Ramazanın gəlişi ilə birlikdə insanlarda müxtəlif suallar yaranır. Bunlardan biri də oruc tutan insanın gün ərzində yatması ilə bağlıdır. Bildiyimiz kimi, orucluq vaxtı bütün günü yatan insanlar olur. Bu kəslər hesab edir ki, oruz vaxtı bu formada daha tez keçəcək. Əksər halda görməli olduqları işləri də görə bilmirlər. Hətta elələri var ki, bu barədə bir şey deyəndə də əsəbiləşir. Bəs, Ramazan ayını bu cür keçirmək düzgündürmü ?
Lent.az bu sualla bağlı kiçik bir araşdırma aparıb.
Din mütəxəssisləri bildirir ki, Ramazan ibadət ayı sayılır və bu ayı yuxuda keçirmək düzgün deyil.
Bunlarla yanaşı, imsak və iftar vaxtları arasında namazlar var. Namazları vaxtında qılmaq və gecikdirməmək lazımdır. Bunu da qeyd etmək lazımdır ki, gün ərzində az və ya çox yatmağın oruca heç bir zərəri yoxdur.
Ancaq Ramazanda çox yatmaq orucu batil etməsə də, bundan uzaq durmaq daha yaxşıdır. Əsas olan orqanizmin ehtiyacı olduğu qədər yatmaqdır. Bu, hər vaxt üçün belədir. Bir sözlə, Ramazan ayı yuxu, tənbəllik və ətalət ayı deyil. Oruc tutanlar bacardığı qədər bu ayda heç bir dünyəvi və uxrəvi işlərində səhlənkarlığa yol verməməlidir.