An-2
28 iyun 2022 03:30 (UTC +04:00)

An-2

Quşlar 3 insanın həyatına son qoydu - Biləsuvarda baş verən aviaqəzanın TARİXÇƏSİ

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 13-CÜ YAZINI TƏQDİM EDİR.

Tarix: 3 iyul 1975

Azərbaycan SSR, Puşkin rayonu (indiki Biləsuvar)

Bu tarixdə də Sovet Azərbaycanında çox az adamın bildiyi bir təyyarə qəzası baş verib. Lent.az sovet arxivlərindəki sənədləri araşdırarkən qəzanın səbəblərini tapıb. Sənədlərdə hadisə aşağıdakı kimi təsvir edilir:

323-cü aviadəstənin ekipajı Puşkin rayonunun “Kommunizm yolu” kolxozunun pambıq sahələrini dərmanlayır. Bunun üçün ötən gün ərzində 16 uçuş həyata keçirilmişdi. 17-ci uçuşun məqsədi dərmanlamanın ümumi vəziyyətini öyrənmək idi. 

“An-2” təyyarəsinin (Kukuruznik) göyərtəsində kolxozun aqronomu da olur. Yerüstü baxış mümkün olmadığı üçün əraziyə təyyarə ilə baxılması qanunsuz hesab edilmirdi. Hava şəraiti normal, mülayim küləkli və günəşli hava.

Şahid ifadələrində göstərilir ki, təyyarə təxminən 50 metr yüksəklikdə tarla düşərgəsinin üzərindən keçir. Ehtimal olunur ki, pilot quş sürüsünü gec gördüyündən qəzadan yayına bilmir və 08.20-də quşlarla toqquşur. Quşlar karbüratorun hava çəkən hissəsinə və mühərrikə düşür. Mühərrik gücü azalan təyyarə suvarılmış pambıq sahəsinin üzərindən uçurdu. Aerodromdan 800 metr məsafədə pambıq tarlaları arasındakı yola məcburi eniş etmək istəyərkən təyyarə sağ tərəfi üztə yerə çırpılaraq alışır.

Yanan təyyarəyə ilk köməyə tarla düşərgəsindəkilər gəlir. Onlar su daşıyan avtomobillə alovu söndürməyə çalışsalar da fayda vermir. Kolxozçular yalnız komandiri çıxara bilirlər. İkinci pilot və aqronom yanan təyyarədə can verir. Komandir 12 km məsafədəki mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həkimlərin səyləri fayda vermir. 

Komissiyanın rəyinə görə qəzaya səbəb mühərrikə quş düşməsi olub. Mühərrikə və karbüratora düşən 3 quş 3 insanın həyatına son qoydu.

Lakin bu qəzadan da Azərbaycan SSR vətəndaşlarının xəbəri olmadı.
 

# 4800
avatar

Oxşar yazılar