Nizami Cəfərov: “Ramiz Rövşənin dövrü keçib” – MÜSAHİBƏ
01 aprel 2009 16:30 (UTC +04:00)

Nizami Cəfərov: “Ramiz Rövşənin dövrü keçib” – MÜSAHİBƏ

“Səməd Vurğununun yaradıcılığı ilə məşğul olsan, gedib haradasa azacaqsan”

Filologiya elmlər doktoru, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərovun APA-ya müsahibəsi

- Azərbaycan ədəbiyyatının hazırkı durumunu necə xarakterizə edərdiniz?

- Biz kifayət qədər güclü ədəbiyyat yaradan xalqıq. Tarixin müxtəlif dövrlərində siyasi, iqtisadi müstəqilliyimiz olmasa da, ədəbi təfəkkür müstəqilliyimiz həmişə olub. Özü də bu müstəqillik sadəlövh, primitiv olmayıb, kifayət qədər canlı, döyüşkən, müdrik ideya zənginliyi ilə seçilib. Vəziyyət indi də belədir. Azərbaycan yazıçısı söz deməyi bacarır, ciddi sənət nümayiş etdirir. Amma bu gün ədəbiyyatın və yazıçının mövqeyi ötən əsrin 30-cu, 60-cı, hətta 70-80-ci illərdə olduğundan zəif görünür. Uzun illər ədəbiyyatımızda xalqın müstəqilliyi, Azərbaycanın bütövlüyü, dünyaya inteqrasiya təbliğ olunub. O zaman bu ideyaların həyata keçirilməsi üçün geniş imkanlar olmayıb. Bu gün isə müstəqil dövlət və iqtisadi inkişaf var.

- Yəni deyirsiniz ki, yazıçıların işi qurtarıb?


- İdeyalar artıq müəyyən səviyyədə həyata keçib. Həyata keçməyən ideyaların isə perspektivi görünür və hiss olunur ki, artıq bunlar ədəbiyyatın işi deyil. Məsələn, türk dünyasının bütövlüyü bizin ədəbiyyatımızda həmişə səslənib. Bu məsələ indi bizə çox gerçək görünür. Hiss edirik ki, bu işi ədəbi təfəkkür enerjisindən daha çox siyasi, iqtisadi enerji ilə həyata keçirmək lazımdır. Yəni, vaxtilə Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Səməd Vurğunu, Əkrəm Əylislini, Anarı, Elçini, İsa Hüseynovu, Nəriman Həsənzadəni, Bəxtiyar Vahabzadəni yetişdirən ideyalar indi həyata keçmiş kimi görünür. Doğrudur, biz bu gün türk dünyasının tam birliyindən açıq ürəklə danışa bilmərik. Ancaq biz onu görürük. Yəni burada hiss olunur ki, ədəbiyyatın işi siyasətin işindən az tələb olunur. Digər tərəfdən, dünya obrazlı ifadədən, sətiraltı söz deməkdən uzaqlaşıb. İndi söz birbaşa deyilir. Ədəbiyyat publisistikaya keçir. Bu gün sözü birbaşa demək lazımdır. Məsələn, müqayisə etsək, 1990-cı və 2000-ci illərin ən populyar şairi Zəlimxan Yaqubdur. Ona görə ki, söz etnoqrafik səmimiyyətdən və birbaşa deyilir. Daha burada Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Ələkbər Salahzadə kimi mürəkkəb obrazlardan danışmaq dövrü keçib. O ədəbiyyat öz yerində qalmağına qalıb. Təbii ki, o ədəbiyyatı da hansısa düşüncə tərzi yetişdirib və müxtəlif dövrlərin ədəbiyyatlarının bədii səviyyəsi ilə müqayisə etmək olar. Bu mənada müqayisə etsək, Zəlimxan Yaquba nisbətən Ramiz Rövşənə obrazlılıq səviyyəsinə görə üstünlük vermək olar.

- Bütövlükdə götürəndə onlardan hansı daha böyük şairdir?

- Burada nə isə nəzərə alınmalıdır. Söhbət təmiz ədəbiyyatdan gedirsə, Ramiz Rövşənə üstünlük verilməlidir. Yox, əgər cəmiyyətin qəbul etdiyi, onu ifadə edən, bütün ictimai-siyasi prosesləri özündə ehtiva edən ədəbiyyatdan danışırıqsa, Zəlimxan Yaqub üstündür. Zəlimxan Yaqubda topluma müraciət etmək, toplumla danışa bilmək qabiliyyəti yüksəkdir. Yəni bu dövrün şairi Zəlimxandır. Bu gün xanəndələr, müğənnilər Səməd Vurğundan yox, Füzulidən, Əliağa Vahiddən oxuyursa, demək bu gün onlar daha müasirdir. Yəni bu gün muğam sənətində istifadə olunan sözdə Füzulini, Əliağa Vahidi əvəz edə biləcək adam yoxdur. Bəxtiyar Vahabzadə bu baxımdan müəyyən qədər önə çıxsa da, çox da irəliyə gedə bilmədi. Bir də ədəbiyyat həmişə mümkün qədər ümumiləşdirməyə cəhd edir. Bugünkü dünya isə ümumiləşdirmədən xeyli uzaq olduğuna görə müasir insana konkret bu dəqiqə zövq verə biləcək məqamlar lazımdır. İndi dünyanın ünsiyyətini təmin edən fransız, alman deyil, məhz onlardan daha çevik olan ingilis dilidir. Açıq düşüncə dövrünün öz ədəbiyyatı olmalıdır. Açıq müraciətlər, hamıya aid olan texnologiyalarla düşünmək daha aktualdır.

- Sizin dediyiniz kimi olsa, gərək dünyanın inkişaf etmiş, əsas problemlərinin həllinə nail olmuş ölkələrinin yazıçıları qələmi yerə qoysunlar. Halbuki əksinədir. Bu gün inkişaf etmiş ölkələrin ədəbiyyatının mövqeyi daha çox güclənməkdədir. Buna misal kimi Türkiyəni göstərmək olar.

- Bu gün Türkiyənin ədəbiyyatı bu ölkənin problemlərinin ədəbiyyatıdır. Orxan Pamukuin yüksəlməsi və “Nobel” mükafatı almasına baxmayaraq, türk dünyasının düşüncə adamları bu ödülün əvvəlcə Çingiz Aytmatov və yaxud Oljas Süleymenova verilməli olduğunu iddia edirlər. Demək istər-istəməz burada aydın olur ki, qlobal problemlər üzərində düşünən ədəbiyyat öz mükafatını almamış, yeni problemi qoyan yazıçı mükafat alır. Burada əlbəttə ki, dövrün, dünyanın konyukturası var. Biz nəyə görə məhz Çingiz Aytmatovun yox, Orxan Pamukun “Nobel” aldığını bilirik. Orxan Pamuk Türkiyənin problemini türk düşüncə ənənəsi ilə qaldırmır. O bu problemi böyük düşüncə, intellekt güclərinin maraqları səviyyəsində qaldırır. Bəlkə də Orxan Pamuk dünya üçün, Türkiyə üçün olduğundan daha maraqlıdır.

- Belə çıxır ki, müasir Azərbaycan ədəbiyyatının Hüseyn Cavidi, Səməd Vurğunu, hətta Bəxtiyar Vahabzadəsi də olmayacaq?

- Xeyr, belə deyil. Deyək ki, Zəlimxan Yaqub yaratdığı ədəbiyyatla, dövrünün şairi olmaqla, kifayət qədər populyarlıq qazanmaq etibarı ilə özünü Hüseyn Cavidlə və ya Səməd Vurğunla müqayisə edib. Bu ədəbiyyatın bir sirridir. Bu müqayisəni indi Zəlimxan Yaqub qədər populyar olmayan, lakin bir vaxtlar olduqca populyar olmuş Seyran Səxavət də hiss edir. O özünü heç kimdən, hətta ən klassik yazıçılardan da aşağı səviyyəli yazıçı saymır. Müəyyən oxucu kütləsi də bunu belə qəbul edə bilər. Sizə deyim ki, vaxtilə Hüseyn Cavidin öz dövrü ilə çox yaxşı münasibətləri də olub. Təsəvvür edin ki, ötən əsrin 20-30-cu illərində ən çox Hüseyn Cavidin əsərləri tamaşaya qoyulurdu. Onun əsərləri çap olunmamış tamaşaya hazırlanırdı. Bu ziddiyyət və gərginlik münasibətlərin sıxlığından doğurdu. Həmin dövrdə Əliağa Vahidin isə heç kəslə kontaktı yox idi. Ona görə də nə yazırdısa yazsın, heç vaxt dövrlə, zamanla ziddiyyəti yaranmırdı. Böyük ziddiyyət kontaktlar möhkəm olan yerdə üzə çıxır. Bu gün hər hansı yazıçımız iqtidarla polemikaya girirsə, bu ləzzət verməyəcək. İndi elə yazıçılar var ki, o qədər də məşhur deyillər, ancaq iqtidarla polemikadadırlar. Onlara elə gəlir ki, ədəbiyyat həmişə dövrlə, zamanla müxalifətdə olmalıdır. Bu da maraqsız fikir deyil. Milli inkişafımızla, onu təmin edən hakimiyyətlə o şairin, yazıçının arasında ziddiyyət ola bilər ki, o, həmin mühitlə yaxındır, ona bağlıdır və onu ifadə edir. Bax, ədəbiyyatda bu da var ki, ziddiyyətlər çox zaman yaxınlığın içindən qopur.

- Son dövrlər Azərbaycan ədəbiyyatına təqdimat verən əsas şəxslərdən birisiniz. Kitablara ön söz yazanda hansı prinsiplərə əsaslanırsınız?

- Mənim üçün həmişə əsas göstərici ədəbiyyatın nə qədər öz kökləri üstündə olması, millətə nə qədər xidmət etməsi olub. Vaxtilə böyük şairlərimiz Bəxtiyar Vahabzadəni, Nəbi Xəzrini, Hüseyn Arifi, Nəriman Həsənzadəni tənqid etmişdim. Bunların kökü ədəbiyyatın dərininə getmir. Ancaq Çingiz Aytmatov, Oljas Süleymenovun düşüncəsi ədəbiyyatın ən qədim kökündən, eposdan, mifdən gəlir. Səməd Vurğunun və bayaq adını çəkdiyim şəxslərin yaradıcılığının kökü isə orta əsrlərdən gəlir. Bugünkü qırğız, qazax, altay ədəbiyyatı öz kökündən ayrılmayıb. Bu gün istənilən qırğız, qazax şairinin yaradıcılığı ilə maraqlansan, rahat şəkildə gedib öz kökünə çıxacaqsan. Ancaq Səməd Vurğununun yaradıcılığı ilə məşğul olsan, gedib haradasa azacaqsan. Bu məsələ o qədər mürəkkəblik yaradıb ki, hətta bizim folklorumuzun da xarakteri yayğındır. Bir də mən həmişə Azərbaycan ədəbiyyatı adı ilə ortaya çıxan, məşhurlaşan, bizi təmsil etmək iddiasında olan ədəbiyyatın əleyhinə olmuşam. Bu ədəbiyyat mənim üçün ən təhlükəli ədəbiyyatdır. Belə ədəbiyyat yaradanları heç vaxt qəbul etməmişəm.

- Kimləri nəzərdə tutursunuz?

- Onların bəziləri ilə polemikalar aparmışıq. Hətta davalarımız da olub. Belə yazıçılar əsasən rusdillilərdir.

- Rüstəm İbrahimbəyovdan danışırsınız?

- Rüstəm İbrahimbəyov, onun qardaşı Maqsud İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov tipli yazıçıların yaradıcılığını Azərbaycan ədəbiyyatı kimi qəbul etməkdə çətinlik çəkirəm. Onları qəbul edənləri də başa düşmürəm. Çünki onları qəbul edənlərin özləri belə deyil.

- Deyirsiniz ki, bu adamların həmin yazıçılara münasibəti səmimi deyil?

- Bəlkə də səmimidirlər. Ola bilər, bu şəxsi münasibətlərlə əlaqədardır. Bir böyük yazıçının yazdığı nədirsə, qəbul elədiyi də o olmalıdır.

- Yeri gəlmişkən, Rüstəm İbrahimbəyovla aranızdakı problemin axırı necə oldu?

- Hərə öz mövqeyində qaldı. Bu polemika daha çox ictimai fikir üzərində açılmışdı. Görünür, mən daha çox ədəbiyyatçı olduğum üçün bu polemikanı ədəbiyyata çəkdim. Ancaq təbii ki, ictimai fikir məsələsi qalır. Elə mövqelər, ictimai fikirlər var ki, yazıçının bədii yaradıcılığını müəyyənləşdirir. Özü də indi ədəbiyyatın publisistikləşdiyi dövrdə...

- Bayaq Sizdən soruşduğum ön söz yazmaq prinsipinə cavab vermədiniz...

- Mənim kiminsə yaradıcılığı haqqında yazmaq və ya diktə etmək üçün üç prinsipim var. Diktə etməyi ona görə deyirəm ki, bəzən yazmağa vaxt olmur. Həmişə böyük yazıçılarımızın kitablarına ön söz yazmaq istəmişəm. Birinci prinsip mənim həmişə həsrətində olduğum bir şeydir. Tutaq ki, Səməd Vurğunun, İsa Hüseynovun, Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin, Əkrəm Əylislinin kitablarına məmnuniyyətlə ön söz yazmaq istəmişəm, əksəriyyətinə də yazmışam. İkinci prinsip isə nisbətən yeni yazarlar, istedadlı ədəbiyyat adamlarının yaradıcılığına ön söz yazmaqla bağlıdır. Onlar da mənə müraciət edəndə mümkün qədər yox demirəm. Belə vəziyyətdə yazdıqlarımın çox zaman həsrətində olmuram. Yəni onlar dəfələrlə xahiş edirlər, sonra yazıram. Bir şeyi də deyim ki, heç vaxt oxumadığım, ən azı vərəqləmədiyim kitaba ön söz demirəm və yazmıram. Heç vaxt ön söz yazmaq istəmədiyim, amma üzdən-gözdən olub, yazdığım, yaxud ön sözün məzmununu dediyim kitablar da var. Mənim üçün ən təhlükəlisi də budur. Bu kitablara ön söz yazmaq istəmirəm. Belələrinə deyirəm ki, ön sözü yazın gətirin, baxım. Bunların böyük əksəriyyəti elmi yox, bədii kitablardır.

- Bəs Yunus Oğuzun və ya Hüseynbala Mirələmovun kitablarına yazdığınız ön sözlər hansı prinsipə söykənir?

- Hüseynbala Mirələmovun, Yunus Oğuzun, Aqil Abbasın da kitabları haqqında yazdığım ön sözlər mənim təşəbbüsümlə olmayıb. Onlar mənə müraciət ediblər və çox istəyiblər ki, kitabları haqqında fikir yazım. Ancaq mən həmin fikirləri məmnuniyyətlə yazmışam və ya demişəm. Həmin əsərlərə ön söz yazmaqla yanaşı, müəyyən məsləhətlər də vermişəm. Tutaq ki, artıq olan hissələrin çıxarılmasını təklif etmişəm. Bəziləri mənim fikirlərimlə razılaşaraq müəyyən hissəni çıxarıblar. Bu gün Azərbaycan ədəbiyyatında müəyyən orta nəsil yazıçılar var ki, onların kitablarına məmnuniyyətlə ön söz yazardım. Ancaq mənə elə gəlir ola bilsin ki, onlar bunu istəmirlər. Onlar mənə müraciət etsələr, imtina etmərəm.

- Axı, belə məsələlər müraciətlə həll olunmamalıdır...

- Ədəbiyyatda həmişə sifariş var. Dostoyevski əsərlərinin xeyli hissəsini sifarişlə yazıb. Belinski də məqalələrinin bir çoxunu müəlliflərin xahiş ilə yazıb. Təbii ki, bayaq dediyim birinci prinsip daha idealdır. Ancaq sifariş olmalıdır. Məsələn, sabah Ramiz Rövşən, Vaqif Səmədoğlu, Seyran Səxavət, Vaqif Cəbrayılzadə və bu səviyyədə olan ədəbiyyat adamları kitablarını mənə versələr, özümə borc bilərəm, vaxt ayırıb onların haqqında yazaram. Söhbət təkcə kitaba yazılan ön sözdən getmir.

- Kitablara yazdığınız ön sözə görə maddi vəsait tələb edirsiniz?

- Qətiyyən. Hər halda mənim maddi imkanım həmin yazıçıların maddi imkanlarından daha üstündür.

- O zaman Sizə təqdim olunan aşağı səviyyəli əsərlərə ön söz yazmaqdan niyə imtina etmirsiniz? İnanmaq olmur ki, kiminsə könlünü xoş etməyi, imzanızdan daha üstün biləsiniz.

- Əlbəttə mən öz imzamı kifayət qədər çox istəyirəm. Ancaq yaradıcı adamda müəyyən nüfuz yaranandan sonra özünə əminlik o qədər güclü olur ki, bəzən zəif fikri də söyləyə bilir. Bəzən üzə çıxmayan, kiminsə tapdaladığı və bundan sonra da üzə çıxması mümkün olmayacaq zəif bir yazıçını tərifləyə bilərəm. Təki onun könlü xoş olsun, özünü sınmış hesab etməsin. Mənə belə müraciətlər olur. Bəzən kimsə gəlir ki, “Adım heç yerdə yoxdur, xahiş edirəm haqqımda bir söz yaz”. Təbii ki, belə olanda ədəbiyyatdan danışmırsan. Mənə elə gəlir ki, Allahın bir fağır bəndəsinə kömək etmək o dünyada daha çox qiymətləndiriləcək, nəinki o güclü yazıçılar haqqında yazmaq.

- Bayaq adını çəkdiyimiz Hüseynbala Mirələmov və Yunus Oğuzun yaradıcılığı haqqında çox yüksək fikirlər səsləndirmisiniz. Hətta Hüseynbala Mirələmovun yaradıcılığını Anarın yaradıcılığı ilə müqayisə etmisiniz. Doğrudan bu fikirdəsiniz?

- Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsərini oxuyanda gördüm ki, bu ədəbiyyat üçün kifayət qədər qeyri-adi hadisədir. Onun əsərindəki fikirlər çox xoşuma gəldi. Hətta həmin əsərin türkcəyə çevrilməsini təklif etdim. Həmin roman haqqında nə yazmışamsa, hamısı səmimidir, mən o cür düşünürəm. Onu Hüseynbala Mirələmov yox, tanınmamış bir yazıçı da yazsaydı, yenə də həmin fikirləri yazardım. O cümlədən Yunus Oğuzun “Atilla” pyesini və “Nadir şah” tarixi romanını diqqətlə oxumuşam. Bu əsərlər də mənə çox xoş təsir bağışlayıb. Yunus Oğuz türk tarixini yaxşı bilir.

- Azərbaycan ədəbiyyatında hadisə hesab etdiyiniz yeni imzalar var?

- Hələlik elə bir xüsusi istedaddan xəbər verən imza görmürəm.

- Ədəbi nəsillərin mübarizəsini necə qiymətləndirirsiniz?

- Bu mübarizə indi bir az səngiyib. Ancaq müxalifət qəzetlərində istedadlı köşə yazarları var. Onların söz atmaları mənə maraqlı gəlir. Onlar çox zaman mənə də söz atırlar. Açığı onlar mənə söz atanda qəbul edirəm. Onların bəzilərindən adam öyrənir də. Yəni bu normal prosesdir. Onlara cavab da verə bilərəm. Ancaq hər halda onların yazdıqlarında müəyyən həqiqət elementləri var.

- Milli Məclisin Mədəniyyət komissiyasının sədri kimi fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Bəzən deyirlər ki, ardıcıl şəkildə çoxlu qanun qəbul etmək lazımdır. Lakin biz o qədər çox qanun qəbul etməsək də, mədəni-ictimai həyatın içində olmuşuq. Ola bilər ki, mədəniyyət sahəsində üç və ya beş il ərzində hansısa qanun qəbul edilməsin. Ayda bir dəfə iclas keçirib dünyanın müxtəlif ölkələrinin parlamentlərinin mədəniyyət sahəsində qəbul etdiyi qanunları götürüb Azərbaycan şəraitinə uyğunlaşdıraraq ideal qanun qəbul etməyin əleyhinəyəm. Bu, çox təhlükəli şeydir. Milli Məclisdə belə işləyən komissiyalar var.

- Müğənnilərdən kimlərin ifasını dinləyirsiniz?

- Mən klassik musiqini, aşıq sənətini çox sevə-sevə dinləyirəm. Bununla yanaşı, müasir estrada ifaçılarını da dinləyirəm. Aygün Kazımovanı çox böyük sənətkar hesab edirəm. Bundan başqa, Tünzalə Ağayeva, Röya, Azərin, Nadir Qafarazadənin ifasını yüksək qiymətləndirirəm. Onların hamısının ifasında nəsə var.

- Ədəbiyyatla müqayisədə şou-biznesin vəziyyətindən daha nikbin danışdınız...

- Bu sahədə mövcud vəziyyət, ədəbiyyatdakından çox yaxşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2809

Oxşar yazılar