Azərbaycan teleradioları türk musiqisinə qadağa qoyubmu? - SORĞU
10 aprel 2009 12:30 (UTC +04:00)

Azərbaycan teleradioları türk musiqisinə qadağa qoyubmu? - SORĞU

Türkiyə mətbuatını yazdıqları təkzib olunur
Türkiyə mətbuatı bu il may ayında “Eurovision-2009” mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək olan müğənni Hadisə başda olmaqla digər müğənnilərinin də Azərbaycanın efir və radio dalğalarında yayımına qadağa qoyulması ilə bağlı xəbər yayıb. Lent.az-ın məlumatına görə, Türkiyənin “Hürriyet” qəzeti yazır: “Azərbaycanda Türkiyənin Ermənistanla yaxınlaşmasından sonra narazılıq Azərbaycanın televiziya və radiolarına da təsirini göstərib. Bundan ən böyük zərəri isə mayın ikinci həftəsində Moskvada düzənlənəcək olan “Eurovision” musiqi yarışmasında Türkiyəni təmsil edəcək olan Hadisə görür. Azəri televiziya kanalları və radiostansiyaları Hadisə başda olmaqla türk sənətçilərini nadir hallarda yayımlamağa başlayıb. Ölkənin ən çox dinlənilən radiosu türk mahnılarını boykot edib. Türkiyə Ermənistanla sərhədi açacağı halda “Eurovision”da hər il Türkiyəyə yüksək xal verən ölkənin “pas” deməsi belə gündəmə gəlib”.
Azərbaycanın televiziya kanalları doğrudanmı türk musiqilərini yayımlamağı dayandırıblar?

“ANS” şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev Lent.az-a açıqlamasında xəbəri təkzib edib: “Bizdə istənilən musiqiçinin bütün mahnıları səsləndirilir, biz məmnuniyyətlə türk müğənnilərini verilişimizə dəvət edirik. İnanmıram ki, Azərbaycanda hansısa telekanalda və ya radioda Türk müğənnilərinə qadağa olsun”.

“Lider” telekanalının baş prodüseri Murad Dadaşov da telekanalda belə bir məhdudiyyət olmadığını dedi: “Qurum fəaliyyətini qanunvericiliyə uyğun formada qurub, türk filmləri Azərbaycan dilində yayımlanır. Ondan artıq heç bir tədbir görülməyib, əksinə, türk musiqiləri həmişəki kimi efirimizdədir”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov təmsil olunduğu qurumun adından məlumatı birmənalı şəkildə təkzib edib: “Biz birmənalı şəkildə məlumatı təkzib edirik. İctimai teleradio “TRT” ilə bildiyiniz kimi çoxsaylı telekörpülər həyata keçirir, canlı bağlantılar qurur. İctimai Televiziya “TRT-Avaz” ilə hazırda ortaq proqramlar yaymlayır. Hazırda ortaq türk televiziyasının qurulduğu bir vaxtda belə bir iddia absurddur”.

Azad Azərbaycan televiziyasının bədii rəhbəri Elçin Əlibəyli ATV kanalının belə bir qərara imza atmadığını deyib: “Hətta bir gün öncə proqramda türkiyəli qonağımız var idi. O yayılan xəbər həqiqətə uyğun deyil”.

“Space” Teleradio Şirkətinin prezidenti Vaqif Mustafayev sualı cavabsız qoyub.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584

Oxşar yazılar