Borçalının problemləri müzakirə olunub - FOTO
31 yanvar 2011 15:17 (UTC +04:00)

Borçalının problemləri müzakirə olunub - FOTO

“Borçalı” Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məclisin aparıcısı folklorşünas alim Elxan Məmmədli Dədə Camal Məclislərinin hər ayın sonuncu bazar günü təşkil edildiyini və bu məclisin Borçalı problemlərinin gündəmdə saxlanmasına, millətimizin həmrəyliyinə xidmət edən bir məclis olduğunu söyləyib.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Bolnisinin Borçalının ən problemli bölgəsi olduğunu bildirib. 1990-1992-ci illərdə Bolnisidə yerləşən 37 türk kənd adından 31-nin əsassız olaraq dəyişdirildiyini və hələ də bu problemin həllini tapmadığını təəssüflə dilə gətirən Zəlimxan Məmmədli bu problemin həlli ilə bağlı başladıqları kompaniyanı sonadək davam etdirəcəklərini vurğulayıb: “Toponimlərlə bağlı Kvemo Kartli quberniya rəsmiləri deyirlər ki, toponimlərin dəyişdirilməsi yanlış addımdır lakin, yenidən bərpası çətin məsələdir. Artıq Gürcüstan hakimiyyəti toponimlərlə bağlı yanlış addım atdıqlarını etiraf edib. Biz onlara bu səhvin düzəldilməsinin iki xalqın və ümumilikdə regionun maraqlarına uyğunluğuna inandırmalı, toponimlərlə bağlı Gürcüstan Konstitusiyası və Beynəlxalq hüquqa sayğımızı bir daha nümayiş etdirməliyik. Birliyimiz bu səhvin aradan qaldırılmasını hökmən təmin edəcək”.

Zəlimxan Məmmədli müsəlman kəndlərin girəcəyində ucaldılmış xaçlara da münasibət bildirib: “Bu məsələdə dini dözümsüzlük elementləri var. İnanırıq ki, demokratik Gürcüstan insan və dini haqları nəzərə alaraq, bu məsələni tezliklə həll edəcək”.

“Borçalı” Cəmiyyətinin sədri sonda onu da vurğulayıb ki, borçalıların parçalanmış obrazını yaratmağa cəhd edən bir qrup insanlar ola bilər: “Lakin bu birliyimiz, ruhlarımızın birliyi o qədər möhkəmdir ki, məkrli oyun oynayanların heç nəyə nail olmayacaqlar. Bu birliyimiz sahəsində qazanan sizlər, bizlər, Ölkələrimiz və Borçalı olacaq. Borçalı Cəmiyyətinin mövqeyi hamıya aydındır. Biz Gürcüstan üçün təhlükə mənbəyi deyilik. Biz separatizmi lənətləyirik. Biz Gürcüstan dövlətçiliyinə sadiqik. Gürcüstanda soydaşlarımıza qarşı özbaşınalıqlara qarşı öz etirazımızı da bildirmək haqqımız var və bildirməkdəyik”.

Tarix elmi üzrə fəlsəfə doktoru Kərəm Məmmədli Bolnisinin tarixindən, bu günündən, Müşviz Çobanlı Bolnisidə 1988-1993-cü illərdə baş verənlərin mahiyyətindən danışıblar. Tədbirdə şair Nizmai Saraçlı, Abbas Abdulla, professor Nəsib Nəsibli, “İcmal” qəzetinin xüsusi müxbiri Hacı Loğman da çıxış ediblər. “Kəpənəkçi” Cəmiyyətinin Sədri Rəşid Bədəlov, prezident təqaüdçüsü İlyas Tapdıq, professor Telman Əliyev, “Borçalı” və “Qafqaz Press” qəzetlərinin baş redaktoru Hacı Azadə xanım, şair Osman Əhmədoğlu da bu mövzu ətrafında öz fikirlərini bölüşüblər Aşıq Ramin Qarayev, Aşıq Cavanşir, şairələr Səadət Buta, Sənəm Səbail öz ifaları ilə məclisə xoş ovqat gətiriblər.
# 1006

Oxşar yazılar