Fikrət Qoca: “Onunla getmədim, qayıdanda eşitdim ki, ölüb...” - SÖHBƏT - FOTO
31 oktyabr 2012 15:34 (UTC +04:00)

Fikrət Qoca: “Onunla getmədim, qayıdanda eşitdim ki, ölüb...” - SÖHBƏT - FOTO

Xalq şairi Fikrət Qoca şeirlərində heç kəsi təkrarlamayıb və bəlkə buna görə heç kəs onu təkrarlaya bilmir.

- Fikrət müəllim, sizin kitablarınızın birində “Küçük” şeiri oxumuşam.

- Hə, mənim elə bir şeirim var, 60-cı illərdə yazmışam “Azərbaycan gəncləri” qəzetində çap olunmuşdu. O şeirə görə mənim başım çox ağrıyıb.

- Yəni həmin şeirdə siyasi rənglər vardı ki?

- Yox idi, siyasi rəng verməyə çalışırdılar.

- Kim idi onlar ?

- Adlarını demək istəmirəm.(Amma bir azdan şairimiz onların adlarını açıqlayacaq)
Mən onda Moskvada Ədəbiyyat İnstitutunda qiyabi təhsil alırdım. Yazıçılar İttifaqının zəmanəti ilə göndərilmişdim. Həm də “Azərbaycan gəncləri” qəzetində ştatdankənar jurnalist kimi çalışırdım. Yaxşı qonorar alırdım. Şeirim də orada çap olunmuşdu.

- Şeir yadınızdadır?

- Yox, olduğu kimi yadımda deyil. Məzmunu belə idi ki, qar yağır, ayaqyalın bir küçük qapıya sığınıb üşüyür. Qapı açılan kimi içəri keçmək istəyir. Deyirəm ki, ay küçük, mənim də yerim yoxdur. Pencəyim olsaydı, sənin üstünə sərərdim. O qədər yırtıcı köpəklər var ki, başqasının çörəyini yeyib, üstümüzə hürürlər. Təxminən məzunu bələ idi.

- Bəs əleyhinizə təbliğat harada aparılırdı, “Azərbaycan gəncləri”ndə?

- Yox, Yazıçılar İttifaqında. Hər gün demək olar ki, iclas çağırılır, deyirdilər ki, bu “Küçük” şeiri sovet əxlaqına ziddir. Sovet küçüyü bu qədər gücsüz və kimsəsiz ola bilməz. Ədəbiyyat İnstitutuna məktub göndərmək istəyirdilər ki, məni oradan çıxartsınlar. Guya mən onların etimadını doğrultmamışam.

- Məktub göndərsəydilər, çıxarda bilərdilər?

- Əlbəttə. Onda ciddi nizam-intizam var idi. Açığı, mən həyəcan keçirirdim. Yazıçılar İttifaqının rəhbərliyi deyirdi ki, biz sənə etimad göstərib Moskvaya oxumağa göndərdik ki, təhsil alasan, oxuyasan, dünya şeir ənənələrinə yiyələnəsən, daha göndərmədik ki, Moskvadan “Küçük” şeirini yazıb gətirəsən.

- Bəs neylədiniz?

- “Azərbaycan gənçləri” qəzetinin baş redaktoru Cəmil Əlibəyov idi. O, həmişə mənə yaxşılıq eləyib, Şamil Xurşud da var idi, allah rəhmət eləsin, o da həmin qəzetdə redaktor işləmişdi. Mənə həmişə yaxşılıqları keçib. Nə isə... Gedib Cəmil Əlibəyova məsələni açdım. Dedim belə, belə... “Küçük” şeirimə görə Yazıçılar İttifaqı oxuduğum instituta etiraz məktubu göndərmək istəyir. Cəmil müəllim yavaşca soruşdu:

- Kimdi etiraz edənlər?

Dedim:

- Hamı.

- Konkret kimlər?

- Məmməd Rahim və Yazıçılar İttifaqının Partiya Təşkilatı katibi Osman Sarıvəlli.
(bayaqdan demək istəmirdi))))

Cəmil Əlibəyov dedi:

- Bunun bircə çıxış yolu var, gəl səni rəsmi şəkildə qəzetdə işə götürüm.
Razılaşdım. Elə həmin gün Cəmil müəllim əmrimi verdi. Vəsiqəmi də o dəqiqə hazırladılar. Sonra Cəmil müəllim mənə dedi ki, get Məmməd Rahim və Osman Sarıvəllidən qəzet üçün müsahibə al. Vəsiqəmi də götürüb, gəldim Yazıçılar İttifaqına, Məmməd Rahimə dedim ki, gəlmişəm sizdən, Osman müəllimdən müsahibə alım. Çox sevindi. Osmana zəng elədi ki, bəs bu cavan oğlan müqəddəs bir iş görür, bizdən müsahibə almağa gəlib. O da razılaşdı. Məmməd Rahimin eyni çox açıldı, birdən qayıtdı ki, Fikrət, mən də 37-ci ildə tülkü haqqında şeir yazmışdım. Bir misra vardı orda: “Bir arıq tülkü yoldan keçirdi...” Məni tənqid edirdilər ki, niyə sovet tülküsünə arıq demisən, sovet tülküsü kök olmalıdı. Daha hər şey aydın idi. Məmməd Rahim ona olan hücum taktikasından mənə qarşı istifadə etmək istəyirdi.

Müsahibəni götürdüm, hər iki şair hansı əsərlər üzərində çalışdıqlarını dedilər. Bununla da məsələ kökündən həll olundu.

Bu məsələlərin məğzində əsas bir şey dayanırdı. Onlar mənim Rəsul Rzanın tərəfində dayandığımı bilirdilər.

Haşiyə: Bir dəfə Fikrət Qoca sovet nümayəndə heyətinin tərkibində Kubaya gedibmiş. Ordan qayıtdıqdan sonra səfər barədə Ağdaş zəhmətkeşləri ilə görüşlər keçirirmiş. Əli Kərimlə gediblərmiş Ağdaşa. Yayın günü... Fikrət Qoca pencəkdə və qalstukda... Əli Kərim köynəkdə. Fikrət Qoca verilən sualları çox arxayın cavablandırırmış. Əli Kərim də tez-tez deyirmiş ki, tez ol gedək içək. Söhbət uzanır. Birdən zəhmətkeşlərdən biri Əli Kərimi Fikrət Qoca bilir və uca səslə deyir ki, Fikrət müəllim, sizə bir sualım var.
Əli deyir ki, buyurun.

- Fidel Kastro yoldaş niyə üzünü qırxmır?

Əli Kərim cavab verir:

- Ona görə ki, onun tükünün altında üzü yoxdur”.

“Boyunu göyə soxum”

- Fikrət müəllim, Əli Kərimlə münasibətləriniz...


- Biz Əli ilə möhkəm dost olmuşuq. Sadə və aydın adam idi. Çox içirdi. Ölümü içki ilə bağlı deyildi. Əli Səbrinin 91 yaşı vardı, mənimlə içirdi. Onda gərək hamıdan tez öləydi. Ömrü boyu içmişdi. Vaxtsız ölüm Əli Kərimin taleyi idi. Əcəl işiydi. Qəribə xasiyyəti vardı. Həmişə ürəyində oxuyurdu. Məntiqi çox güclü idi. Biz deyirdik: “Boyunu yerə soxum”, Əli deyirdi: “Boyunu göyə soxum!” Bir dəfə küçə ilə uzun, arıq bir kişi gedirdi. Əli qayıtdı ki, bu kişidən yaxşı əsa olardı.

- Sizi təkcə yaradıcılıq əlaqələri bağlayırdı, yoxsa?

- Əlinin həyat yoldaşı Elza xanımın atası Süleyman kişi mənim atam Göyüş kişi ilə yaxın dost idi. Dövrünün tanınmış ziyalılarından idi. Atam M.Müşfiqlə, H.Cavidlə dost olmuşdu. Şeir yazırdı. 37-ci ildə onu tutmaq istəyiblər. Ağdaşa gedib, ali təhsili yarımçıq qalıb. Uzun müddət Ağdaşda su mühəndisi işlədi. Sonra Süleyman dayının köməkliyi ilə Tibb İnstitutuna daxil oldu. Hamı onu Göyüş doktor kimi tanıdı. Süleyman dayı Əli Kərimi çox sevirdi - təkcə kürəkən kimi yox - onun şeirlərini yüksək qiymətləndirirdi. Rəsul Rza da Əli Kərimə hər cür qayğı göstərirdi. Əli Kərim qayğısız deyildi.

Mən Cabir Novruzla Berlinə gedəcəkdim. Əli yanıma gəldi. Dedi, Göyüş dayı ilə görüşmək istəyirəm, gedək Ağdaşa. Səfərə gedəcəyimi dedim. Əli dedi ki, camaat Yevlağa gedəndə hay-həşir salır, sən Berlinə gedirsən, heç kəsə heç nə demirsən. Bu, son görüşümüz oldu.

Rəhmətlik Cabirlə getdik Berlinə, qayıdanda Moskvada eşitdik ki, Əli dünyasını dəyişib. Çox sarsıldıq.

- Görəsən atanıza nə deyəcəkdi ?

- Bilmirəm...

Əyləşdiyim stul

Fikrət Qoca vaxtı ilə “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri olub. İndi orda mən işləyirəm.

“Əyləşdiyim stul” essesində Fikrət Qoca haqqında vaxtı ilə yazmışdım: “Gözəl şairimiz Fikrət Qoca bir neçə il bu stulda əyləşib. Qarşısında neçə-neçə şeir qovluqları üst-üstə qalanıb. Süleyman Rüstəmdən, Əli Kərimdən (onlar da jurnalın poeziya şöbəsinin müdiri olublar) qalma şeirlər də bu qovluqların içində. Şübhəsiz ki, mənim də şeirlərim sapsarı vərəqlərdə. Bu stulda Fikrət Qoca o qədər yalanlara qulaq asıb, bəzən istəmədən kiminsə xahişini eşidib. Kimsə qapısını gündə on dəfə açıb-örtüb, az qala qapının cəftəsi laxlayıb yerindən çıxsın. Bax onda, ola bilsin ki, Fikrət müəllim vərəqin bir neçəsini götürüb o tərəfdən bu tərəfə qoyub. Kim bilir, bəlkə “Atom göbələyi” şeirini elə bu stulda yazıb. Evində, sosial həyatında, yaradıcılığında problemlər olub, bu stulda düşünüb, hər halda xalq yazıçısı Anar demiş “Fikrət Qoca həqiqəti” bu stolda yaşanıb. Bu stol tarixdir. Həm uzaq, həm yaxın tarix. Hər halda bu stolun üstündə pis şeylər, pis niyyətlər yazılmayıb. Burada şeir yazılıb. Donoslar olmayıb. Mikayıl Müşfiqin, Hüseyn Cavidin əleyhinə ittihamlar, məqalələr yazılmayıb. Amma bu tipli yazılar çap olunan qəzetlər bu stulda oxunub, Fikrət Qocanın əsəbləri səpələnib bu stola, Əli Kərim məsumluğu, M. Müşfiq nakamlığı yaşanıb bu stolun üstündə. Ona görə də bu stolun üstü illərin, zamanın xəritəsinə bənzəyir. Bax, bu cızıq 37-ci ildi, bu cızıq isə Səməd Vurğunun ölümü. Bu xətt isə Bakı–Mərdəkan yolu - Rəsul Rzanın ölümü. Bu isə Süleyman Rüstəmin demədiyi həqiqət. Bu nədi, stolun son ucunda qırmızı qələmlə edilən qeydlər, maaş günü, ya oğlunun ya da nəvəsinin anadan olduğu gün. Bəlkə bir misranın başlanğıcı - söz vadisi. Fikrər Qoca Rəsul Rza şeirinə təkan verdi, onu daha da milliləşdirdi. Əli Kərim başqa bir xətdi, deyək ki, dəmir yolu, F. Qoca dəmir yolunun üstündə, deyək ki, dayanacaq, ünvan, şəhər. Cabir Novruz isə Xızı dağlarının oyanışı, kəndin səs-küyü. Əli Kərim şeiri bədiiliyin elmi, Fikrət Qoca şeiri bu elmin dili, Cabir Növruz şeiri bu dilin quruluşu və görünüşüdür...”

Su təmizliyi də sənə qaytarır, zəhəri də

- Fikrət müəllim, sərbəst şeirə münasibətiniz?


- Çox yaxşı. Kim deyir ki, Səməd Vurğun təkcə heca şairidir və ya Rəsul Rza, ya mən təkcə sərbəst şeirlər yazmışıq? Hamımızın sərbəsti də var, hecası da. Səməd Vurğun çox sərbəst adam idi. Sərbəst şeir də elə bundan yaranır. Yəni Səməd Vurğunun sərbəstliyində heca şeiri ilə sərbəst şeirin hüdudu yoxdur. Məsələn, S.Vurğunun belə bir şeiri var:

Mən uşaq deyiləm, xeyli yaşım var
Bilirəm söz nədir, məhəbbət nədir...

Bu, tamamilə sərbəst şeirdir. “Vaqif” dramındakı sərbəstlik heç bir şairdə yoxdur. Bəlkə Səməd Vurğun özü də bunu bilmirdi. Bu elə təbii və ustalıqla gəlirdi ki, bunu ilk anda hiss edə bilməzsən.

Sərbəstliklə bağlı heç vaxt unutmadığım bir hadisəni danışım. Dağlıq Altayda türk etnosları var, burda İslamdan əsər-əlamət yoxdur. Ora rus şairləri ilə ova getmişəm. Burda yaşayan insanlar ağac qabığından özlərinə ev düzəldiblər. İçəri qəflətən girsən, daha soruşmazlar kimsən? O saat çömçədə sənə ayran verərlər. Adətlərinə görə, ayrandan bir qurtum içib geri qaytarırsan və bu misraları deyirsən:

İkimiz bir ata minsək, yorğa olar
İkimiz bir qabdan içsək, şirin olar.

Orda daş kitabələr var, qəbir daşlarının üzərinə qədim əlifba ilə şeirlər yazılıb. O zaman birini bizə oxudular:

Mən, Monqol Xaqanı burda məğlub oldum,
Bir də buraları atımın dabanı görər.

Orda salam yoxdur, salamı belə verirlər:

- Yaxşımı?

- Yaxşılar.

Yəni sərbəst şeir insanın sərbəstliyi ilə bağlıdır.

- Fikrət müəllim, ədəbiyyatda maneələrə necə baxırsınız?

- Başqa cür çıxmasın, yaxşı baxıram. Gərək şairə maneə olsun ki, həmin maneəni keçmək üçün özünə enerji yığsın. Mənə maneə olanlara çox minnətdaram, çünki onlar mənə güclü olmağı öyrətdilər.

- Dostlarınız çoxdumu?

- Əlbəttə. Dost ağılın məhsuludur, onun göstəricisidir. Atam deyirdi ki, dost vacibdir. Uzunmüddətli dostun varsa, o daha vacibdir. Suya saflıq, təmizlik versən, sənə təmizlik verəcək, zəhər versən, zəhər bəxş eləyəcək. Bu mənada, həyatdakı qazancın kimə nə verməyindən asılıdır.

- Həyatınızda ən ağır gün?

- Hər gün...

Burdan o yana daha mənim sualım yoxdur. Sağ olun Fikrət müəllim, ağır günlərinizin yüngülləşdiyi vaxtları görmək arzusu ilə, hələlik!

qesemnecefzade@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6260

Oxşar yazılar