Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi açılıb
30 mart 2009 17:00 (UTC +04:00)

Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi açılıb

Bu gün Bədii Sərgi Salonunda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi keçirilib. Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Sərginin nümayişi aprelin 4-dək davam edəcək.
Sərgidə rəssam Vaqif Ucatayın ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarını əks etdirən qrafika əsərləri nümayiş olunub. Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev həmvətənlilərimizin başına gətirilən bu soyqırımları unutmağın, bu günləri yad etməməyin günah olduğunu deyib: “Bu, dünyada ən dəhşətli faciələrdən biridir. Dövlət başçısı İlham Əliyev həmişə deyir ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan ordusu məqsədinə nail olmağa qadir olan ordudur və mütləq ərazi bütövlüyünü təmin edəcək. Güman edirəm ki, bu cür faciələr təkrar olunmayacaq. 1918-ci ildə törədilmiş bu faciənin uzun müddət yad edilməməsi Azərbaycanın müstəqil olmaması ilə bağlı olub. Bu soyqırım ona görə qeyd olunmurdu ki, bunu bizə unutdurmaq istəyirdilər. Müstəqillik dövründə hər bir xalq daha dərindən və daha böyük tənqidi baxışla təhlil edib nəticə çıxara bilirlər”.
Rəssam Vaqif Ucatay gənc nəsli bu rəsmlərə baxaraq hadisələri canlandırmağa çağırıb: “Bu soyqrımıla bağlı daha ağır əsərlərin olsa da, həmin əsərlərin bu günkü sərgidə nümayişi mümkün olmadı. Əslində mən çox istərdim ki, gənc nəsil bu rəsmlərə baxaraq həmin vaxt törədilən soyqırımı gözlərinin önlərində canlandırsınlar. Çünki bu tarixi unutmaq özünü unutmaq deməkdir. Hərdən xalqımızı yaddaşsızlıqda günahlandırırlar, ancaq mən heç bir zaman bunu yaxına buraxmıram. Çünki Azərbaycan xalqı bu boyda faciələri unuda bilməz”.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1709

Oxşar yazılar