Sənətçilər necə səs veriblər? - SORĞU
07 noyabr 2010 19:31 (UTC +04:00)

Sənətçilər necə səs veriblər? - SORĞU

Seçki məntəqələri saat 8.00-da seçicilərin səsverməsi üçün açılıb və vətəndaşlar saat 19:00-a kimi öz namizədlərinə səs veriblər.

Lent.az-ın məlumatına görə, sənətçilər və mədəniyyət xadimlərin də bir qismi vətəndaş mövqeyindən çıxış edərək öz seçimlərini ediblər. İncəsənət adamlarının müəyyən qismi bugünkü təəssüratlarını Lent.az-a bölüşüblər.

Xalq artisti Azər Zeynalov Yasamal rayonu ərazisində yerləşən seçki dairəsində səs verib: “Azərbaycan Dövlət İncəsənət universitetinin nəzdindəki məntəqədə səs verdim. Namizədimin adını açıqlamaq istəmirəm. Hamı kimi mən də nəticələri gözləyirəm”.

Xalq artisti Nazpəri Dostəliyeva səhər saatlarında səs vermək üçün 42 saylı orta məktəbdə yerləşən məntəqəyə yollanıb: “Səhər saatlarında oğullarımla birlikdə səs vermişəm. 22 saylı Nəsimi II Seçki Dairəsindən namizədliyini irəli sürən millət vəkilliyinə namizədlərdən birini seçdim. İnanıram ki, doğru qərarı vermişəm”.

Xalq artisti Arif Babayev 16 saylı Yasamal II Seçki Dairəsinin 2 nömrəli seçki məntəqəsində səs verib: “Səhər saat 11-ə işləmiş həyat yoldaşımla birlikdə gedib səs verdim. Kimə səs verdiyimi açıqlamayacağam, bir dəfə seçimimi açıqladım, digər namizədlər məndən incidilər, qoy bu dəfə gizli qalsın”.

Xalq artisti Aygün Bayramova seçki məntəqəsində olarkən münasibət bildirib: “23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsindəyəm, hazırda öz namizədimə səs verirəm”.

Xalq artisti Mənsum İbrahimov 29 saylı Səbail Seçki Dairəsinin 29 nömrəli seçki məntəqəsində səs verib: “Bu gün 4 nəfərdən ibarət olan ailə üzvlərimlə birlikdə öz seçimimizi etdik. Seçkilərin obyektiv şəkildə, tam şəffaflıqla davam etdiyinin şahidi oldum”.

Xalq artisti Mələkxanım Əyyubova səhhətində narahatlıq olduğu üçün seçkilərdə iştirak etməyib: “Həyat yoldaşım seçkilərdə iştirak edib. Mən isə xəstə olduğum üçün evdən çölə çıxmamışam. Düzü, hansı dairədə səs verməli olacağımı və namizədlərin də kim olduğunu bilmirəm”.

Xalq artisti İlhamə Quliyevada seçkilərdə iştirak etdiyini deyib: “Yasamal rayonunda yerləşən məktəblərdən birində səs verdim. Namizədin adına açıqlamayacağam”.

Xalq artisti Möhlət Müslümov 10 saylı Binəqədi III Seçki dairəsinin 3 nömrəli seçki məntəqəsində Hacı Madar Musayevə səs verib.

Əməkdar artist Azərin hazırda Türkiyədə çalışdığı üçün səsvermədə iştirak etməyib: “Hazırda Türkiyədə proqramımın çəkilişlərindəyəm, Bakıda deyiləm, buna görə də səsvermədə iştirak edə bilməmişəm”.

Əməkdar artist Tünzalə Ağayeva da bu gün seçkilərdə iştirak edə bilməyib və səbəbi açıqlayıb: “Tovuz rayonunda qeydiyyatda olduğum üçün səsvermədə iştirak edə bilməmişəm”.

Lalə Yusifqızı
# 896

Oxşar yazılar