Yeganə: “Nişanlım studiyada mənimlə bərabər gecələyir” - MÜSAHİBƏ
27 aprel 2009 18:00 (UTC +04:00)

Yeganə: “Nişanlım studiyada mənimlə bərabər gecələyir” - MÜSAHİBƏ

Müğənni Yeganənin Lent.az-a müsahibəsi

- Adətən, Azərbaycan müğənniləri başqa ölkəyə gedəndə əvvəlcə yaradıcılıq planlarını açıqlayır, geniş informasiyalar verirlər. Sənin gedişiniz səssiz oldu...

- Mən demədim... Bilirsən niyə demədim? Birincisi, özüm üçün sürpriz etmək istədim. Bizim müğənnilərin çoxu adətən maqazin verilişlərində danışır, gedəcəm, belə edəcəm. Onların çoxunun dedikləri yalandır, lap özlərinə də deyərəm. Bir reklama dəvət aldım, mən o reklama çəkilsəydim, Azərbaycan xalqı üçün xoşagəlməz bir şey olardı. Qəbul etmədim. Şirkət bunu mənə demədən öncə özləri də qəbul etməmişdi.

- Türkiyədə tamamilə fərqli ampluadasan. Azərbaycanda qapalı geyinirdin, Türkiyədə isə açıq-saçıq geyimlərin xüsusilə diqqət mərkəzindədir.

- Bunu Türkiyədə də mənə dedilər. Elə canli verilişdə dedilər ki, sən otağa gələndə elə bildik, hansısa qapalı geyimli bir xanım gələcək. “Sənin geyim tərzin ilə buradakı geyim tərzin fərqlidir”. Orada oxuduğum xalq mahnılarında qapalı geyim geyinirəm. Pop janrında oxuyanda isə məcburamsa, oxuduğum mahnıların tərzində də geyinirəm.

- Orada geyimlərini şirkət müəyyənləşdirir? Azərbaycanda da pop janrında oxuyurdun, amma elə geyinmirdin.

- Yox. Şirkətdə geyimimdən saçıma qədər məşğul olurlar. Məcburam. Burada olsun ki, sıxılırdım, bu da mənim səhvimdi, boynuma alıram. Deyə bilmərəm ki, şirkətin tələbi budur. Əgər mən “hə” deyirəmsə, olur. Menecerim hansısa qərarı verməzdən əvvəl mənimlə hesablaşır. Hətta bir mahnını altı dəfə aranjiman etdirdim. Axırda öz istədiyim olmadığı üçün mahnı alboma qoyulmadı. Hərdən kaprizlərimə dözürlər. Düzdür, mən kaprizli bir insan deyiləm. Bəzən olur.

- Adətən bizim müğənnilər Türkiyədəki verilişlərdə lazımi diqqət görmürlər. Dəfələrlə bunun şahidi olmuşuq.

- Düzdür, razıyam. Amma şükür ki, mən bununla qarşılaşmadım. Bəzən anam deyir, sənin üzündə şeytan tükü var. Kölndə və Frankfurtda bir türk proqramına çıxdım. O qədər rahat oldu, o qədər mehribanlıq göstərdilər ki, hiss etmədim ki, verilişi aparan almanca danışır. Mənə dedilər ki, aparıcının çox ürəyinə yatmısan. Yəqin ki, bir istilik keçib. Hər şey qarşılıqlı olanda yaxşı olur.

- Oradakı səntəçilərlə dostluğun var?

- Nə Türkiyədə, nə Azərbaycanda nə düşmənçiliyim var, nə də sıx, isti münasibətim. Səlami Şahin qonaq dəvət etdi, razılaşmadım. Axırda dedi ki, mən səndən küsdüm, çaya dəvət etdim, bizə gəlmədin. Dedim “baxmayaraq ki, mən sənin nəvən yaşındayam, amma gələ bilmərəm, bağışla”. Zarafatla dedi ki, “bilirəm sən niyə belə deyirsən, Bakıya gələndə mən sənin evinə qonaq gəlməyim”. Birinci və ikinci albomumda Sərdar Ortacın mahnılarını oxumağıma baxmayaraq, münasibətim rəsmidir. Haqqımda xoş sözlər deyib, mediadan eşitmişəm, elə şirkətdə görüşürük, danışırıq, ordan çıxında da hərə öz evinə. Nə qədər belə olsa, bir o qədər də yaxşıdır. Azərbaycanda belə dostluqlardan sonra bir də görürsən qiymət qopur.

- Yəqin ki, Azərbaycana gələn kimi səni çox sevən sənətçi dostların zəng vurub görüşmək istədi...

- (Gülür). Bir nəfər də olsun, heç kim. Yenə deyirəm, hamı ilə normal münasibətim var, heç kimlə xüsusi dostluğum yoxdur.

- Aşıqları da özündən küsdürüb, getdin Türkiyəyə...

- Bir dəfə studiyada idim, bacımın yoldaşı zəng vurub dedi, “Yeganə, bax, Türkiyənin kanallarından birində sənin “Boylana-Boylana” klipini nümayiş edirlər”.

- Məhkəmənin nəticəsi necə oldu?

- Mahnısını oxuduğum aşığın ailə üzvləri halallıq verdilər, məhkəmədə mən qalib gəldim. Burada bir şey yox idi ki, vətən xaini deyildim, adam öldürməmişdim. Oxudum ki, gənc nəslə çatdıram. Çılpaq deyildim ki, milli aşıq geyimində idim. Mən Türkiyədə olanda eşitdim ki, Aşıqlar Birliyinin sədri Zümrüd xanımı da işdən çıxardılır. Amma vallah, mən onu işdən çıxartdırmadım. Bizdə bir psxoloiya var, kim-kimin xətrinə dəyirsə, onu işdən çıxartdırır. O ərəfədə mən artıq Türkiyədə idim. Nolar, eybi yoxdur, mən onu işə götürərəm. Təzə aşıq mahnıları verər, birlikdə işləyərik.

- Türkiyədəki işin uzunmüddətli layihədir?

- Mən müqavilə əsasında getmədim. Burada da el şənlklərində, tədbirlərində də varam, orada da.

- Türkiyədə də albom satışı əvvəlki kimi effektli deyil. Para qazanmaq olur?

- Tək Türkiyədə yox, dünyada bu hal davam edir. Amma bu o demək deyil ki, mən albom çıxarmamalıyam. Bir müğənninin albomu çıxmırsa, bu onun məhvi deməkdir.

- Bizim müğənnilərdən biri ərə getdi, Türkiyədə yaşayır. Sən necə, Türkiyədə ərə gedib yaşamaq fikrində deyilsən ki?

- Niyə də olmasın ki, yaxın payız aylarında mən də subaylığın daşını atacam.

- “Torbada pişik var”?

- Torbada pişik çoxdan var idi, sadəcə atam rəhmətə getdiyi üçün toyumuz təxirə düşdü. İnşallah, payız aylarında olacaq.

- Gələcək həyat yoldaşın sənətinə davam etməyə icazə verəcək?

- O musiqidən çox-çox kənar bir insandır, lakin musiqini sevir. Hələlik işlərimdə mənə kömək edir, hörmətlə yanaşır. Gedəndən sonra bilmirəm necə olacaq. Mənim çəkilişlərimə gəlirsə, səsyazma studiyalarında səhərə qədər mənimlə bərabər gecələyirsə, əziyyət çəkirsə, yəqin ki, icazə verəcək.

- Səninlə bərabər o da Türkiyədədir?

- (gülür) Mən hardayamsa, o da yanımdadır.

- Gəl etiraf edək, qadın müğənnilərinin maliyyəsi, əziyyəti böyük layihələri həyata keçirmək üçün yetərli deyil. Nişanlın maliyyə yardımı edir?

-İlk dəfə maliyyə dəstəyi türk şirkətindən gəldi. Qazancımın da əlli faizi onların, əllisi də mənim idi. İkinci şirkət özü mənə təklif etdiyi üçün reklam, piar onlar tərəfdən həyata keçirildi. İndi qazancımın 30 faizi şirkətin, yetmiş faizi isə mənimdir. Hələlik özüm necə deyərlər, ayaqlarım üstə dayana bilirəm.

- Türkiyə şou-biznesi ilə Azərbaycan şou-biznesində fərqi ən çox nədə görürsən?

- Bizim maqazin kanallarında bir-birinə çox qırıcı sözlər deyirlər. Fikirləşmirlər ki, üz-üzə gələcəklər.

- Azərbaycan kanallarını, maqazini izləyirsən?

- Arabir şirkətdə işimiz bitəndə açıram televizoru, öz kanallarımızı izləyirəm. Hərdən maqazin tuş gəlir. Bəzən soruşurlar ki, nə baş verir? Mən onlara başa salanda utanıram. Niyə bir-birlərini qırırlar ki? “Ay filankəs məni şadlıq evindən çıxırtdı, filankəs toyumu əlimdə aldı”. Utanıram da başa salmağa ki, nə üstündə savaşırlar...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265

Oxşar yazılar