Xurşudbanu Natəvan
07 iyul 2025 16:23 (UTC +04:00)

Xurşudbanu Natəvan

Natəvanın fil sümüyündən hazırlanmış şahmatı olub? - MARAQLI

İlk olaraq Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın şahmat oynaması nüansına aydınlıq gətirməklə başlayaq. Belə ki, bir sıra kitablarda və məqalələrdə Xurşudbanu Natəvanın şahmat oynaması haqda fikirlər səsləndirilir. Hətta bu məsələdə bir qədər də irəli gedib rəvayət edənlər var ki, Aleksandr Düma 1858-ci ildə Bakıya səfəri zamanı Xan qızı ilə görüşüb və hələ gənc olan 26 yaşlı bu şərq qadınının zəkası və gözəlliyi dramaturqu valeh edib. Əhvalata inansaq, Düma guya Natəvanla şahmat oynayıb və mat olub.

Qulağa xoş gələn bu hekayənin təəssüf ki, həqiqəti əks etdirmədiyini bildirməliyəm. Bu haqda məlumatlanmaq istəyənlər hörmətli naşir, tərcüməçi-yazar Şahbaz Xuduoğlunun hələ 2021-ci ildə yayınlanan "Natəvan haqqında uydurma" adlı yazısını aşağıdakı linkə daxil olaraq oxuya bilər:

https://www.bakupost.az/natevan-haqqinda-uydurma-sahbaz-xuduoglunun-yazisi

Qısası, biz də, araşdırma etsək də, Azərbaycanın sevimli şairəsinin şəxsən peşəkar şəkildə kimlərləsə şahmat oynamasını əks etdirən heç bir sübuta rast gəlmədik. Belə mənbəyə malik olan kimsə, vardırsa, bu qaynağı bizimlə paylaşmağını istəyərik.

Lakin Xurşudbanu Natəvanın şahmat oynamaması onun şahmatdan bixəbər olması anlamına da gəlmir. Əksinə, Azərbaycanın görkəmli şairəsinin şahmata rəğbətinin olmasını təsdiq edən bir sıra tutarlı mülahizələr və faktlar vardır. Məsələn, məlum olduğu kimi Natəvanın başında durduğu "Məclisi-üns" ədəbi məktəbinin iştirakçılarının əksəriyyəti çox mahir şahmat oyunçuları olmuşdur. Təsadüfi deyil ki, XVIII əsrdə yaşamış Azərbaycan şairi və ədəbiyyatşünası Ziyai Naxçıvani tərəfindən yazılmış və şərq ədəbiyyatı tarixində əhəmiyyətli ədəbi-bioqrafik mənbə sayılan "Təzkireyi-Ziyai" əsərində məlumat verilir ki, bu ədəbi məktəbin fəaliyyəti üzvlərindən biri olmuş Azərbaycanın tanınmış şairi və ictimai xadimi Mirzə Rəhim Fəna çox gözəl şahmat oynayırmış. Bu fakt onu deməyə əsas verir ki, Natəvanın bu oyundan xəbərinin olmaması mümkün deyildi.

Natəvanın şahmata maraq göstərməsi və hətta fil sümüyündən düzəldilmiş bir şahmat dəstinə malik olmasını təsdiq edən mötəbər bir mənbə daha vardır. Bu, şairənin nəticəsi olan, uzun illər Bakıda fəaliyyət göstərmiş, Üzeyir bəy Hacıbəylinin ev-muzeyində də nümayiş olunan eksponatlarla bağlı aktiv rol oynamış Leyla xanım Usmiyevanın dedikləridir (1910-1996). Leyla xanım bildirmişdir ki, Natəvan şəxsən özü və ailə üzvləri şahmat oyununa böyük maraq göstərmişdir. Leyla xanımın etirafından aydın olur ki, hətta o, şəxsən Natəvana məxsus olan şahmat fiqurlarından dördünü bir zamanlar Nizami adına Ədəbiyyat Muzeyinə təqdim etmişdir.

Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" (1963) kitabında vermiş olduğu məlumata istinadən isə demək olar ki, Natəvanın oğlu Mehdiqulu xan da şahmat oyunçusu olmuşdur.

Natəvanın digər qohumlarının da məlumatlarına inansaq, şairənin birinci əri, çar ordusunun qumuq general-mayoru olmuş Xasay bəy Usmıyev də gözəl şahmat oynayarmış.

Bütün bunlar isə o fikri yürütməyə əsas verir ki, şahmat həqiqətən də Natəvanın ailəsinin sevimli oyunu olub. Bu baxımdan şairənin fil sümüyündən hazırlanmış şahmat dəstinə sahib olması heç də təəccüblü görünməməlidir.

Leyla xanım Usmiyevanın dediklərinə görə bu şahmatın bir piyadası, bir yelkənli gəmisi və iki gəmisi Nizami adına muzeydə saxlanılırdı.

Leyla xanımın sözlərinə görə bu şahmat dəsti şairənin vəfatından sonra digər qohumları tərəfindən onun birinci əri Xasay bəy Usmıyevin yaşadığı Orcenikidze şəhərinə aparılmış, lakin təəssüf ki, fiqurların əksəriyyəti 1917-1918-ci illərdə itib-batmışdır.

Leyla xanımın bu fikirlərindən yola çıxan Azərbaycanın ilk şahmat üzrə tarixçisi hörmətli Şəhriyar Quliyev Orcenikidze şəhərinə (sonralar Dnepropetrovsk vilayəti) üz tutaraq həmin şahmat daşlarını uzun illər axtarmış, lakin təəssüf ki, heç bir nəticə əldə etməmişdir.

Ümid edirik ki, bu axtarışlar davam etdirilərsə, sevimli şairəmizin şahmat dəstindən qalanlar nə zamansa tapıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034

Oxşar yazılar