Aygün Bayramova: “Məni bir də “Xalq ulduzu”nda görməyəcəksiniz”
22 aprel 2009 10:30 (UTC +04:00)

Aygün Bayramova: “Məni bir də “Xalq ulduzu”nda görməyəcəksiniz”

Xalq artisti yarışmanın münsiflər heyətindən getməsinin səbəblərini açıqlayıb

“Mənim “Xalq ulduzu” yarışmasından uzaqlaşmağımı lazım olmayan dərəcədə şişirtmək lazım deyil. Müsabiqədən getməyimlə bağlı layihənin rəhbəri ilə danışmışdım. Müsabiqədən uzaqlaşmağımın səbəbi işlərimin çox olmasıdır”. Bu sözləri APA-ya "Xalq ulduzu" yarışmasının münsiflər heyətindən uzaqlaşan xalq artisti Aygün Bayramova deyib. Xalq artisti açıqlamasında onun yarışmadan uzaqlaşması ilə bağlı gəzən söz-söhbətə, efirdə səslənən fikirlərə də münasibətini bildirib: “İşlərimin çox olması səbəbindən münsiflər heyətindən çıxmaq barədə hələ “Xalq ulduzu-3” yarışmasının seçim mərhələsində layihənin rəhbərinə demişdim. Sadəcə, layihə rəhbərinin sözünü yerə salmadım. İndi bunu guya mənim inciməyimlə əsaslandırmaq tamamilə yanlışdır. Deyirlər, guya, efirdə təqdim edilməyim xoşuma gəlməyib, bundan incimişəm. Halbuki bu gün Aygün xanımın ümumiyyətlə təqdimata ehtiyacı yoxdur. Mən o cür cılız fikirlərlə yaşamıram. Deyirlər ki, guya digər münsiflərə qısqanclıqla yanaşmışam. Şükür Allaha... Tanrı mənə hər şey verib. Allahımdan çox razıyam. Ən başlıcası sənət verib, səs verib, gözəl səhnə görünüşü verib. Mənim nə qısqanclığım ola bilər axı? Bir də sənətdə gördüyüm işlər, bu günə qədər həm ölkəmizdə, həm ölkəmizin hüdudlarından kənarda qazandığım uğurlar... Yenə də deyirəm ki, bunu bu qədər böyütməyə ehtiyac yoxdur. Mənim təkcə operada oynadığım Leyli obrazı hər şeyə dəyər”.

Lazımsız söhbətlərə ehtiyac duymadığını qeyd edən A. Bayramova belə şeylərin ona yad olduğunu vurğulayıb: “Mənə çox paxıllıq edirlər, üzümə gülürlər, arxamca isə... Lakin mən bu günə qədər heç kimə paxıllıq etməmişəm. Mənim paxıllıq eləyə biləcəyim adam da yoxdur axı... Bir daha deyirəm ki, mənim təqdimata ehtiyacım yoxdur. O gün efirdə deyirlər ki, Aygün xanım təqdimata görə inciyib. Əsla belə şey ola bilməz. Mən iki “Xalq ulduzu” yarışmasında iştirak etmişəm. Amma bu gün o lazımsız adamların lazımsız, yersiz söhbətlərinə ehtiyac yoxdur. Xalq məni yetərincə yaxşı tanıyır”.

A. Bayramova məsələni bu qədər böyüdənlərin bununla özlərini reklam etdiklərini də gizlətməyib: “Heydər Əliyev Fondunun təqaüdçüsüyəm, prezident mükafatçısıyam, prezidentimiz tərəfindən evlə təmin olunmuşam. Nəyə paxıllıq edəcəyəm? Bunlar çox gülünc söz-söhbətdir. Sadəcə özlərini bununla reklam edirlər. Ancaq mənim belə şeylərə ehtiyacım yoxdur. Mən lazımsız söz-söhbətlərlə oturub-durmuram, ancaq sənətimlə məşğulam. Onlar cılız insanlardır ki, bunu şişirdirlər və düşünürlər ki, bəlkə Aygün xanımı gözdən sala bilərik. Xeyr, əsla belə olmayacaq. Mən xalqın məhəbbətini, sevgisini qazanmışam. Allah mənə hər şey verib, nəyə qısqanclıq etməliyəm? Mən ömür boyu dövlət tədbirlərində iştirak etmişəm və bu gün də iştirak edirəm. Vəssalam, bununla da qurtardı”.

Xalq artisti bir daha “Xalq ulduzu” yarışmasında münsif olmayacağını da açıqlayıb: “Məni bir də “Xalq ulduzu” müsabiqəsində görməyəcəksiniz. Elə adamam ki, sözü bir dəfə deyirəm. Bu da mənim xasiyyətimdən irəli gələn bir şeydir”.

Qeyd edək ki, son vaxtlar mətbuatda “Xalq ulduzu” yarışmasının aparıcılarının münsifləri təqdim edərkən, digər münsiflərdən fərqli olaraq Aygün Bayramovanı heç bir titulla deyil, sadəcə Aygün Bayramova kimi təqdim etməsinin xalq artistinin narazılığına səbəb olması, məhz bu səbəbdən yarışmadan ayrılması haqqında məlumatlar dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755

Oxşar yazılar