“Yeddi gözəl” baleti Rusiya KİV-ində
19 aprel 2011 11:11 (UTC +04:00)

“Yeddi gözəl” baleti Rusiya KİV-ində

Bu tamaşa Rusiya kütləvi informasiya vasitələrində işıqlandırılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, Rusiyanın “Mədəniyyət” (“Kultura”) telekanalında tamaşa ilə bağlı nümayiş etdirilən süjetdə əsərin tarixinə toxunulub. Süjetdə bildirilib ki, orta əsr Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin motivləri və XX əsr Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisi əsasında 1952-ci ildə ərsəyə gələn bu balet sovet səhnəsində böyük məşhurluq qazanıb.


Bundan başqa, “Mir” telekanalında da “Azərbaycanın əfsanəvi baleti “Yeddi gözəl” Rusiya tamaşaçılarının qəlbini fəth etdi” adlı süjet efirə gedib. “Mədəniyyət xəbərləri” televiziya proqramının “Xudsovet” rubrikasının qonağı olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə söhbətin mövzusu da bu mədəniyyət hadisəsi ilə bağlı olub.


İTAR-TASS agentliyi də tamaşanın işıqlandırılmasına daha geniş yer ayırıb. Agentliyin tamaşa ilə bağlı məqaləsində baletin süjet xəttindən, qəhrəmanlardan bəhs edilir.
“Yeddi gözəl” baleti haqqında yazılar eyni zamanda “Exo Moskvı” radiostansiyasında, “Exo Planeta” jurnalında, Rusiyanın tanınmış nəşrlərindən olan “Oqonyok” jurnalında, “Muzıkalnoye obozreniye”, “Veçernyaya Moskva” qəzetlərində, Vesti.ru saytında yer alıb.


Qeyd edək ki, balet tamaşasının quruluşçu baletmeysteri Vasili Medvedyev, quruluşçu-rəssamı Dmitri Çerbadji, geyim üzrə rəssamı isə Tahir Tahirovdur. Tamaşada Bəhram şah rolunu Böyük Teatrın aparıcı solisti Mixail Lobuxin oynayıb. Gözəllər gözəli rolunda isə Azərbaycanın əməkdar artisti Kamilla Hüseynova çıxış edib. Tamaşanı İstanbul Dövlət Opera və Balet Teatrının dirijoru Elşad Bağırovun rəhbərliyi ilə Azərbaycan Opera və Balet Teatrının simfonik orkestri müşayiət edib.

Xəyalə Muradlı
# 915

Oxşar yazılar