Fransız kinosunun ulduzu Jerar Depardye 2021-ci ildə çəkilişlər zamanı baş vermiş hadisələrə görə məhkəmə qarşısına çıxacaq. Fransanın məşhur aktyoru, 200-dən çox filmdə rol almış Jerar Depardye ciddi məhkəmə prosesinin mərkəzinə düşüb. Gələn bazar ertəsi o, “Les volets verts” filminin 2021-ci ildəki çəkilişləri zamanı iki qadına qarşı cinsi zorakılıq etməkdə ittiham olunaraq məhkəməyə çıxarılacaq.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iddiaçılardan biri bədii dekorator bildirib ki, Depardye çəkiliş zamanı qəfil “işə başlamaq üçün mənə ventilyator lazımdır – seksual şəkildə” deyərək qeyri-etik ifadə işlədib, daha sonra isə onu zorla tutaraq budları ilə divara sıxıb. Bənzər şikayəti rejissorun köməkçisi də təqdim edib.
Aktyorun vəkili Jeremi Assus isə bu ittihamların "yalan" olduğunu bəyan edib. Lakin bu, aktyora qarşı ilk ittiham deyil – ümumilikdə 20-dən çox qadın Jerar Depardyeni cinsi təcavüz və zorakılıqda günahlandırıb. Məhkəmə ayrıca olaraq, aktrisa Şarlotta Arnonun iddiasına da baxacaq. O, Depardyeni 2018-ci ildə Parisdəki villasına dəvət etdikdən sonra zorladığını bildirib.
Qeyd edək ki, bəzi iddialar artıq məhkəmə baxışı üçün hüquqi qüvvəsini itirib (müddət ötüb), lakin bu proses aktyorun fəaliyyətinə dair əsaslı araşdırmalara yol aça bilər.