Amaliya Pənahova: “Onunla bir nağıl yaşadım və… bitdi…” - MÜSAHİBƏ
19 aprel 2011 17:59 (UTC +04:00)

Amaliya Pənahova: “Onunla bir nağıl yaşadım və… bitdi…” - MÜSAHİBƏ

O, həmin aktrisa idi ki, tamaşaçı məhz onun ifasına baxmaq üçün bu böyük sənət məbədinə gələrdi, o da məlahətli səsi, şaqraq gülüşləri ilə o möhtəşəm səhnənin divarlarını lərzəyə gətirər, anşlaq tamaşaları ilə teatr sənəti tarixinə yeni bir səhifə yazardı.
İllər keçdi… Mən artıq onu bir aktrisa kimi deyil, həm də bir insan kimi tanımağa başladım. Tanıdıqca da xəyalımda həkk olan o surət – Amaliya Pənahova obrazı gözəl xarakteri, kövrək qəlbi ilə bütövləşib, tam oldu…
XXX
Budəfəki görüşümüzü başqa cür təsəvvür edirdim. Fikirləşirdim ki, həmişə hökmran, zabitəli, amma eyni zamanda mehriban bir insan olan Amaliya Pənahovanın son bir ildə yaşadıqlarından, o böyük itkisindən sonra yəqin ki, indi daha çox simsara, səmimi həmsöhbətə ehtiyacı var. Fikirləşirdim ki, yəqin indi daha kövrək olub. Bir himə bənddir ki, göz yaşlarına sahiblənə bilməsin. Heyrət… Mən qarşımda əvvəlkindən daha ötkəm, daha məğrur bir insan gördüm. Və o an yadıma Ənvər Məmmədxanlının «Buz heykəl» hekayəsi düşdü: ana öz övladını şaxtadan qorumaq üçün onu başındakı yun yaylığına bürüyərək qoynuna basır, özü isə soyuqdan donur… Bu gün «Dostluq» kinoteatrının bumbuz otaqlarında «məskunlaşan» Bələdiyyə Teatrının direktoru xalq artisti Amaliya Pənahova eynən həmin qadına bənzəyirdi…

- Açığı, Bakı Bələdiyyə Teatrına yeni «mənzilinin» gözaydınlığını vermək istəyirdim. Amma bu təmirsiz, soyuğu iliyə işləyən darısqal otaqları heç sizə yaraşdırmadım…

- Düz bir ildir ki, bu gündəyik. Hələ buna da min şükür. Hər halda gələcəkdə yaxşı olacaq.

- Yəni bu günün olmamaq ehtimalı belə real idi?

- Əlbəttə, real idi… Bələdiyyə Teatrı yarandığı gündən – 1992-ci ildə bizi Şəhriyar adına kluba yerləşdirdilər ki, bura sizin teatr olacaq. 15 il sərasər orada fəaliyyət göstərdik. Kollektivimiz təkcə Bakıda yox, ölkənin hüdudlarından kənarda da teatr mədəniyyətimizi təbliğ edərək, böyük uğurlarla qayıdırdı. Amma bizi Şəhriyar adına klubdan çıxarandan sonra bir adam belə maraqlanmadı ki, görən bu teatr hardadır? Elə ki, mən səsimi ucaltdım... onda da bəziləri məsələ qaldırdı ki, əgər bu teatrın binası yoxdursa, gəlin bağlayaq. Təsəvvür edin ki, bu boyda kollektivi, o cür uğurları olan yüzlərlə insanı küçəyə atmaq istəyirdilər. Nə yaxşı ki, cənab Prezident İlham Əliyev bu məsələnin qarşısını vaxtında aldı.

- Eşitdiyimə görə, həmin ərəfədə xarici ölkələrdən biri sizi hətta kollektiv surətdə həmişəlik öz ölkəsinə dəvət də etmişdi…

- Bəli… Dedilər, gəlin, burada Bələdiyyə Teatrını açaq, əməkdaşlarınıza da yüksək məvacib verək, evlə təmin edək. O dəqiqə başa düşdüm ki, burada mütləq siyasi məsələ var. Və mən buna heç vaxt yol verə bilməzdim, vermədim də. Amma açığı, o təklifdən sonra ürəyim ağrıdı ki, bizim məmləkətimizə teatr lazım deyilmi? İnanın, kollektivin narazılığının qarşısını güclə aldım. Və biz 3 il harada oturduq, bununla heç kim maraqlanmadı. Amma aktyorları ruhdan düşməyə qoymurdum. Deyirdim ki, gec-tez bizə yer tapılacaq. Sağ olsun, hərbçilərimiz. Bizim döyüş bölgələrində təmənnasız çıxışlarımızı nəzərə alıb, bizə hərbi hissədə sığınacaq verdilər. Düz 4 il həmin hərbi hissənin bir otağına sığınan Bələdiyyə teatrı məşqlərini elə oranın səhnəsində keçirdi. Amma buna baxmayaraq ayrı-ayrı səhnələri icarəyə götürərək, uğurlu tamaşalar oynadıq.

Dərviş həyatı

- Qəribədir ki, sizin durumunuzdan indi xəbər tuturam. Nə əcəb mətbuat bu barədə yazmadı?


- Mən icazə vermədim. Kimə car çəkməliydim ki? Onsuz da hamı bizim vəziyyətimizi bilirdi. Mən ayrı-ayrı məmurların nifrətini, ikrahını, laqeydliyini özümüzə qarşı görəndə fikirləşirdim ki, heç bizə teatr lazım deyil. Mən heç kimə başa sala bilmirdim ki, teatr mənəviyyata xidmət edir, bura qazanc yeri deyil. Baxın, repertuara… Vətənpərvərlik, qəhrəmanlıq, düşmənə nifrət, tarixi mövzular… bunlar bizim səhnədə işıq üzü görüb.

- O cür laqeyd münasibəti görəndə yəni heç ürəyinizdən «nəyimə lazım» hissi keçmədi?

- Mən bu sənəti sevirəm. Bu sözü heç özümə deyə bilmərəm. Mən onsuz da hər şeyə əziyyətlə nail olmağı öyrənmişəm.

- O məqamlarda “Azdrama”dan getdiyinizə peşman olmadınız ki?

- Peşman deyiləm, qətiyyən. Siz elə bilirsiz,” Azdrama”da firavan həyat sürürdüm? Mən orada fəhlə kimi külüng vururdum… Fərhad Bisütunu yaran kimi mən də o səhnədəki çıxışlarımla qaya yarırdım. 30 il repertuar mənim çiyinlərimdə oldu.

- Mən şərait baxımından deyirdim. Hər halda yenicə təmirdən çıxmış o binada işləmək hər bir sənətkara zövq verər…

- Siz elə bilirsiz mənə orada işləmək təklifi gəlməyib? Hətta bir ay bundan əvvəl də təklif gəlmişdi. İmtina etdim. Mənim gül kimi kollektivim var. Və burada mənim fəaliyyətimin başqa bir növü başlayıb. Artıq neçə-neçə tamaşaya quruluş vermişəm. Bir məsələ də var… “Azdrama”da mən ancaq özümə cavabdeh idimsə, burada yüzdən artıq insana cavabdehəm və onların taleyi məni çox narahat edir. Hesab edirəm ki, burda çalışanların hər biri fədaidir. Mən özüm də fədai olduğum üçün onları çox gözəl başa düşürəm. Və çox xoşbəxtəm ki, ətrafıma da yalnız həmfikirlərimi toplamışam.

- Qadın üçün kürsü sahibi olmaq həm də böyük məsuliyyətdir…

- Mən hələ ki, özümü kürsüdə hiss etmirəm. Necə ki, “Azdrama”da külüng vururdum, burda da elədir. Ona görə də o kürsü mənimçün hələ də boşdur. Kürsüdə adam o vaxt rahat oturar ki, şəraiti olar, əlinin altında işləyən adamlar olar. Biz isə köç teatrı olaraq, bir saatın içində şələ-küləmizi yığırıq bir avtobusa, gedirik cəbhə bölgələrinə, hərbi hissələrə… Biz yalnız xaricə çıxanda əsl sənətkara, əlçatmaz məxluqa çevrilirik. Orda gördüyümüz hörmətlər özümüzü öz gözümüzdə ucaldır.

- Deyəsən, bu «Dostluq» kinoteatrı da sizi heç dost kimi qəbul etməyib…

- Bu məsələ Milli Məclisdə qaldırıldı ki, bəs kinoteatrlar qalıb boş, öz funksiyasından başqa min cür quruma xidmət edir. Məhz bu çıxışdan sonra Mədəniyyət və Turizm Nazirliyi binası olmayan 4-5 teatrı kinoteatrların binasında yerləşdirdi. Amma bu da ikitirəlik yaradır. Çünki teatr böyük bir təsərrüfatdır, onun gərək öz binası olsun. Cənab Prezident də öz çıxışlarında həmişə vurğulayıb ki, Azərbaycanda bir teatr belə binasız olmamalıdır. Hələlik, biz də bu binada üç otağa sığışmışıq, vəziyyətimiz də göz önündədir. Divara bir mismar vura bilmirik. Buranın müdiriyyəti üstümüzə gəlir ki, burda «kvartirantsınız». Sizə kim ixtiyar verib ki, nəyisə təmir edəsiz? Elə bil onun evində oturmuşuq. Bura dövlət müəssisəsidir. Bizi də bura göndəriblər.

- Dövlət müəssisəsi? Axı birinci mərtəbədə mebel salonu fəaliyyət göstərir, bilyard stolları satılır…

- Bu, hələ sizin gördüklərinizdir. Çayxanadan, çörək sexindən danışın… O bayırda yalandan asılan «Fəryad» filminin afişasına baxmayın, içəridə başqa fəryadlar qoparılır. 40 il buranı yeyib-dağıdan bir adam gəlib, mənim kimi titulları olan bir insana təpik atır. Əlavə bir otaq nədir ki, onu da bizə vermədi. Niyə? Çünki hər yeri icarəyə verib. İnanın, çox dözülməz bir haldır. Burda qorxu içində fəaliyyət göstəririk. Elə bil tikan üstündə oturmuşam. Hər an nə desən gözləmək olar.

- Yorulmusuz?

- Yorulmamışam. Sadəcə, adam öz gözündə alçalır. Bu gün şəxsən mənə heç nə lazım deyil. Bir teatr binası istəyirəm, onu da bu kollektiv üçün…

Bu fani dünyada yaşanan sevgi…

- Məncə, bundan sonra mücadiləyə daha çox can atacaqsınız… Axı bu teatrı rəhmətlik Yusif müəllimlə birgə yaratmışdınız…


- Rəhmətlik Yusif Muxtarovla düz 47 il birgə ömür yaşadıq. İnstituta daxil olanda mənim heç 17 yaşım yox idi. O isə artıq bir ali təhsil almışdı. Və institutun qarşısında məni görəndən sonra sənədlərini bizim instituta verərək, mənə görə 4 il də orada təhsil aldı. O illərdən başlayaraq biz ömür yollarında bərabər addımladıq. O, sözün həqiqi mənasında mənim yarım idi. Böyük sənətkar idi: filmlərə çəkildi, 30 il Azərbaycan radiosunun diktoru oldu. Azərbaycan dilinin gözəlliyini mənə öyrətdi. Nizaminin “Xəmsə”sini əzbərdən bilirdi. Bu teatrı da bərabər yaratdıq. 20 il mənimlə çiyin-çiyinə bu teatrda rəhbərlik etdi. Burada onun da əziyyəti, zəhməti və ruhu var. Demək, nə qədər ki, mən sağam, bu teatr yaşamalıdır.

- Bu Novruz Yusif müəllimsiz keçirəcəyiniz ilk bayramdır…

- Yusif bu bayramı çox sevərdi. Xüsusən də Novruzda çox istəyərdi ki, qohum-əqrəba ətrafımıza toplansın. Plovu sevərdi. Sabirabaddan olduğu üçün oranın özünəməxsus yeməklərini xoşlayardı. Mən də qayınanamdan çığırtmanı öyrənmişdim. Deyərdi, sən lap anam kimi bişirirsən. Sonra da qızım Aynur böyüdü, onun yeməklərini tərifləməyə başladı. Ümumiyyətlə, Yusif yaxşı ata, gözəl baba idi. Aynurun oğluna – Aydına çox bağlıydı. 8 yaşından ona maşın sürməyi öyrətmişdi. «Baba» sözü uşağın dilindən düşmür. Yusifin yoxluğunu hələ də ona bildirməmişik. Elə bilir harasa gedib, qayıdacaq.

- Yusif müəllim nəvəsinə maşın sürməyi öyrətdi, bəs nənəyə?

- Mənə də nərdi öyrətdi. O da necə oldu… Nişanlı idik. Bir dəfə evə gələndə gördüm ki, Yusif bizdədi. Bacımın da bir musiqi müəlliməsi vardı ona evdə dərs keçirdi. Gördüm bunlar oturub nərd oynayırlar. Məni bir qısqanclıq bürüdü ki… Fikirləşdim ki, niyə mən bu oyunu bacarmamalıyam ki, Yusif onu kiminləsə oynasın. Elə o vaxtdan Yusifdən nərd oynamaq öyrəndim. Sonra elə qastrollarda vaxt tapan kimi nərd oynayırdıq.

- Pulla oynayırdız?

- İnanın, bəlkə də mən hardasa azart oyunlara baş qoşa bilərəm, amma Yusifin qumarla heç arası yox idi. Amma deyirdi, uduzsam, səni öpəcəm. Deyirdim, yox a… mən elə oyunları oynamıram, düşər-düşməzi olar. (bayaqdan bəri ilk dəfə olaraq Amaliya xanımla gülüşürük – red.).

- Nəyi qəbul edə bilmirdi?

- Nadanlığı, sırtıqlığı. Çox əməli-saleh, təvazökar insan idi. Bəlkə də ona görə həyatın bir çox nemətləri və mükafatları ondan vaz keçdi. Heç nədə gözü yox idi bu insanın… Bu günü ilə yaşayan, şükürlü insan idi… O istəsəydi, Ələsgər Ələkbərov kimi böyük aktyor olardı. Çünki səsi, görünüşü əsl aktyorluğa uyğun idi. İstəmədi. Dedi, sənətdə ailədən bir nəfər olmalıdır, o da sənsən. Mən də gülürdüm, deyirdim, sən mənə görə bütün qohum-əqraba ilə üz-göz oldun, ananı razı saldın…

- Aktrisa gəlini qəbul etmək asan olmayıb, deyəsən…

- Hə… Qohum-əqrəbaları razı deyildilər. Amma atası bizi bir dəfə görmüşdü, deyibmiş ki, ay arvad, Yusifi bir qızla gördüm, bir-birinə elə yaraşırdılar ki, elə bil ay parçaları idilər. Bizim evlənmək məsələmiz qalxanda qaynanam qohumlara deyib ki, kim nə deyir, desin, mən razıyam, çünki onu rəhmətlik kişi də görüb, bəyənmişdi. Sizə bir etiraf edim: mən 47 ildir sənətdəyəm. Amma bir dəfə də olsun, gedib Sabirabadda çıxış etmədim. Hətta bədii rəhbəri olduğum Bələdiyyə Teatrı da heç vaxt orada qastrolda olmadı.

- Küsmüşdüz…

- Küsmədim. Əksinə, mən onların ailəsinə, nəslinə hörmət etdim. İstəmədim, desinlər ki, budu ey, filankəsin gəlini gəldi burda teatr göstərdi… Necə ki, qaynanam mənim üçün hamıya sinə gərdi, mən də onun adını həmişə uca tutdum.

- İstedadlı insanların da ətrafında həmişə söz-söhbətlər dolaşıb, yaman dillər danışıb…

- Mənim talismanım Yusif idi. O, bədniyyətli insanların qarşısında böyük sipər idi. Bəlkə elə artıq söz-söhbətlər olmasın deyə, mən bu 47 ildə hər yerdə onunla oldum. Ona görə yox ki, ya o mənə, ya da mən ona inanmırdım…

- Siz ətrafa inanmırdız…

- Bəli, bunu siz dediz. Mən qastrollara da uşaqlarımla gedirdim. O darısqal mehmanxana otaqlarında bişirirdim, yuyurdum, uşaqlarımı, yoldaşımı yedirdib, axşam səhnəyə çıxırdım. Çalışırdım, hər şey yerli-yerində olsun.

Bir qaraçı dedi ki...

- Yusif müəllim sizə ən çox nəyi irad tuturdu?


- O bütün sahələrdə mənim birinci tənqidçim idi. Amma inanın, heç nəyi mənə birbaşa irad tutmadı. O bir məsəl var: Qızım sənə deyim, gəlinim eşit. Onu da mən çox gözəl başa düşürdüm. Çalışırdım, onun xoşuna gələcək kimi hərəkət edim. Yusif mənə özümə kənardan baxmağı öyrətdi. Baxın, bir ilə yaxındır o yoxdur. İndi də nəsə eləmək istəyəndə fikirləşirəm ki, görən Yusif buna nə deyərdi?

- Sizcə, Yusif müəllim bu qara geyimi sizə irad tutmazdı?

- (doluxsunur) Tutardı. Qaranı heç sevməzdi. Həmişə istəyirdi, mən şux olum, al-əlvan rənglərdə geyinim. Hətta bəzən mən hansısa çəkilişlərə, tədbirlərə getmək istəməyəndə məni məcbur edirdi. Deyirdi, cəmiyyətdən uzaqlaşma. Səhər tezdən duran kimi deyərdi, özünə fikir ver, qadın həmişə sığalda, tumarda olmalıdır.

- Aldığı hansı hədiyyə indiyədək sizdədir?

- Tələbə təqaüdünə bir kəhrəba sırğa almışdı. O sırğalar indi də məndədir.

- Əlinizdən oxunan hansı fal düz çıxdı?

- Mən fala baxdırmamışam, çünki faldan qorxuram. Qorxduğum da başıma gəldi… Ölümündən iki-üç ay əvvəl həyətimizə bir qaraçı gəlmişdi. Yusifə yaxınlaşmaq istəyəndə o qoymadı. Qaraçı düz onun üzünə dedi: sənin ömrünə az qalıb, bu yaxınlarda öləcəksən. Bəlkə də Yusifin ölümünü tezləşdirən o söz oldu. Saldı ürəyinə…gecə-gündüz fikir edirdi. İnandı, o qaraçıya. İnanmasaydı, gedib özünə qəbir yeri götürməzdi ki… Çınqılını tökmüşdü, çəpərini də səkmişdi. Mənimsə heç nədən xəbərim yox… bir oğluma deyibmiş… Rəhmətə gedən günü dəfn barəsində fikirləşəndə oğlum sakitcə dedi ki, narahat olma, papa özünə yer götürüb…O ölümü ilə də məni incitmədi.

- Onun ölümü sizə nəyi başa saldı?

- Allah-təala elə etmişdi ki, mən həyatımda heç sarsıntı keçirtməmişdim. Bu, ilk böyük sarsıntım idi. Mən anladım ki, həyat çox fanidir. Hər şey bir anın içində oldu. O qədər halal adam idi ki… Oğlum Meksikada, səfirlikdə çalışır. Xoşbəxtlikdən bir həftə əvvəl Bakıya gəlmişdi. Biz bağda yaşayırıq axı… Şənbə günü idi; Yusif dedi, gedirəm şəhərə, könlüm nəvələri istəyir…Getdi, qızı da gördü, oğlanı da, nəvələri də… Elə bil ürəyinə damıbmış, halallaşmağa gedirmiş. Bazar günü səhər durdu… Gülə-gülə gəldi, qucaqladı məni, yanağımdan öpdü, oturdu və… keçindi. İnanın, onun yoxluğunu təsəvvür belə edə bilmirəm. Elə bilirəm ki, harasa gedib, qayıdacaq. O məni çox ərköyün saxladı. Dükan-bazar nədi, bilmədim. İnan, çörəyin qiymətini belə bilmirdim. Onunla bir nağıl idi həyatım, yaşadım…bitdi. Mən ondan sonra yaşamağı yenidən öyrənirəm.

P.S. Müsahibə boyu bircə dəfə də olsun kövrəlməyən Amaliya Pənahova son cümləsini bitirərək, baxışlarını qarşı tərəfə dikdi. Bayaqdan bəri ilk dəfə olaraq, çevrilib arxaya baxdım. Və o an bu böyük aktrisanın bayaqdan bəri necə belə vüqarlı, təmkinli olmasının səbəbini anladım. Yusif müəllimin çərçivəyə salınmış gülümsər şəkli ona baxır, sanki baxışları ilə pıçıldayırdı: «Mən həmişə səninləyəm, mənim nar çiçəyim»…

Zakirə Zakirqızı


(Yazı ATV Maqazin jurnalından götürülüb)
# 2644

Oxşar yazılar