Xumar Qədimova: “Sərdar Ortacla aramızı vurdular” - MÜSAHİBƏ
04 may 2009 19:00 (UTC +04:00)

Xumar Qədimova: “Sərdar Ortacla aramızı vurdular” - MÜSAHİBƏ

Sənətçi Xumar Qədimovanın APA-ya müsahibəsi

- Ad gününüzü kimlərlə və necə keçirdiniz?

- Mən heç zaman ad günümü çox dəbdəbəli, kameralar qarşısında, xüsusi olaraq keçirməmişəm. Əslində bu cür təmtəraqlı ad günü keçirməyin əleyhinəyəm. Toyda da əlavə kameraları xoşlamıram. Tutaq ki, balamın toyudur, orada kameraların, televiziya çəkilişinin nə işi var?! Mən hər hansısa bir adi gündə dostlarımı başıma yığıb gəzirəm, əylənirəm. Hamı da soruşur ki, “Xumar xanım, ad gününüzdür?” Ancaq ad günümdə əylənə bilmirəm, çünki yaşımın üstünə yaş gəlir. Ad günü mənim üçün önəmli olmadığı üçün heç danışmaq da istəmirəm, nə hədiyyələrdən, nə qonaqlardan... İstəməsəm də, gözləməsəm də təbriklər olur. Heç zaman hədiyyələrin dəyərinə qiymət verməmişəm. Bir ad günümün, bir də Yeni ilin tez gəlib keçməsini istəyirəm. Uşaqlıqda eşitdiyim mahnıları eşidəndə boğuluram.

- Yaşlanmağınız sizi narahat etmir ki?

- Mən ruhumun yaşındayam. İllər keçdikcə bunu daha çox hiss edirəm. Mən 20 yaşında 40 yaşlı qadının yerində olmaq istəyirdim. Əlbəttə ki, söhbət gözəl qadınlardan gedir. İndi cavanlıq şəklimə baxıb deyirəm ki, bu yaşımda daha gözələm. Bilmirəm bu özünə vurğunluqdur, yoxsa nədir. Gözəllik, xoşbəxtlik məfhumları mənim üçün nisbi anlayışdır. Bir adam özünə qulluq etməklə gözəl olmur, gərək Allah insanı gözəl yaratsın. İnsanlar tanıyıram ki, hər saniyə özlərinə əl gəzdirirlər, ancaq heç gözəl də olmurlar.

- Onda ruhunuzun yaşını açıqlayın...

- Ruhum anlarla yaşını göstərir. Ola bilər ki, qış olur, amma mən bahar görünürəm, elə olur qış görünürəm, ancaq məndə bahardır. Ruhumun mövsümü dəyişir.

- Sizin ifanızı dinləyənlərin əksəriyyətinin fikrincə, çox sevirsiniz və məhz bunun üçün də mahnıları bu cür ürəkdən ifa edirsiniz.

- Mən heç kəsi sevmirəm, sadəcə sevgini sevirəm, sevginin tərifini bilirəm. Ona görə də mahnıları ürəkdən ifa edirəm. Kimsə gəlib mənə öz sevgisini etiraf edir. Ətrafdakılara elə gəlir ki, o sevgisindən Məcnun olub. Ancaq mənim üçün elə deyil, o Məcnun deyil. Allah eləməsin, əgər ömrümün sonuna kimi heç kimi sevməsəm, mahnıları elə oxuyacağam ki, hamı elə biləcək ki, Xumar çox dərindən sevir.

- Sevginin tərifi nədir?

- Biz yaşayırıq, nəfəs alırıq, bizi müşayiət edən ancaq sevgidir. Həyatımda sevdiyim şəxs olmasa da, sevgi məni hər zaman müşayiət edir. Ona görə də sevgini sevirəm. Məni sevənlərin sayı hesabı yoxdur, amma mən sevmirəm. Hal-hazırda mənim ürəyim boşdur. Uzun müddətdir ki, boşdur, sonuncu dəfə 2000-ci ildə sevmişəm. Mənə xoşbəxt deyənlər az deyil, bilən yoxdur bağrım başı yaradır. Mahnını oxuyarkən yaşayıram, bəlkə ona görə də hamıya elə gəlir ki, kimisə sevirəm. Hətta oxu daşa dəyib deyənlər də

- Sevəcəyiniz insanda hansı xüsusiyyətlər olmalıdır?

- Vəfa, sadiqlik, səmimiyyət. Sadaladığım bu xüsusiyyətlərin hamısı məndə var. İllərdən bəri rəfiqələrim deyirdilər ki, sənin üçün həyatda çox çətin olacaq. Səbəbini belə izah edirlər ki, sən çox ağıllısan, gözəl xüsusiyyətlərin çoxdur, sevgidə istedadlısan, hər zaman qarşındakını ağır basacaqsan. Bəlkə də qarşımdakı insanda da çox gözəl xüsusiyyətlər var, ancaq o dəyərlər k, sevgiyə lazımdır, onda yoxdur. Doğrudan da indi mənim üçün çox çətindir.

- Maraqlıdır, sevmək də istedad tələb edir?

- Əlbəttə, sevmək elə özü böyük bir istedaddır. Bir də görürsən kimsə çox sevdiyini iddia edir, ancaq heç bilmir ki, sevmək nədir. Bu mənim bürcümlə də bağlıdır. Buğa bürcləri adətən belə olur. Ancaq elə buğalar tanıyıram ki, kifayət qədər də sünidir.

- Bəs, bu ad günündə özünüzə nə arzu etdiniz?

- Mənəvi rahatlıq... Bunun üçün hər şey var.

- Bir oğlunuz var. Bəs həyat yoldaşınızla hansı xüsusiyyətlərə görə ailə qurmusunuz?

- Əslində bu barədə danışmağı xoşlamıram. Çünki mən ruhumda, beynimdə qəbul elədiyim, ürəyimdə olan bir şeydən danışmaq istəyirəm. O yoxdur artıq, bitib. İnanın ki, heç nəyini xoşlamamışam. Sadəcə ənənələrə görə ailə qurmaq istəmişəm, özümü adət-ənənələrimizə qurban vermişəm. Valideynlərim mütləq ailə qurmaq lazımdır deyib, mən də dinləmişəm.

- Son zamanlar keçirilən çoxsaylı mərasimlərə Sizin hər zaman tək və incik halda qatılmanız diqqətlərdən qaçmır. Deyəsən kimlərsə Sizi yaman küsdürüb...

- Məclislərdə həmkarlarıma qaynayıb-qarışmamağıma gəldikdə, bunu xarakterimlə əlaqələndirmək lazımdır. Tutaq ki, məclislərdə hamı deyir, gülür, ancaq mən xəyallara dalıb sakit otururam. Kənardan isə bu küskünlük kimi qiymətləndirilir. Qətiyyən küsməmişəm. Gülmürəm, danışmıram o demək deyil ki, kimdənsə küsmüşəm. Dostlarımın gülməyindən zövq alıram. Hətta aradabir onlara ürəyim ağrıyır. Çünki onları eşitmirəm, başqa dünyadayam. Kənardan baxanlar isə Xumarı küsdürüblər, Xumarı heç saya saymırlar deyir. Düzdür, bu günə kimi məni saymayan olmayıb. Mən kimisə saya salmamışam. Etiraf edim ki, süniliklər həddən artıq çoxdur. Sənət aləmindəki münasibətlərdə də sünilik var. Bir də görürsən, gəlib başlayırlar danışmağa - dünən bir tədbirdə idik, orada filankəslər var idi. Yəni həmin məclislərə imic xətrinə gedirlər. Ancaq mən üçün həmin o imicli məclisə getməkdənsə, uşağımla oturub çay içmək daha dəyərlidir. Amma əfsuslar olsun ki, həmin süni məclislər üçün ürəyi gedənlər var. Hətta fəxr edirlər ki, filan yerdə oturmuşdum, orada filan adamlar var idi. Otururlar o məclislərdə onun-bunun dalınca qeybət edirlər. Elə mənim də qeybətimi edirlər. Qaynayıb-qarışmamağımı da özümdən razılıq kimi qiymətləndirirlər. Əslində mən onların qeybətindən qaçıram. Çünki qeybətdən zövq almıram.

- Ülvi Qılınc Sizə evlənmə təklifi etsə, razılaşarsınız?

- Heç zaman razılaşmaram. Hüseyn Cavidin bir misrası var: “Xəyal evet, yaşadan əhli-halı yalnız odur, yaşarsa insan az çox xəyal içində yaşasın”. Mən də belə insanlardanam, ona da xəyal etməyi məsləhət görmüşəm. Qoy Ülvi məni sevməyi, mənimlə bir yerdə olmağı xəyal etsin.

- Sənət aləmində Xumar Qədimovanın dostu yoxdur?

- Sənət aləmində özümə yaxın bildiyim kimsə yoxdur. Rəfiqəm bacımdır. Bir də görürsən, heç onunla da yola getmirəm. Xarakterimiz uyğun gəlmir. Hər zaman doğmalarıma deyirəm ki, mən ancaq sizin qarşınızda zəifəm. Yadlarla yenə də bacara bilərəm. İstəmirəm, qəbul etmirəm. Müğənnilər arasında dəb düşüb, çoxları deyir ki, “anam səni yaman xoşlayır”. Özü ölür ey mənim üçün, gizlicə mahnılarıma qulaq asır, özü də yanındakına deyir ki, bir az səsi azalt, kənarda eşitməsinlər ki, Xumara qulaq asıram. Hətta mənim ifamdan bəhrələnənlər də var...

- Bir zamanlar dost deyib bağrınıza basdığınız Aygün Kazımova ilə dostluğunuza son qoymağınızın səbəbi nədir?

- Bu münasibətlərdə də xarakter çox önəmli rol oynadı. Düşündüm ki, bəlkə məsafə saxlasaq, daha əziz olarıq. İstəmədim k, münasibətləri çox pis formada bitirək. Mən Aygünün, Aygün isə mənim evimdə olub, bir yerdə çörək kəsmişik. O vaxtlara peşman deyiləm. Bəlkə də münasibətlər səmimi deyildi, amma səmimi təsir bağışlayırdı. Mən imkan verməzdim səmimiyyətsizlik olsun. Aygündən özümə qarşı ancaq sevgi görmüşəm. Elə mən də ona hər zaman sevgi bəsləmişəm. Sadəcə, bəzi nüanslar mane olub. Mən də həmin nüansları heç kimə demərəm. Əminliklə deyə bilərəm ki, mən Aygünün dostlarının içində ən maraqlısı olmuşam. Ümumiyyətlə, hamı üçün ən maraqlı dost olmuşam.

- Fərqli cəhətlərinizdən biri ad günlərinə gedəndə hədiyyə aparmamağınızdır.

- Hə, düzdür, Aygünün ad gününə hədiyyə aparmamışdım. Elə Nadirin ad gününə də hədiyyə aparmamışdım. Həmin vaxt heç birisi ilə danışmırdıq, onlar məni ad gününə dəvət edəndə, düşündüm ki, elə mənim orada iştirakım hədiyyədir. Amma ondan əvvəl elə bir adam deyə bilməz ki, Xumar hədiyyəsiz gəlib, hətta mənim hədiyyələrim hamıdan artıq olub. Ondan qabaqkı il Aygünün ad günündə çox gözəl hədiyyə almışdım. Ancaq bu dəfə fikirləşdim ki, mən elə özüm ən böyük hədiyyəyəm.

- Atanızın hüquq-mühafizə orqanlarında çalışdığı barədə məlumatlar var...

- Atam İttifaq Qədimov çox vəzifələrdə işləyib. Həbsxana rəisi olub, cinayət-axtarış sistemində işləyib. Azərbaycanın çox rayonlarında önəmli vəzifələrdə çalışıb. Onun adını hər zaman, elə indi də çox böyük fəxrlə çəkirəm. Mən xaraktercə atama oxşayıram. Həyat yoldaşını, balalarını çox sevib. Çox mərd bir kişi olub. Mən belə bir kişinin qızıyam. Çoxları elə bilir ki, biz qazaxlıyıq, ancaq belə deyil. Biz irəvanlıyıq. Atam da, anam da çox məşhur-köklü bir nəsildəndirlər. Hər iki valideynim İrəvandandır. Sadəcə 1948-ci ildəki hadisələri zamanı Qazaxa köçüblər və mən orada anadan olmuşam. Atamın iki ali təhsili var idi. Biz hər şeyi ailəmizdən görmüşük, sonradan görənlərdən deyilik.

- Toylara, el şənliklərinə gedirsiniz? Toy qiymətlərini özünüz müəyyənləşdirirsiniz?

- Bəli, gedirəm. Ancaq getdiyim el şənlikləri ilə maraqlanıram. Bir də görürsünüz elə bir adam olur ki, çox güzəşt edirik, ancaq elələri də var ki, bir qəpik də güzəşt etmirik, heç zaman etmərəm də. Bunu güzəşt etdiyim insanların sevgisinə və sənətimə verdiyi dəyərə görə edirəm. Təmənnasız getdiyim toylar da olur. Ancaq bütün günü toylara gedənlərdən deyiləm.

- Bəs, nə qədər vergi ödəyirsiniz?

- Qazancımdan asılı olaraq vergi ödəyirəm. Az qazanan da az vergi, çox qazancım olanda isə çox vergi ödəyirəm. Vergidən yayınanlardan deyiləm.

- Türkiyəli sənətçi Sərdar Ortac çıxışlarının birində Sizin səsinizi çox bəyəndiyini bildirmişdi. Hətta birgə duet oxuyacağınıza da söz vermişdi. Bu əməkdaşlığın sonu necə oldu?

- Mən bir dəfə televiziyalardan birində bir söz işlətdim. Dedim ki, “Sərdar Ortacın bəstələri çox gözəldir, ancaq səs tembri baxımından bizim duetimizin alınacağına inanmıram”. Mən bir az coşqun müğənniyəm. Bu sözümü ona başqa cür çatdırmışdılar, o da incimişdi. Deyib ki, “ona neyləmişəm ki, mənə belə deyir”. Ancaq mən onun haqqında heç də pis bir şey deməmişdim. Sərdar Ortacla da aramızı elə özümüzünkülər vurdu.

- Sizin İstanbulda konsertiniz keçiriləndə Bakının mərkəzi küçələrində də afişalarınız vurulmuşdu. Bununla İstanbulda konsert verəcəyinizi bəyan edirdiniz?

- O afişaları paytaxt küçələrində asdırmaqda iki məna var idi. Həm bildirmək istəyirdim ki, görürsünüz, mən İstanbulda konsert verirəm, həm də Azərbaycandakı pərəstişkarlarıma məlumat verirdim ki, bəlkə konsertə gəlmək istəyən var. İstanbuldakı konsertimə Azərbaycandan da gələnlər vardı.

- Azərbaycanda solo-konsert vermək istəyiniz yoxdur?

- İnanın, konsertimi o qədər istəyənlər var. Təşkilatçılardan da çox təkliflər var, yəqin ki, yaxın vaxtlarda olacaq. Hələlik yaradıcılıq yenilikləri ilə məşğulam. Ülvi Qılıncla yeni duetimiz artıq radio dalğalarında səslənir. Duetimizi çox bəyənəcəklərinə və sevəcəklərinə əminəm. Bir neçə gənc müğənnilər mənimlə duet oxumaq istəyirlər. Eyni zamanda albom hazırlıqlarına başlamışam. Nostalji mahnıları yeni versiyada oxumaq istəyirəm.

- Mahnılarınızın birində “gələcəyəm, gələcəyəm gəl desən” deyilirdi. Bu mahnını kimə həsr etmişdiniz?

- O mahnının konkret ünvanı var idi. Şəxsən bir nəfər üçün oxumuşam o mahnını. Həmin vaxt sevdiyim insan üçün çox darıxırdım. Sonuncu dəfə 2000-ci ildə sevmişdim, o mahnın elə həmin şəxs üçün oxumuşdum. Bir az uzaqda idi, kitabı vərəqləyirdim, baxdım ki, fikrim bütünlüklə onun yanındadır və bu şeiri gördüm, oxudum, haldan getdim. Elə bil mənim halıma həsr olunmuşdu və gecə səhərə kimi oturub yeni mahnı bəstələdim.

- Həmin o şəxsi artıq unutmusunuz?

- Elə bil heç olmayıb. Mən beləyəm. Sevəndə sevirəm və sadiq oluram, ancaq o adamdan ayrılan gündən unuduram. Təbii ki, qarşıdakında istəmədiyim bir şeyi görəndən sonra ayrılıram, belə xəyanətkar deyiləm. Sevgidə qanunlarım çox əzazildir.

- Sizə 150 min dollarlıq hədiyyə alınan evin əlinizdən alındığı haqda məlumatlar yayılıb...

- Sabah bir başqa şeydə yaza bilərlər mənim haqqımda. Vaxt olub ki, belə populyar deyildim. “Ayrılıq” mahnım yeni çıxanda maşın hədiyyə etmişdilər mənə. Bu hədiyyə məhz o mahnıya görə idi. Bunun arxasında başqa şeylər yoxdur. Həmin insan heç Bakıda yaşamır, xaricdə yaşayan azərbaycanlı idi. Ola bilər ki, kimsə mənə nə isə bağışlaya bilər, ancaq hər şeyin mediada yazılması, deyilməsi düzgün deyil. Axı elə bir ciddi şey yoxdur ki, mən sənə açıqlama verim ki, filan şey olmuşdu. Hər hansısa bir işdə şahid qismində ifadə verilibsə, burada Xumar Qədimovanın adı var deyə şişirtməyin nə mənası?

- Ona görə də sənət insanı hər addımını düşünüb atmalıdır...

- Bəli. Əgər söhbət o məhkəmə prosesindən gedirsə, burada bir əməliyyat işi aparılıb. Bilirsən, nəyə oxşayır, tutaq ki, mən paltar tikdirirəm, həmin atelye hansı məsələyə görə isə bağlanıb. Məlum olub ki, orada paltar tikdirmişəm. Mən populyar olduğum üçün sual verirlər ki, siz də orada paltar tikdirmisiniz, demişəm, hə, nə olsun, tikdirmişəm. Bu məsələyə ciddi yanaşanlara gülməyim gəlir. Bax hazırda oturduğumuz bu ev həmin evdir. Ancaq yazılmışdı ki, bu ev əlimdən alınıb, maşınım əlimdən alınıb və daha nələr...

- Yəni bütün bunlar həqiqət deyil?

- Əlbəttə ki, yox. Tutaq ki, məhkəmə prosesi gedir, mən də həmin an məhkəmə zalının qarşısından maşınla keçirəm. Mütləq deyəcəklər ki, Xumar Qədimova məhkəmə zalının qarşısından keçirdi. Mən tərbiyəli, ağır adamam, hər şeydən öncə özümü çox istəyirəm və özümə çox hörmət edirəm. Mən tərəfdən heç vaxt mənfi bir şey ola bilməz. Bu günün özündə “məhkəmə oldu, Xumarın adı çəkildi” deyib sevinənlər var. Amma onların arzuları gözlərində qalacaq, çünki reallıqda heç nə yoxdur. Cılız adamlardan hər şey gözləmək olar, heç təəccüblənmirəm. Ola bilər, şahid qismində məhkəmədə ifadə verim. Təbiidir də, tutaq ki, qonşumu öldürüblər, mən qatili görmüşəm, gedib şahidlik edərəm və həqiqəti deyərəm. Bunu şişirdib başqa cürə danışırlar.

- İkinci dəfə ailə qurmağı düşünürsünüz?

- Sənəddə nikah boş şeydir, əsas odur qəlblər bir olsun. Amma ola bilər ki, ailə quraram, bu, mümkün şeydir. Bir də gördün yoldan çıxdım.

- Yəni özünüzə əməlli-başlı toy çaldıracaqsınız?

- Niyə də olmasın, ola bilər. Axı indi dəbdir. Ancaq bəy mütləq yanımda oturacaq. Qoy hamı görsün, niyə gizlədirəm ki...

- Plastik əməliyyat keçirdiyiniz söylənilir...

- Tamamilə yanlışdır. Heç dırnağımın ucu boyda da heç nə etdirməmişəm. Ancaq plastik əməliyyata pis baxmıram, etdirə də bilirəm. Nə vaxt ehtiyac olsa, edəcəyəm. Məncə indi ehtiyac yoxdur. Hələ ki, etirazlar gəlmir, gələn kimi əməliyyata gedəcəyəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2293

Oxşar yazılar