Uzun müddətdir gündəmdə olmayan müğənni Aynur Dadaşovadan xəbər var. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, ifaçı tezliklə səhnəyə qayıdacağını deyib: “Məni unutmurlar, verilişlərdə tez-tez adımı çəkirlər. Küçəyə çıxanda, mağazaya gedəndə hamı soruşur: efirə nə vaxt çıxacaqsınız? Əvvəl dedim oğlumu böyüdüm, indi də qızım dünyaya gəldi. Onu böyütməyi gözlədim. Tezliklə efirlərə çıxacam. Sənətdə olmasam da, yeni mahnılar hazırlayıram, bəstələr üzərində işləyirəm. Mənim yerim bu səhnədə görünür, qayıtmaq lazımdır. Evdə hərdən yüksək səslə oxuyuram. İnsan içindəki bu istəyi heç vaxt öldürə, yox edə bilməz. İstəyirəm qayıdışım hamını təəccübləndirsin. Mən heç vaxt muğam ifa etməmişəm. Buna görə də, Mənsum İbrahimovdan dərs alacam. Səhnəyə muğamla qayıdacam. Mən heç vaxt sənətdən getmədim. Müsahibələrimdə də demədim ki, sənəti atmışam. Sadəcə, bir müddətlik fasilə verdim”.
A.Dadaşova şou-biznesin hazırkı vəziyyətindən söz açıb: “İndi müğənnilərin bir iddiası var: oxuyum, ev, maşın alım. İzzət Bağırov, mən sənətə gələndə arzulayırdıq ki, tamaşaçı bizi alqışlasın, avtoqraf istəsin. Şayiələr çoxalıb. Bu yaxınlarda haqqımda yaydılar ki, guya plastik əməliyyat etdirmişəm, uğursuz alınıb, bu səbəbdən efirə çıxa bilmirəm. Heç bir əməliyyat etdirməmişəm. Həmin Aynuram. Düzdür, illər keçir, insan bir az yaşa dolur. Amma yenə əvvəlki sadə Aynur olaraq qalmışam”.
İfaçı həyat yoldaşının ona bu sənəti qadağan etmədiyini bildirib: “Həyat yoldaşım heç vaxt deməyib sənəti at. Sadəcə, mənə həmişə sual verir: sənətdə nə qazandın? O, mənə qadağa qoymur. Uşaqlarıma, ailəmə görə sənətimə fasilə verdim”.
A.Dadaşova bacısı İlhamənin bu yaxınlarda müğənni kimi gündəmə gələcəyini də deyib: “Bacımın səsi mənimkindən də gözəldir. Bəzən bacılar bir-birlərinə paxıllıq edirlər. Amma mən ona dəstək oluram. Yaxın günlərdə hamı onu efirlərdə görəcək. Görünüşü də səhnəyə yaraşır. Bəlkə elə bacımla birlikdə səhnəyə qayıtdım”.