Qəzənfər Paşayevin 75 illik yubileyi qeyd olunub
19 noyabr 2012 18:43 (UTC +04:00)

Qəzənfər Paşayevin 75 illik yubileyi qeyd olunub

Azərbaycan Yazıçılar Birliyində professor, filologiya elmləri doktoru Qəzənfər Paşayevin 75 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan AYB-in sədr müavini Arif Əmrahoğlu Qəzənfər Paşayevin yaradıcılığının və elmi axtarışlarının Azərbaycan elminə böyük töhfə olduğunu qeyd edib. O bildirib ki, Qəzənfər Paşayevin yaradıcılığında önəmli yer tutan İraq türkmənlərinin folkloru, ədəbiyyatına həsr etdiyi kitablar daim maraqla qarşılanıb və bu dəyərli araşdırmalara görə onu “Kərkükşünaslığın banisi” adlandırıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar isə yubilyarı təkcə xalqın məhəbbətini qazanmış dəyərli ziyalı kimi yox, həm də mənəvi keyfiyyətləri ilə zəngin bir şəxsiyyət kimi dəyərləndirərək təbrik edib. AYB sədri yubilyarı İraqla Azərbaycan arasında ədəbi əlaqələrin inkişafında göstərdikləri xidmətlərdən söhbət açıb və təmsil etdiyi qurum adından hədiyyə təqdim edib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva əmisi Qəzənfər Paşayevi tək bir ziyalı kimi deyil, həm də təvazökar insan kimi xarakterizə edib: “Qəzənfər müəllim onu tanıyan, onun kitablarını oxuyan gənclərə örnəkdir. O, hər zaman ziyalı insanlara dəyər verib və fəaliyyətində hər zaman millətini sevdiyini göstərib. Qəzənfər müəllimin hələ Sovet dövründə İraqda işləyərkən orada yaşayan türkmənlərlə bağlı apardığı araşdırmalar əsasında yazdığı silsilə kitablar bu gün də oxunmaqdadır. İnanıram ki, onun bundan sonra da fəaliyyəti İraqda yaşayan türkmən soydaşlarımızın ədəbi yaradıcılığının Azərbaycanda daha da geniş tanıdılmasına öz böyük töhfəsini verəcək. O, gerçək ziyalı olmaqla bərabər, gözəl əmidir. Qəzənfər müəllim bizə təkcə sözləri ilə deyil, həm də əməli ilə milləti və vətəni necə sevməyi, ona necə xidmət etməyi də öyrədib. Biz hər zaman onunla fəxr etmişik və indi də fəxr edirik. Biz onu çox sevirik”.

Tədbirdə iştirak edən və İraqdan olan türkmən yazarların çıxışı isə daha maraqla qarşılanıb. Hüseyn Paşayev də əmisini təbrik edərək ailəsi adından xatirə hədiyyəsi təqdim etdi. Çıxış edən millət vəkili Jalə Əliyeva, şair İlyas Tapdıq, millət vəkili Aqil Abbas, Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə və digər qonaqlar yubilyara ürək sözlərini bölüşüblər.

Tədbirin sonunda Qəzənfər Paşayev qonaqlara öz təşəkkürünü bildirdi və deyilən xoş sözlərə görə özünü xoşbəxt saydığını söylədi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2303

Oxşar yazılar