“Azərbaycan türkləri Novruz Bayramını daha geniş qeyd edir” - MÜSAHİBƏ
17 mart 2009 15:30 (UTC +04:00)

“Azərbaycan türkləri Novruz Bayramını daha geniş qeyd edir” - MÜSAHİBƏ

Azad Nəbiyev: “İran Novruz bayramının yalnız farslara məxsus olduğunu söyləyir və çərşənbələrin adlarını təhrif edir”

Bu gün Novruz çərşənbələrindən sonuncusu – İlaxır Çərşənbədir. Bu, 4 çərşənbə içərisində ən çox sevilən, müxtəlif mərasimlər, oyun və şənliklərlə ən zənginidir. Həm də ona görə ki, İlaxır Çərşənbənin daxil olduğu həftə bahar fəslinin yurdumuza gəlməsi, torpağın oyanması, bərəkət, əkin-biçin mövsümünün başlanması kimi səciyyələnir.
Tanınmış alim, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyevlə söhbətimiz İlaxır Çərşənbənin və ümumiyyətlə, Novruz Bayramının tarixi, bu adətlərin haradan və necə yarandığı barədədir:

- Novruz bizə çox qədim mənbələrdən gəlib çatmış bayramlardan biridir. Bu barədə ən qədim mənbələrdə, tarix kitablarında, xüsusən də ərəb tarixçilərindən çoxlu məlumatlar bu günə qədər gəlib çatıb. Məsələn Əbu-Reyhanın “Qədim xalqlardan qalmış yadigarlar” əsəri Novruzun qədim xalqlar içərisində geniş şəkildə bayram edildiyini göstərən faktlarla çox zəngindir. Sonrakı əsrlərdə Ömər Xəyyamın “Novruznamə”, bir sıra miflərdə, əsatirlərdə Novruz bayramının çox qədim zamanlardan xalqlar içərisində, xüsusilə də azərbaycanlıların yaşadığı ərazilərdə geniş şəkildə bayram kimi keçirildiyi qeyd olunur. Ömər Xəyyam “Novruznamə”sində yazır ki, bu bayram xalq içərisində bizə yadigar qalan köhnə bayramlardan olub və o “Sərvərdin” ayının, yəni martın əvvəllərində qeyd olunur. Novruzun tarixini və adət-ənənələrini bizə çatdıran mənbələr içərisində qədim türk mifləri özünü xüsusilə qabarıq şəkildə göstərir.

- Novruz bayramının dəqiq tarixi məlumdurmu?

- Məlumdur, bu tarix Əhəminlər dövründən də əvvələ gedib çıxır. Çünki Əhəmənilər haqqında yazılan tarixi mənbələrdə göstərilir ki, bu bayram onlardan xeyli əvvəl xalq arasında çox təntənə ilə qeyd olunub. “Avesta” qaynaqlarında da bu bayramla bağlı rituallar, adətlər, xüsusilə də səməninin göyərdilməsi, tonqallar üzərindən tullanma kimi ənənələrin mövcudluğu barədə məlumatlar var. Bayramın sonrakı dövrlərdə Azərbaycanda geniş yayıldığını, yeni-yeni rituallarla zənginləşdiyini göstərən faktlar, adətlər, mərasimlər çoxdur. Bunların arasında 4 ünsürlə – su, od, yel və torpaqla əlaqədar kulturoloji dəyərlər, insanın törənməsi, törəniş etiqadları və ondan bəslənən əzizləmələrin, qayğı və məhəbbətin İlaxır Çərşənbə şəklində bizə gəlib çatıb. Düzdür, rus imperiyası dövründə Azərbaycanda Novruz bayramının keçirilməsini məhdudlaşdırmışdı. Onlar çalışırdılar ki, Yeni il Bayramı Novruzdan daha üstün şəkildə qeyd olunsun. Ancaq xalq müəyyən sıxıntılarla üzləşsə də, Novruz adətlərini, mərasimlərini yaşatdı və ötən əsrin 60-cı illərindən başlayaraq, özünə qayıdış dövrünə qədəm qoydu. Müstəqillik əldə etdikdən sonra Novruz bayramı ölkə başçısının sərəncamı ilə dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu isə Azərbaycançılıq ənənələrinin söykəndiyi ən qədim mərasim düşüncəsini gündəmə gətirdi və indi Azərbaycan xalqı özünün törənişini, mənəvi təmizliyinin, əxlaqının, saflığının, estetik görüşlərinin ümumi bir məcmusu kimi Novruz bayramının yüksək səviyyədə qeyd edir.

- Novruz bayramı daha hansı ölkələrdə keçirilir?

- Novruz bayramı bütün türk dünyasında qeyd olunur. Bu bayram yeni ilin gəlişi kimi keçirilir. Lakin hər bir xalq, tayfa bu bayramı özünəməxsus ənənələrlə qeyd edir. Ümumilikdə türk qövmünün bir sıra tayfaları Ergenekon bayramı adlandırdıqları Novruz bayramını yüksək səviyyədə keçirir. Hər bir türk tayfası bu bayramlarla bağlı özünün kulturoloji düşüncəsi əsasında mərasimlər sistemi yaradıb və milli mədəniyyətin inkişaf səviyyəsindən asılı olaraq Novruzu bayram ritualları ilə zənginləşdirib. Bundan başqa, hazırda İranda və farsların yaşadığı digər ərazilərdə də Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Farsların yaşadığı ərazilərdə Novruzun yalnız bir çərşənbəsi Torpaq çərşənbəsi “Sur çərşənbəsi” adı ilə keçirilir. Ancaq bir həqiqətdir ki, bu bayram Azərbaycan türkləri tərəfindən daha geniş şəkildə qeyd olunur. Bu isə hansısa türk qövmünün, türk tayfasının ənənələri üzərinə kölgə salmır. Son vaxtlarda bayramın adının dəyişdirilərək Ergenekonla əvəzlənməsi, keçəlin və kosanın bayram atributlarından kənarda saxlanmalı olduğu barədə söz-söhbətlər dolaşır. Bu isə Novruzun ən qədim köklərinə zərbə vurmaq, onu “Avesta” qaynaqlarından qoparıb yalançı illüziyalar üzərində qurmaq və beləliklə, Novruz etiqadlarına hörmətsizlikdir. Lakin Azərbaycan xalqı yeri gəldikdə bu məsələyə öz münasibətini əməli və adət-ənənəsini yaşatmaqla bildirir. Onlar təzyiqlərə baxmayaraq, tarixi köklərdən gələn ənənələrini davam etdirir.

- Novruz adətlərinə kölgə salma cəhdləri haradan qaynaqlanır?

- Son vaxtlar Azərbaycan mətbuatında çərşənbələrin sırası ilə yanaşı, bəzi etiqadların, bayram görüşlərinin məzmunu da təhrif olunur. Bəzi qüvvələr od, su, yel və torpaq çərşənbələrini zərdüştiliklə əlaqələndirir və çərşənbələr “qara çərşənbə”, “yalançı çərşənbə”, “xəbərçi çərşənbə” və digər adlarla cəmiyyətə çatdırılır. Təbii ki, bu təhrifləri xalq qəbul etmir.

- Bu təhriflərin məqsədi nədir, onlar nə etmək istəyirlər?

- Məqsəd budur ki, Novruz bayramını gözdən salsınlar, onu ümumtürk bayramı səviyyəsindən kiçik mərasimlər çərçivəsinə endirsinlər. Bəzi qüvvələr Novruzun azərbaycançılıq ənənəsinə söykənən mədəni dəyərlərini təhrif etməklə onun təntənəli, şux keçirilən mərasim sistemini bir qədər zəiflətmək istəyir. Çünki bu gün Azərbaycanın bayramı belə təntənə ilə keçirilməsini təqdir etməyə, alqışlamayan insanlar var və onlar özlərinin yalançı illüziyaları əsasında yalançı çərşənbələr yaradır.

- Təhrif etmə meylləri haradan gəlir?

- Bunun əsası, kökü bizim dost və qardaş hesab etdiyimiz İrandan gəlir. 2008-ci ildə YUNESKO-nun dəstəyi ilə Novruzla bağlı keçirilən dünya konqresində İran belə bir iddia irəli sürmüşdü ki, Novruz yalnız farslara məxsusdur. Bununla əlaqədar YUNESKO-ya məlumatlar da daxil olmuşdu. Bundan sonra Azərbaycanda “Qaş düzəldən yerdə göz vurub çıxaranlar” da meydana gəldi və onlar iddia etdilər ki, Novruz zərdüştilikdən gəlmədir. Əslində isə Novruz bayramının zərdüştiliklə, farslarla heç bir əlaqəsi yoxdur. Novruz Azərbaycanlılarla farsların tarixən qonşu şəkildə yaşadığı ərazilərdə keçirilən, yaxın və uzaq qonşuların da iştirak etdiyi yaz bayramıdır. Burada hər bir xalqın özünəməxsus payı var. Necə ki, Anadolu türkləri Ergenekon modelini yaradıblar, Azərbaycan türklərinin də özünəməxsus bayram modeli var.

Sizin portal vasitəsilə Azərbaycan xalqını, portalın əməkdaşlarını və istifadəçilərini, eləcə də Azərbaycanda uzaq ellərdə yaşayan bütün soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2581

Oxşar yazılar