Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı
09 aprel 2021 18:36 (UTC +04:00)

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı

Avropa itləri... Bax budur əsil jurnalistika – “Bir dəfə uzaqlarda”

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə də qarşılaşırıq.

Lent.az “Bir dəfə uzaqlarda” adlı rubrikada tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir. Rubrikanın bugünkü qonağı "Ayna" -“Zerkalo” saytının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.

İllər öncə Vyanada media-konfransdaydım. Arada iclaslardan sivişib muzeyə bənzər bu əsrarəngiz şəhərdə əldən düşənədək gəzirdik. Bu dəfə də xeyli dolandıqdan sonra sərinləmək və boğazımızı yaşlamaq üçün acıq havadakı kafelərdən birində əyləşdik. Hava əməllicə istiydi. Az keçməmiş bir kişi itiylə birgə qonşu masada əyləşdi. İt olmasaydı, kişiyə heç məhəl qoymazdım – gözəl bir alman qurdu idi. Yiyəsi əyləşən kimi it də onun yanında yerə yatdı və ləhləyə-ləhləyə ətrafa baxmağa başladı.

Kafedəkilərdən heç biri it olan yerdə oturmaq istəmədiklərini, deyəsən, heç ağıllarındanda keçirmədilər. Bu azmış kimi, kafedə çalışan gənc qız əlindəki su dolu qabı gətirib qurdun qabağına qoydu və yalnız bundan sonra it yiyəsinə “GrüssGot” deyə salam verərək sifarişi qəbul etdi.

***

Yenə də illər öncə, amma bu dəfə Yunanıstan. Tes-Salonikidə Qara Dəniz Ölkələri iqtisadi əməkdaşlıq təşkilatının konfransında olduğum zaman nümayəndələri tədbirə aparacaq avtobus karvanı təxminən beş dəqiqə yerindən tərpənə bilməmişdi. Səbəbi çox qəribə idi, bizimçünsə, ümumiyyətlə, anlaşılmazdı. Demə, küçə iti gün ərzində qızmış asfalta yayxanaraq isindiyindən yerindən tərpənmirmiş. O, yalnız maşın karvanını müşayiət edən polislər onu bir xeyli dilə tutandan sonra yerini dəyişmişdi. İnanmırsız? Gözlərimlə görməsəydim, mən də inanmazdım. Xüsusilə də polislərin iti təpiklərinin altına salmadığına…

Və belə hallar Avropa üçün istisna deyil, normadır. Deyə bilərsiniz ki, bu xristianlara xas olan bir şeydir, amma…

Pandemiya öncəsi payızların birində Türkiyənin Marmarıs bölgəsinin dilbər güşəsi Datçada idik. Ekoloji cəhətdən bəlkə də dünyada barmaqla sayılacaq pak yerlərdən biridir. Təbiətlə insanlar arasında antaqonizmin olmadığı bir məkandır. Şam yeməyimizi lap ləpədöyəndə açılmış süfrədə edirdik. Bizim kimi dəniz nemətlərindən həzz alan xeyli də insan vardı. Bəlkə elə bir o qədər də sahibsiz it. Amma nə itlər masaların arasında sümsünərək yalaqlıq edirdi, nə də insanlar onlara “sürük burdan” deyə bağırırdılar. Çünki heç kim heç kimdən qorxmurdu, hərə də öz yerindəydi – it it yerindəydi, adam da adam…

***

Çək Londonun “Bəyaz diş” və “Əcdadların çağırışı"ndan tutmuş, Qavriil Troyepolskinin “Qaraqulaqbəyaz Bim”, Çingiz Aytmatovun “Dəniz kənarıylaqaçan alabaş”, Klifford Saymakın “Lap adamkimiydilər”inə qədər əsərlərdə bu məxluqlardan az və ya çox dərəcədə bəhs olunur. Və dünya ədəbiyyatında onlarca belə nümunə var. Amma onlardan təsirlisi və bəlkə də ən təsirlisi Hatikonun (Haticho) əhvalatıdır. Akito-İno cinsindən olan bu it 1923-1935-ci illərdə Yaponiyada yaşayıb. Hatikonun yiyəsi Tokio universitetinin professoru imiş. İt hər gün professoru vağzala qədər ötürür və sonra da günorta saat 3-də qatarın qabağına çıxırmış. Lakin günlərin birində professor universitetdə ikən ürəktutmasından keçinir. Bundan sonra Hatiko düz doqquz il sərasər yiyəsini qarşılamağa gəlir və ölümünü də elə oradaca qarşılayır. Onun əhvalatını bütün Yaponiya bilirdi və hələ sağlığında 1934-cü ildə itə heykəl də qoymuşdular! Hatiko öləndə isəYaponiyada bir günlük matəm elan olunmuşdu! O, Yaponiyada sədaqət simvoludur!

İndi isə gözlərinizi yumun və təsəvvür edin ki, belə bir hadisə Azərbaycanda baş verib… Və biz də qalxıb itə heykəl qoymuşuq! Təsəvvür edə bildinizmi? Mən də nəsə alınmır…

Axı biz heç adamlarımızın da qədrini bilmirik…

***

2013-cü il, Avstriyanın paytaxtı Vyana. Müqəddəs Ştefan kilsəsi, Kral sarayı və Kral abidələri, Operası və operetta teatrı, hər küçəsi, döngəsi və tikililərindən İmperiya paytaxtı qoxusu gələn əsrarəngiz şəhər. Hitlerin sevimlisi Otto Skortsenninin 45 dəqiqəyə kapitulyasiya imzalatdırdığı Avstriya.

Luftvaffe (Luftwaffe) təyyarələri Vyana səmasına girib onu bombalamaqla hədələmiş və ölkə rəhbərliyi təslim olmuşdu. Beləliklə də, bu gözəllik darmadağın edilməmişdi.  Bu günlərdə isə “The Economist” dərgisi Vyananın dünyada ən yaşamalı şəhərlərdən ikincisi olduğunu yazıb. Mənə qalsaydı, bu şəhəri birinci sayardım, amma bir şərtlə Zalsburq (Salzburg) olmasaydı.

Mosartın vətəni Zalsburqun əsrarəngiz gözəlliyindən söz açmaq fikrim yoxdu, çünki bu gözəlliyi təsvir etmək mümkün deyil. Təsvir etsəm belə, oradakı abu-havanı istənilən halda duymaq gərəkdir. Bir yeriki, duymadın, hiss etmədin, havasını ciyərlərinə çəkmədin əhəmiyyəti yoxdur. Amma sözümün canı bu deyil, Vyana-Zalsburq qatarıdır.

Vyanada bir neçə dəfə olsam da, Zalsburqa getmək imkanım olmamışdı. Bu dəfə bəxtimdən səhərdən axşam saat 8-dək boş vaxtım vardı. Şəhərlərarası məsafə avtomobillə 295 km, qatarla isə 312 km-dir. Maşınım olmadığımdan qatarı seçdim, həm də maşınla Zalsburqa 5 saatlıq yoldursa, qatarla bu məsafəni iki dəfə tez qət etmək mümkündür. Yəni, ölkənin bir başından o birisinə ən geci 2 saat yarıma çatırsan. Təsəvvür edirsinizmi? Yolda qatarın sürəti 250 km/saata çatırdı. Özü də bu adi qatardı, nə monorelsdə gedənlərdəndi, nə də hava yastığında. Mən hələ İlon Maskın hyperloopundan danışmıram.

Beləliklə, səhər ertədən Vyananın Vestbanhofunda (Westbahnhof), yəni Qərb vağzalında qatara minib 2,5 saata Zalsburqa çatdım, bu əsrarəngiz şəhəri gəzib dolaşdım və həmin minvalla da Vyanaya dönüb axşam saat 8-də dostumla görüşdüm. Ərazicə Azərbaycan böyüklükdə olan bir ölkənin bu başından vurub o biri başından çıxdım. Nə yorulmuşdum, nə də qatarın təkərlərinin səsi qulağımı batırmışdı. Heç bizim qatarlardan enəndəki kimi yırğalanmirdım da.

Bakıdan Qazağa olan məsafə maşın yoluyla 459 km, qatarla isə 467 km olmalıdır. Qatar Bakıdan saat 23.10-da çıxır və ertəsi gün 08.55-də Qazağa çatır. Nə az, nə çox onca (10) saata. Özü də bu, rəsmi cədvələ görədir, əslində isə qatar ən azı saat yarım gecikməsə, bu, vətən olmaz ki…

Avstriyada isə Vyanadan Zalsburqa qatarla 9 saata 1851-ci ildə gedirmişlər…

***

2012-ci ilin mart ayında ölkəmizdəki Yaponiya səfirliyinin dəvətiylə həmin ölkədə səfərdə oldum. Düz 1 il əvvəl Yaponiyada dağıdıcı zəlzələ və sunami olmuşdu. Bu təbii fəlakət zamanı ən çox zərərçəkən şəhər və yaşayış məntəqələri  ölkənin şimal-şərqindəki Hiraidzumi, İsinomaki, Matsusima, Senday, İvaki və digərləri olmuşdur. Zəlzələnin dağıtdığı və tsunaminin yuyub apardığı mənzərəni yalnız erməni barbarlarının darmadağın etdiyi Aödam şəhərimizlə müqayisə etmək olar.

Güclü təmizlik və bərpa işləri aparılırdı. Bir çox yerlərdə artıq dağıntıların izi belə qalmamışdı. Amma  mənim diqqətimi şəhər xərabəliklərinin içində okean dalğalarının vurub sahilə atdığı, artıq istifadə edilməsi mümkün olmayan sadə qayıqlardan tutmuş motorlu və yelkənli qayıqlardı. Aralarında hətta kiçik bir gəmi də vardı. Ətrafda təmizlik işlərinin aparılmasına baxmayaraq onlara dəyib-toxunan yoxdu. Hərçənd, bu sınıq-salxaq qayıqları hər şeydən əvvəl yığışdırmaq gərəkdi. Təəccübümü gizləyə bilməyib yapon bələdçimizdən bunun səbəbini soruşanda artıq o mənə təəccüblə baxdı və izah etdi ki, həmin yaxta və qayıqlar kiminsə mülkiyyətidir. Yiyələri hələki müəyyənləşdidrilməyib. Buna görə də onlara toxunmurlar, çünki Yaponiyada özəl mülkiyyət toxunulmazdır. Bircə anlığına Azərbaycanda özəl mülkiyyətə belə həssas və nəcib münasibət olduğunu təsəvvürümə gətirmək istədim... Alınmadı.

Təbii fəlakətdən ən çox əziyyət çəkən şəhərlərdən biri Senday dərəsinin şərqindəki İsinomaki olub. Bizi yerli “İsinomaki Xibi Sinbun” qəzetinin redaksiyasına aparıb həmkarlarımızla tanış etdilər. Zəlzələ və tsunami nəticəsində bütün redaksiya avadanlığı, o cümlədən də çap maşınları sıradan çıxıbmış. Azmış kimi düz bir həftə ərzində şəhər əhalisi dünyadan təcrid olunmuş halda yaşamağa məhkum edilibmiş. Elektrik enerjisi də olmadığından camaatın nə baş verdiyindən heç bir xəbəri yoxmuş. Müasir insanı radio, televiziya və nəhayət əlahəzrət internetsiz heç təsəvvür edirsinizmi? İnsanların ümidi hər şeydən üzülübmüş. Ailə üzvləri bir-birlərindən xəbərsiz halda şəhərin müxtəlif  sığınacaqlarında daldalanırmışlar.

Dəhşətdir!

Həmin günlər “İsinomaki Xibi Sinbun” redaksiyası işini davam etdirib. İşıqsız, telefonsuz, radiosuz, internetsiz qalan jurnalistlər əlyazma şəklində divar qəzetləri buraxırmışlar. Hər gün 8 nüsxədə. Və həmin nüsxələr təxliyyə məntəqələrində divara vurulurmuş ki, insanlar bir-birindən və şəhərdə baş verənlərdən xəbər tutsunlar və ruhdan düşməsinlər Yapon həmkarlarımız həmin günlərdə neçə-neçə insana dayaq olmuş, onlara ruhdan düşməyə imkan verməyərək əsil yapon ruhunun nə demək olduğunu nümayiş etdirmişlər!

Bax budur əsil jurnalistika! Budur jurnalist peşəsi!

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3912
avatar

Nigar Adil

Oxşar yazılar