Mədəniyyət və Turizm Nazirliyi yeni layihə təqdim etdi
19 aprel 2011 17:48 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi yeni layihə təqdim etdi

Lent.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycanda turizmin inkişafı naminə ölkənin elektron xəritəsinin və naviqasiya sisteminin yaradılması olub. Tədbirdə ilk öncə layihəylə bağlı hazırlanan video-çarx nümayiş olunub.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sistemin turistlər və ölkə vətəndaşları üçün bir töhfə olduğunu bildirib: “Bu tamamilə yeni bir sistemdir. İki ildir ki, nazirliyin sifarişi ilə “SINAM” şirkəti bu layihəni hazırlayır. Bu proqramın əsas çətin məqamı dünyada bu gün tətbiq olunan turizm axtarış texnologiyalardan istifadə edərək Azərbaycanın tam və dolğun xəritəsinin tərrtib olunmasından ibarət idi. Bu layihənin hazırlanması ilə bağlı əvvəlcədən tender həyata keçirildi və tender əsasında sözügedən şirkət qalib oldu. İki il müddətində çoxsaylı əlavələr, dəyişikiklər, təkmilləşmə işləri görüldü və nəhayət bu gün ictimiayyətin istifadəsinə verilir. Hesab edirəm ki, yeniləşən imecin formalaşdırılması üçün ən vacib amillərdən biridir”. Nazir qeyd edib ki, www.gomap.az internet ünvanında fəaliyyətə başlayan yeni elektron xəritəsinin linkləri respublikanın turizm sahəsi ilə bağlı müxtəlif saytlarında da yerləşdiriləcək. Dünya standartlarına cavab verən və regionda analoqu olmayan elektron xəritə sistemi Transxazər bölgəsində aparıcı sistem inteqratorlarından biri olan Azərbaycanın SINAM şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Milli Elektron Turizm Naviqasiya Sisteminin elektron xəritəsinə 70 şəhər, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 670 000 bina və tikililər, 43000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23770 km yaşıllıq sahələri və meşələr və s. məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib.
Azərbaycan, ingilis və rus dillərində fəaliyyəti nəzərdə tutulmuş veb-portaldakı elektron xəritə hər hansı bir tikili miqyasına qədər böyüdülə bilər. Elektron xəritədə həmçinin mövcud olan digər bu tip sistemlərlə inteqrasiya oluna bilir (məsələn: “Google Satellite”).
Elektron xəritənin GPS-naviqasiya sistemi də mövcuddur. GPS-naviqasiya sistemi həm avtomobillərin, həm də piyadaların Azərbaycanın müxtəlif bölgələrində istənilən marşrutla hərəkəti üçün istifadə oluna bilər. Avtomobil sürücüləri üçün GPS-naviqasiyada yollar yol hərəkəti qaydaları tam göstərilməklə əks edilib. Xəritə üzərində onlayn trekinq funksiyası da var. Onlayn trekinq vasitəsilə turist marşrutlarını, turistləri, dağ-xizək zonalarında hərəkət edənləri və s. peyk izləmə sistemi vasitəsilə müşahidəsi mümkündür. Həmçinin, fövqəladə hallar zamanı hadisə yerində olanların koordinatlarını təyin etmək mümkündür.

Xəyalə Muradlı
# 678

Oxşar yazılar