“Aktrisamız səhnədə acından bayılmışdı” - MÜSAHİBƏ
08 yanvar 2010 20:00 (UTC +04:00)

“Aktrisamız səhnədə acından bayılmışdı” - MÜSAHİBƏ

Bakı Uşaq Teatrı Milli Park ərazisində yerləşən zaman yaranan problemlərlə bağlı yazılar dərc olunmuşdu. Problem teatrın oradan çıxarılaraq, H. Sarabski adına mədəniyyət evində məskunlaşması ilə nəticələndi. Lent.az-ın əməkdaşı Uşaq Teatrının hazırkı problemlərini işıqlandırmaq məqsədilə mədəniyyət evindən reportaj hazırlayıb.

Binaya daxil olan kimi ilk növbədə zala doğru irəliləyirəm. Foyedə qızğın iş gedir. Yeni il bayramı ərzində keçirilən son tamaşadan sonra müasir təmirin əlamətlərindən, zövq oxşaya biləcək hər hansı bir nəsnədən əsər-əlamət belə olmayan zalı müəyyən qədər süsləməyə çalışan bəzək əşyaları yavaş-yavaş yığışdırılır. Ətrafa göz gəzdirirəm, düşünürəm, buranın sonuncu dəfə nə vaxt təmir olunduğunu bəlkə heç işçilərin özləri də bilmir. İşıqlanma o qədər zəifdir ki, səndən 5 addım kənarda duran şəxsin üzünü güclə seçirsən. O ki qaldı, səhnədə oynayan aktyorların simasını...


Səhnə demişkən, burada tamaşanın nümayişi zamanı lazım olan heç bir texniki avadanlıq gözə dəymir. Demə, aktyorların qrim otağı da elə səhnənin arxasında yerləşirmiş. Dekorasiyaların qoyulduğu bu yerdə iki aktyor eyni vaxtda durub qrim edə bilmir. Çatışmazlıqların siyahısını bir az da artırmaq olar – köhnə oturacaqlar, vaxtilə ağ olan, indisə rəngi bilinməyən tavan, ayağının altında cırıldayan döşəmə...


Ancaq iclasdan çıxan teatr heyəti məni fikrimdən yayındırır. Müsahibimə – Uşaq Teatrının yaradıcısı və direktoru İntiqam Soltana yaxınlaşıb söhbətləşmək üçün birgə yuxarı qalxırıq. İki nəfərin yan-yana gəzə bilməyəcəyi dar dəhlizdən keçib müdir kabinetinə heç bir bənzəri olmayan kiçik, zəif işıqlı otağa daxil oluruq. Elə ilk sualdan da təəssüratımı gizlətməyərək belə bir şəraitsizlikdə necə çalışdıqlarını soruşuram.


- Nə bilim, vallah. Deyirlər, sevginin gözü kor, dili lal, qulağısa kar olur. Yəqin, elə bu səbəbdən şəraitin zəifliyini görmürük.

- Bəlkə artıq bu hala öyrənmisiniz, ona görə?

- Yox, belə deməzdim. Əslində, biz sözün əsl mənasında iş görürük. Bunu harada ediriksə, oranın şərtlərinə uyğunlaşaraq etməliyik. Mən heç vaxt iş mühitindən, şəraitsizlikdən gileylənməyi sevməmişəm. Çünki tamaşaçı qarşısında gileylənməyə heç bir haqqımız yoxdur. Problemlərimizin çoxluğundan asılı olmayaraq, tamaşaçıya onun marağını, zövqünü oxşayacaq keyfiyyətli məhsul təqdim etməliyik. Düşünürəm ki, əsas olan budur.

- Ancaq hər halda şərait yaxşı olmalıdır ki, işləməyə də bir stimul olsun.

- Təbii, bu belədir. Mən İrəvan Teatrında aktyor işləyən zaman oynadığım bir rolu xatırlayıram. Paltarımı dəyişib, başıma parik qoyub sevdiyim qızgilə qulluqçu libasında gəlirəm. Komik janrda bir tamaşa idi. Parik o qədər bərbad halda idi ki, hər dəfə tamaşaçı güləndə inanmırdım ki, mənim oyunuma gülür. Qorxurdum, bəlkə parikim düşüb ona gülürlər. Tez-tez başımdakı pariki yoxlayırdım. Və enerjimin, diqqətimin, gördüyüm işin əsas hissəsi parikin başımda saxlanma cəhdinə sərf olunurdu. Sizin dediyiniz təxminən buna bənzəyir. Biz bunu bilirik. Təsəvvür edin ki, hazırladığımız son tamaşa da rənglərin səhnəyə gətirilməsi o qədər çətin başa gəlir ki, bunun üçün ən azı 4-5 dəfə artıq vəsait xərcləməli oluruq. Ştangetlər, digər texniki imkanlar yoxdur. İşıqlanma sıfır dərəcəsindədir. Bütün bunlara rəğmən çalışır uşaqlara keyfiyyətli məhsul təqdim edək.


- Sizin tamaşalarınızın çoxunun ssenarisi həyat yoldaşınız Arzu Soltana məxsus olur. Bunun səbəbi nədir? Teatr dramaturji material baxımından qıtlıq çəkir, yoxsa...

- Arzu Soltanın bir neçə əsərini kənara qoymuşam ki, deməsinlər, nə oldu elə öz həyat yoldaşının əsərlərini tamaşaya qoyur. Axı Arzu Soltan mənim necə əsər istədiyimi yaxşı bilir. Ona görə yox ki, mənim həyat yoldaşımdır. Ona görə ki, uzun illər bu teatrda mənimlə çiyin-çiyinə çalışıb. Bəzi teatrlardakı rejissorlar, aktyorlar, elə rəhbərlik özü uşaq psixologiyasını yaxşı bilmir. Əgər uşağı tanımırsansa, səni sevməsi, başa düşməsi üçün ona necə müraciət edə bilərsən? Mən bu qənaətdəyəm ki, dramaturqu teatr özü yetişdirməlidir. Mən özümə yazarlar yetişdirirəm. Məsələn, indiyədək uşaq üçün heç bir dənə də hekayə yazmayan Elçin Hüseynbəylini yaxşı mənada məcbur etmişəm ki, əsər yazsın – «Şrek Azərbaycana gəlir». Masamın üstündə ən məşhur rejissorlardan akademiklərə qədər çoxlarının əsəri var. Ancaq onların heç biri məni qane etmir. Əsəri verən müəllif deyir “əsərimə toxunma”. Yəni, bütövü bölmə, yarımçığa dəymə. Çox vaxt uşağa nəyisə sözlə izah etməyə çalışırlar. Axı, uşaq informasiyanı gözlə daha yaxşı qəbul edir, nəinki qulaqla. Dramaturqlara üzümü tutub deyirəm ki, uşaq üçün yazılan əsərlərdə sözdən daha çox, hərəkətə, hadisəyə diqqət yetirmək lazımdır.


- Uşaq Teatrını Milli Park ərazisindəki binasından çıxardılar və həmin yerdə karusel qurşadırdılar...

- Görünür bizim millət hələ ki, uşaqlara mənəvi qida ola biləcək tərbiyəvi, maarifləndirici bir işə yox, dəmir atlara pul xərcləməyi daha üstün tutur. Bu binaya gəlincə isə, burada 4 təşkilat yerləşir – Mədəniyyət evi, Zəngilan rayon mədəniyyət şöbəsi, «Cəngi» folklor ansamblı və Bakı Uşaq Teatrı. Hər təşkilatın 50-60-dan çox işçisi var, binanın isə cəmi bir səhnəsi. Mən həmişə deyirəm ki, təmirli binalarda işləmək olar. Amma orada çalışanların vicdanı olmasa, o təmirli binalar heç vaxt teatr sənətinin, tamaşaçının dadına çatmayacaq. Ona görə də mən sadəcə öz vicdanımı, sevgimi itirməkdən qorxuram, şəraitsizlikdən yox.

- Bəs iş yoldaşlarınız bu şəraitsizliklə bağlı sizə şikayət edirlər?

- Əlbəttə edirlər. Amma neyləmək olar, görünür, belə məsləhətdir. Bu, Uşaq Teatrına deyil, uşaqlara qarşı diqqətsizlikdir.

- Heç indiyədək hansısa aktyorunuz fəxri ad alıb?

- Teatr yaranan gündən burada çalışan aktyorlar var. Gedənlərinsə bir çoxu maliyyə çətinliyi və şəraitsizlikdən gediblər. Sonra da heç bir teatrda işləməyiblər. İndiyədək fəxri ad alan olmayıb. Bir neçə dəfə təqdim etmişəm. Görünür, bizə düşmür. Halbuki bir neçə ildir səhnədə olan müğənnilər artıq əməkdar, xalq artistləridir.


- Şəraitsizlik bir yana, bəs əmək haqları necə, o məbləğlə dolanmaq olur?

- Təkcə onu demək kifayətdir ki, Milli Parkda olduğumuz zaman aktrisalarımızdan birinin səhnədə ürəyi getmişdi. Sonradan məlum olmuşdu ki, bu qız acından yıxılıb. Kirayədə qalırdı, əmək haqqı bəs etmirdi. Bu, çox acınacaqlı haldır. Yuxarı dairələrin bundan xəbəri olsa, inanıram ki, müsbət həll edər. Aktyorların əmək haqqı 120-150 manata qədərdir. Maliyyəçimiz Bakı Şəhər İcra Hakimiyyəti olduğundan mən bir neçə dəfə Hacıbala Abutalıbova müraciət etmişəm ki, aktyorların əmək haqlarını əlahiddə formada artırmaq lazımdır. Buna çox böyük ehtiyac var. Amma heç bir cavab gəlməyib. Bəlkə də harasa göndərilib, sadəcə mənim xəbərim yoxdur. Amma yalnız Hacıbala Abutalıbova yox, hamıya üz tuturam ki, uşaqlarla işləyən insanların əməyini qiymətləndirmək lazımdır. Onların diqqəti sənətdə yox, məişət problemlərinə yönəlsə, uşaqlarla səmimi ola bilməzlər. Uşaqların tərbiyəsində bu gün səhvə yol versələr, səhər Azərbaycan fəlakətlə üzləşə bilər. Axı bu uşaqlar bizim gələcəyimizdir.

Xəyalə Muradlı
# 1045

Oxşar yazılar