Müğənni Arzum: “Sevdiyim oğlanla göbəkkəsdiyik” – MÜSAHİBƏ
24 aprel 2009 10:30 (UTC +04:00)

Müğənni Arzum: “Sevdiyim oğlanla göbəkkəsdiyik” – MÜSAHİBƏ

Gənc müğənni Arzum sevdiyi insanla ailə qurmağa hazırlaşır. Müğənni Lent.az-a müsahibəsində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. İfaçı həm sənətdə uğurlara imza atmaq istəyir, həm də ailə qurmaq şansını sınamaq...

-Arzum, sonuncu dəfə albom təqdimatı ilə mətbuatda diqqət mərkəzində oldun. İndi nə ilə məşğulsan?

- Hər həftə kimsəsiz uşaqlar evində silsilə konsert keçirirəm. Yeməkdən tutmuş, konsertin təşkilinə qədər hər şeyi mənə kömək edən təşkilatlarla birlikdə həyata keçiririk. 3 saylı uşaq evində, Binədə və evsizlər, yiyəsiz uşaqlar üçün konsert vermişəm. Gələn həftə isə fiziki cəhətdən qüsurlu uşaqlar üçün konsert verəcəm. Bunu mətbuat vasitəsilə işıqlandırmağa ehtiyac duymuruq. Yekunu işıqlandıracağıq. Nəticə maraqlı olacaq. Oradakı istedadlı uşaqlardan birini daha çox sevindirəcəm. Birlikdə duet oxuyacağıq.

- Niyə populyarla yox, səhnəyə yad biri ilə duet?

- Populyarla duet oxumaq, məncə, adi hala çevrilib. Ola bilsin, mən də gələcəkdə kiminləsə duet oxuyum.

- Hər halda, statuslu müğənnilərlə duet daha effektli alınar, elə deyilmi?

- Xalq artistləri, əməkdar artistlərdən danışmıram, onlarla tanınmaq üçün gərək özüm müraciət edim. Amma öz yaşıdlarım arasında mənimlə duet oxumaq istəyənlər var. Bizim nəsil kişi müğənnilərindən danışıram. Onlarla duet oxumaq istəmirəm.

- Niyə?

- Şayiədən qorxuram. Ümumiyyətlə, mən indiyədək kliplərimdə də oğlanlarla
çəkilməmişəm. İstəmirəm ki, dedi-qodu olsun. Elə tanınmaq istəmirəm, tək tanınmaq istəyirəm. Bir də irəlidə yaxın vaxtlarda, Allah qoysa, nişanım olacaq. Bu səbəbdən də mənə heç vaxt atam icazə verməyiib. Atam deyir, mən sənə inanıram, amma söz-söbhbətdən özünü qoru.

- Kiminlə nişanlanırsan?

- Bizim çox uzaq qohumuzdur. Yəni belə bir fikrimiz var, nişanlanaq.

- Elçilik olub?

- Bəli, olub.

- Məhəbbətlə qurulan ailə olacaq? Yəni aranızda sevgi var?

-Təbii ki. Məhəbbətsiz qurulan ailə tez dağılar. Mən anadan olmamışdan əvvəl ana-atamız bir-birlərini tanıyırdı.

- Sənin sənətdə qalmağının tərəfdarıdır, yoxsa əleyhdarı?

- İndi bu məsələlərlə bağlı onunla tez-tez danışırıq. Sənətdən ayrılmaq, hər şeyi bir anda itirmək istəmirəm. Zorla, güc-bəla ilə bu səviyyəyə çatmışam. Adamın heyfi gəlir, hər şeyi alın tərimlə qazanmışam. Görüm, davam etdirmək fikrim var.

- Mətbuat konfransında da dedin ki, qalmaqalla gündəmə gəlmək istəmirəm. Amma atmacaların da kifayət qədər güclü idi.

-Ad çəkmədim ki. Ad çəkəndə qalmaqal olur.

-Atmacaların hədəfi vardı?

- Yox, hədəfsiz idi. Mən fotomodeldən, musiqiçidən, rəqqasədən danışmıram. Mən üç-dörd ilə populyarlaşan müğənnidən danışaram. Bu adam nə toyundan qalır, nə də şou-proramdan. Amma mən artıq bir ildir ki, şou-proqramla getmirəm. Toylara isə seçib gedirəm. Bəziləri mənə deyir ki, gəncsən, sənə gələn çörəyi itələmə. İndidən gələcəyi fikirləşirəm ki, şou-proqrama nə qədər çox getsəm, tez adiləşərəm. Hətta şadlıq saraylarına qədər seçib gedirəm.

- Sevdiyin adam tədbirlərə səninlə gedib-gəlir?

- O Moskvada oxuduğuna görə tez-tez Azərbaycana gedib-gəlir. Nişanlımı gündəmə gətirmək istəmirəm. Əvvəlcədən onunla göbəkkəsdi idik.

- Xuraman Şuşalı da elan etdi ki, ərə gedəcəm, getmədi...

- Mən efirə çıxıb demirəm ki, ərə gedəcəm. Bir dəfə demişəm ki, ola bilsin, nişanlandıq.

- Bəlkə bu sənə yaxınlaşmaq istəyən kişilərdən özünü sığortalamaq üçün addımdır?

- Yox. Hərə öz mədəniyyətinə görə hərəkət edir. Qarşı tərəf mədəniyyətsizdirsə, doqquz uşaq anası olsan belə, yenə sənə qarşı mədəniyyətsiz olacaq. Elə şeylərdən qoxmuram, Həmişə də necə lazımdır o şəxslərin cavabını vermişəm. Sadəcə olaraq, iki yol arasında qalmışam. Fikirləşirəm, gəncəm, nəsə edə bilərəm. O biri tərəfdən düşünürəm ki, bu da bir şansdır, bunu da əldən vermək istəmirəm. Tərəddüd içində qalmışam. Hər halda, ortada ciddi bir şey var ki, valideynlərimiz bir-birinə söz veriblər.

- İlhamə Quliyeva ilə qohumluğunuz barədə söhbətlər hələ də gündəmdədir. Hətta İlhamə xanım bu iddianı yalanlasa belə yenə həmin iddia olaraq qalır.

- Ola bilər, amma bir söz deyim. Mən ilk dəfə gələndə ən gözəl sözləri o mənə deyirdi. Mənə İlham Quliyeva, anamın dayısı qızı, millət vəkili Aynur Sofiyeva, Fuad Dadaşov, Vahid Əziz kömək edir. Digərləri mənə sənətdə kömək edib, Aynur xanım xaricdən gözəl geyimlər gətirib. O indi öz ailəmizdir də. Bir fakt deyim ki, bir neçə gənc müğənni iki il ərzində sənətə yatırdığımız məbləği saydıq. Baxdım ki, məndən çox geridədir. Təbii ki, mənə kömək edən şöhrətli insanların sayəsində bu yerə çatmışam. 20 faiz yalnız özümündür, 80 faiz onların nailiyyətidir.

- Barəndə şayiə eşitmisən?

- Bu yaxınlarda haqqımda xəbər yazıblar ki, guya evimi hərraca qoymuşam. Gülməli məsələdir. Çünki ancaq başdan xarab ola bilər ki, evini hərraca qoysun. Mən ev almaq haqqında düşünmürəm. Ərə gedəndən sonra yəqin ərimin evində yaşayacam. Mənim anam, atam ağıllı insanlardır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2392

Oxşar yazılar