Meyxanaçı Ağamirzə Məmmədov Kərbəladan özünə kəfən gətizdirib.
Lent.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Meyxanaçı deyib ki, bu, onun ən böyük arzularından olub:
"Oranın kəfəni daha xoşdur. Ora gedənlərdən xahiş etdim ki, gələndə mənim üçün kəfən alıb gətirsinlər. Sağ olsunlar, haçansa lazım olacaq. Kəfən evdədir, deyirəm nə vaxtsa qismət olsa, buna büküləcəyəm. Mənim özümlə aparacağım ancaq budur".
Meyxanaçı Ağamirzə qəbrini qazdırıb hazır qoymasının da səbəbini açıqlayıb: "Bir dostumuzun atası rəhmətə getmişdi. Evləri yoxuşlu yerdə idi. Hava da qar, buz, maşınlar hərəkət edə bilmirdi. Qəbrini qazdırmaq böyük problem oldu. Onun qəbri çox əziyyətlə qazıldı. Mənim məzarım hazırdır, ola bilər sabah elə qar yağsın ki, camaat yeriyə bilməsin. Giley-güzar etməsinlər ki, "bu da vaxt tapdı ölməyə, islandıq". İstəmirəm ki, mənim ardımca kimsə gileylənsin".