Da Vinçinin  yaşayan qohumları  tapıldı
23 may 2025 15:41 (UTC +04:00)

Da Vinçinin yaşayan qohumları tapıldı

“Leonardonun DNT-si” layihəsinin tədqiqatçıları dahi rəssamın soy ağacının ən dəqiq versiyasını hazırlayıblar və hətta genealoji analizlər vasitəsilə onun altı sağ qohumunu tapdıqlarını bildiriblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Leonardo da Vinçi İrs Assosiasiyasından Alessandro Vezzosi və Anyese Sabatonun müəllifi olduğu “Genìa Da Vinci. Genealogy and Genetics for Leonardo’s DNA” kitabı rəssamın təxminən 700 ili əhatə edən, 21 nəsildən ibarət və 400-dən çox şəxsi əhatə edən mürəkkəb soy ağacını sənədləşdirir.

Tarixi arxivləri dərin araşdıran tədqiqatçılar da Vinçinin uzun müddət itib getmiş soy ağacının budaqlarını bərpa etməyə nail olublar. Onlar həm atasından, həm də qardaşı Domeniko Benedettodan gələn xətt üzrə 15 sağ kişi nəslini müəyyənləşdiriblər.

Növbəti mərhələdə tədqiqatçılar bu şəxslərin DNT-sini analiz ediblər. “Leonardonun DNT-si” layihəsinə rəhbərlik edən və Florensiya Universitetinin Biologiya fakültəsinin professoru David Karamelli, məhkəmə antropoloqu Elena Pilli ilə birgə bu altı kişinin genetik materialını yoxlayıb.

Əlamətdar məqam odur ki, bu altı şəxsin hamısında Y xromosomunun uyğun seqmentləri tapılıb - bu, yalnız kişilər xətti ilə ötürülən genetik işarədir. Alimlərə görə, bu fakt da vinçilərin kişi xəttinin azı 15 nəsil boyunca genetik baxımdan pozulmadan davam etdiyini sübut edir.

Leonardo da Vinçinin özünə məxsus təsdiqlənmiş DNT heç vaxt müəyyən edilməyib. Alimlər onun bir neçə qohumunun dəfn olunduğu Vinçi şəhərindəki Santa Kroeç kilsəsindəki qəbirlərdən çıxarılan sümük fraqmentlərini analiz ediblər. Lakin yalnız bir nümunə ilkin genetik analizdən keçib və bu nəticələr yeni kitabın əsasını təşkil edib.

Alimlər əlavə analizlərin zəruri olduğunu bildirirlər. Bununla belə, artıq məlumdur ki, tapılmış qohumlar Leonardo da Vinçinin birbaşa nəslindən deyillər, çünki onun övladları olmayıb. Tarixçilər və bioqraflar, onun qeyri-ənənəvi seksual oriyentasiyaya malik olduğunu ehtimal edirlər.

“Lakin biz bilirik ki, Leonardonun çoxlu sayda qardaş və bacıları olub,” – nəşr vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar