oğuzun ilk kitabı deyil. Yazıçının “Atilla” pyesi, “Nadir şah” , “Təhmasib şah” romanlarında da eyni dəsti-xəttə sədaqət duyulur: “Məhz bunu əsas götürərək qərara almışıq ki, Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının birgə təsis etdiyi “Həqiqətə xidmətlərinə görə” mükafatının təqdimatına Yunus Oğuzla başlanılsın”.
Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsi Mustafa Saatçı bu mükafatın hər il Avrasiya məkanında həqiqətə xidmət edən yazarlara təqdim olunacağını söyləyib. Kitaba ön söz yazan filologiya elmləri doktoru Nizami Cəfərov Dialoq Avrasiya Platformasının Azərbaycan Milli Komitəsinin sədri olduğunu xatırladıb. Daha sonra Mustafa Saatçı Əflatun Amaşovla birlikdə Yunus Oğuza mükafatı təqdim edib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, İdarə Heyətinin digər üzvlərinin də çıxışlarında müəllifi və əsəri səciyyələndirən müxtəlif cəhətlərə toxunublar. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə uşaqlığının Əlincə qalasının ətrafında keçdiyini vurğulayaraq, Yunus Oğuz realistliyinin ora ilə bağlı lövhələrdən də boylandığını söyləyib. “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bk qənaətə gəlib ki, Azərbaycan, Türk tarixinin öyrənilməsi sahəsindəki boşluğun aradan qaldırılması baxımından roman xüsusi əhəmiyyətə malikdir. “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, tarix təkcə quru faktlardan, statistik rəqəmlərdən ibarət deyil. Romanda dövrün mənzərəsi real cizgilərlə təqdim olunub.
Mərasimin sonunda Yunus Oğuz çıxış edərək mükafata görə Mətbuat Şurasına və Dialoq Avrasiya Platformasına təşəkkürlərini bildirib.
# 733

Oxşar yazılar