Kiçik qızın xəyalları
07 yanvar 2010 14:30 (UTC +04:00)

Kiçik qızın xəyalları

Bu yazını Lent.az-a İsveçdə yaşayan bir azərbaycanlı xanım göndərib. Azərbaycan sevgisindən yoğrulmuş bu hekayəti sadəcə redaksiyaya ünvanlanmış bir oxucu məktubu kimi qəbul etmədik, edə bilmədik. Dedik, qoy bu, Ayna xanımın Lent.az oxucularına, ürəyində Azərbaycan sevgisi yaşadan hər kəsə məktubu olsun...

Redaksiya

Hələ məktəb yaşlarımda ikən, səhv etmirəmsə, "Bakı Payızı" musiqi müsabiqələrindən birində şəhidlər haqqında mahnı ilə çıxış edən Anaxanım Tağıyeva adlı gənc qızın səsi məni valeh eləmişdi. Hətta o, qalib olmayanda çox ağladım, günlərlə xəstə oldum. Mən də başqa uşaqlar kimi xəyallar qurdum; əynimdə Azərbaycanın milli geyimi, əlimdə Azərbaycanın üçrəngli bayrağı, səhnədə Anaxanımla birlikdə...

Əlbəttə, sonralar bu xəyalı gerçəkləşdirmək mənim ucun elə də əlçatmaz bir şey deyildi. Əksinə, çox asan idi. Türkiyə və ya Azərbaycan səfərlərindən birində imkan tapıb Anaxanım - Azərin xanımla görüşə bilərdim. Amma artıq o xəyallar mənim deyil, ürəyi vətən eşqi ilə çırpınan kiçik bir qızın xəyalları olaraq qalmışdı.

Hər şey Azərbaycanın İsveç Krallığındakı səfirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkil etdiyi konsert proqramı barədə xəbərdən başladı. Qeyd etməliyəm ki, bu tədbirin təşkili olunmasında bilavasitə əməyi olan səfirimiz cənab Rafael İbrahimova dərin minnətdarlığımı bildirirəm. Konsert proqramına Azərbaycandan iki gözəl müğənnimiz, əməkdar artistlər Tünzalə Ağayeva və Azərin xanım dəvət olunmuşdu. Bu xəbəri eşidəndə çox sevindim və xəyala daldım. Bu, artıq mənim deyil, həmin o kiçik qızın xəyalları idi. Elə bu zaman Azərbaycanın hansısa televiziya kanallarından birində, tam təfərrüatı ilə yadımda deyil, təxminən belə bir cümlə işləndi: “Ömür çox qısadır, tez keçir, istəsəniz, uşaqlıqda özünüzdə görə bilmədiklərinizi indi övladlarınızda görə bilərsiniz...” Bu cümlə məni sanki yuxudan ayıltdı. Artıq qərar verdim: Bəli, o kiçik qızın xəyallarını, həmin o “kiçik qız”ın 6 yaşlı qızı - Leyli həyata keçirəcəkdi...

Dərhal işə başladım, Azərbaycanın üçrəngli bayrağı rəngdə Azərbaycanın milli geyimini tikdim. Hərçənd, qızım Leylinin, İsveçdə keçirilən Azərbaycan tədbirlərində tez-tez iştirak etdiyi uçun bir necə dəst milli geyimi vardı. Amma bu milli geyim Leyliyə yox, məhz o “kiçik qız”a məxsus olmalı idi. O sehrli gün gəldi. Əlbəttə, Tünzalə və Azərin xanım bir daha öz isti münasibətləri, könül açan səsləri, insanın ruhunu oxşayan ifaları ilə hər kəsi valeh etdilər. Nəinki azərbaycanlılar, hətta başqa ölkələrin səfirliklərindən olan qonaqlar da belə füsunkar musiqilərdən zövq aldılar. Onların xalq mahnılarını tamaşaçılarla birgə ifa etmələri çoxlarını kövrəltdi. Nə xoşdur ki, vətəni belə sevə-sevə sevdirən gözəl müğənnilərimiz var. Və nəhayət... Budur, səhnədə Azərin xanımın əlindən tutub, Azərbaycanın bayrağını havada dalğalandıran, o “kiçik qız”ın xəyallarını gerçəkləşdirən balaca Leyli...

Ayna Məmmədova,
İsveç
# 867

Oxşar yazılar