Əlcəzairli yazıçı: “Uşaqlarım mənim haqqımda internetdən xəbər tutur” – MÜSAHİBƏ
19 aprel 2011 19:40 (UTC +04:00)

Əlcəzairli yazıçı: “Uşaqlarım mənim haqqımda internetdən xəbər tutur” – MÜSAHİBƏ

Dosye: Maisa Bey 1950-ci ildə Ksar əl Buxaridə anadan olub və Sid Bel Abbes Universitetində fransız dili tədris edir. Maissa Bey müxtəlif ölkələrdə mədəni tədbirlərin təşkil edilməsi ilə məşhurlaşıb. O, “Əlcəzair xəbərləri”, “Dağlara çəkilin”, “Mavi, ağ, yaşıl” kimi romanların müəllifidir.

Lent.az-ın xəbərinə görə, yazıçı görüş zamanı özü və yaradıcılığı haqqında ətraflı məlumat verib və ona ünvanlanan sualları cavablandırıb.

- Hər şeydən əvvəl özümü ən böyük oxucu hesab edirəm. Mən ailə həyatı quranda hələ çox gənc idim. Lakin ədəbiyyata marağım və yaradıcılığım lap uşaqlıqdandır. Demək olar ki, bütün janrlarda yazılan ədəbi əsərlər mənim diqqətimi cəlb edir.
4 övladım var, eyni zamanda həm yazıçı həm də fransız dili müəllimi kimi fəaliyyət göstərirəm. Qarşıma qoyduğum əsas məqsəd isə bacardığım qədər sosial həyatımı genişləndirməkdir. Bildiyiniz kimi Əlcəzairdə əhali ənənəvi həyat tərzi sürür. Qadınların, qızların hüquqlarını müdafiə etmək çox çətindir. Ölkə qayda-qanunlarına əsasən qadın başıaşağı olmalı, səsini belə çıxarmayıb heç bir fikir bildirməməlidir. Uşaq olanda mən də bu fikirlərlə razılaşırdım, lakin oxuduğum kitablar yavaş-yavaş məni dəyişməyə başladı. Artıq etiraz səsimi ucaltmaq istəyirdim. 1988-ci il Əlcəzair inqilabı isə düşüncələrimi həyata keçirmək üçün mənə ruh yüksəkliyi verdi. Bir çox insan azadlıq istək və arzularını ifadə edə bilirdi. Əlcəzairli bir yazıçısı kimi bu mənim həyatım üçün də çox vacib idi. İnqilab sanki insanların ürəklərində yatıb qalmış hisslərini oyatdı. Baxmayaraq ki, mən bu hissləri hələ gənc yaşlarımdan keçirirdim, amma qeyd etdiyim kimi bizim ölkədə haqqını tələb etmək çox çətindir, xüsusilə də qadın olanda. Buna görə də inqilab həyatımda böyük rola malikdir.

- Hansı janrda yazılan kitablar sizin maraq dairənizdədir?

- Bütün janrlar. Bunun üçünsə atama borcluyam. Mənə oxumağı o öyrədib. Hələ 6 yaşımda olanda müxtəlif komikslər və fotolarla məni ədəbiyyata həvəsləndirirdi. Yaş artdıqca Bodler, Rambur kimi yazıçıların əsərləri ədəbiyyata marağımı artırırdı. Hal-hazırda isə hamımızın yaxşı tanıdığı fransız yazıçı Albert Kamü ən çox bəyəndiyim ədəbiyyat nümayəndəsidir. Artıq ruhumda ədəbi bir ehtiras formalaşıb. Bundan əlavə hind əsərlərini oxuyur, yapon ədəbiyyatı ilə də yaxından maraqlanıram.

- Dediniz ki, bir neçə işi eyni zamanda görürsünüz. Bu sizin ədəbi yaradıcılığınıza mane olurmu?

- Bu işlər artıq yaşam tərzimə çevrilib. Sakitliyə çox nadir hallarda rast gəlirəm. Atasız qız övladı böyütmək çox çətindir, xüsusilə də Əlcəzairdə. Əlimdən gələn qədər bunu yaxşı etməyə çalışıram.

- Bir yazıçı kimi müxtəlif mövzulara müraciət edirsiniz. Heç olubmu ki, yazdıqlarınız ictimaiyyət tərəfindən etirazla qarşılanıb?

- Əlbəttə, olub. Belə bir cəmiyyətdə qadınlar üçün ədəbi fəaliyyətlə məşğul olmaq belə kifayət qədər çətindir.

- Bəs övladlarınız sizin kimi ədəbiyyata maraq göstərirmi?

- Onlar demək olar ki, oxumurlar. Mənim əsərlərimi oxuyanda da heç nə başa düşmürlər... Baxmayaraq ki anaları ilə fəxr edirlər, lakin belə mövzulara çox yaddırlar. Haqqımda daha çox mediadan, internet saytlarından xəbər tuturlar.

- Bir yazıçı kimi özünüzü feminist hesab edirsinizmi?

- Əsərlərimdə qadın personajlarım kifayət qədərdir. Hər birinin də öz tarixçəsi, öz həyat yolu olur. Bizim ölkədə feminist olmaq isə həmişə problem yaradır.

- Mövzu baxımından üstünlük verdiyiniz kitabınız varmı?

- Hər birini ayrı sevirəm və zənnimcə, belə də lazımdır. Hər bir kitab həyatımdan bir anı əks etdirir. Yazıçı olmaq öz həyatının yaradıcısı olmaq deməkdir. Hər əsər yaşadıqlarımdan bir fraqmenti təsvir edir. Əlbəttə ki, ağlıma gələn hər şeyi yazmıram. Bütün süjetlər barəsində həddindən çox fikirləşir, dəfələrlə götür-qoy edirəm. Daha sonra ciddi düzəlişlər edir və roman halına gətirirəm. Yazıçı olmaq heç də asan deyil, xüsusi dəsti-xəttin olmalıdır. Bu sanki sözlərin rəqsidir, hər bir cümlənin öz ritmi olur.

- Fransız dili ilə yanaşı ərəb dilini də yaxşı bilirsiniz. Bəs bu dildə yazırsınızmı?

- Bizdə ərəb dili qadağandır. Əlcəzair vaxtilə Fransanın bir əyaləti olduğundan fransız dilli ölkə olaraq formalaşıb. Hələ məktəbdə oxuyarkən bizə 2-ci dili seçmək imkanı verəndə mən ərəb dilini seçmişdim. Amma bunun ciddi bir əhəmiyyəti yox idi.
- Özünüzü təsvir etdiyiniz romanınız olubmu?

- Demək olar ki, hamısı. Amma 18 mart 1962-ci ildə Əlcəzair müstəqillik qazanan zaman bu mövzuda yazdığım “Mavi, ağ, yaşıl” əsərimi qeyd etmək istəyərdim.

Nigar Aslanlı
# 595

Oxşar yazılar